""Qarabağ"ın aşa bilməyəcəyi hansısa problem yoxdur"

""Qarabağ"ın aşa bilməyəcəyi hansısa problem yoxdur"
20:42 6 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Klublar Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərə müsahibəsində apasport.az-ın əməkdaşının da suallarını cavablandırıb

- "Qarabağ"ın son durumu, hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiz?

- Komandamızın son durumu hər bir klubun başına gələ biləcək hadisədi. Bunu "qara zolağa" düşmək kimi fikirləşmək də olmaz. Reallıqlar var. Son 3 matçı səfərdə keçirdik. Buna Gəncədən başladıq. Çox ağır bir matç oldu. Ardınca İtaliyada "Fiorentina" ilə oynadıq, sonra Qəbələyə gəldik. Bu, ağır bir "zolaq" idi. Statistikaya baxdıqda, komandanın pis oynamadığını da görürük. "Qarabağ"a dəstək olmaq lazımdı. Sadəcə, biz yox, "Qarabağ"sevər hər kəs.
 
- "Qara zolaq" deyirsiz. Bundan çıxmaq üçün nə etmək lazımdı?

- Mən belə demirəm. Eniş var. Bizim birliyimizlə komanda kimi aşa bilməyəcəyimiz hansısa problem yoxdu.
 
- Kapitan Rəşad Sadıqovun U-19 komandanıza baş məşqçi kimi getməsi istənilən kimi motivasiya oluna bilməsi ilə nəticələnə bilərmi? Hər halda, erkən təyinata görə fikri ordadı...

- Belə deməzdim. Sadıqovun həyatı futbolla bağlıdı. U-19 komandamızda əsas baş məşqçidi. Onun köməkçiləri də var, nəzarət edirlər. Məşqçilik karyerası üçün düzgün qərar olduğunu hesab edirəm. Gənclərin, gələcəkdə böyük futbolçu olacaq təmsilçilərimiz üçün bu həm də motivasiyadı. Amma orada işləməyin Rəşada hər hansı çətinlik yaradacağını fikirləşmirəm. Əksinə, "Qarabağ" üçün faydalı olacağına inanıram.
 
- Hazırda "Qarabağ"ın ən "yaralı yeri" mərkəz müdafiəsidi. Bədavi Hüseynovun yoxluğunda Elvin Yunuszadə ümidləri doğrultmadı. Bu məqamda 3 qapıçınız ola-ola, 4-cüsünü transfer etdiz. Fikirləşmirsiz ki, daha çox müdafiəçi lazım idi?

- Emil Balayev yaydan bizlə məşq edir. Onu yeni transfer kimi qiymətləndirməyi düzgün saymıram. Sadəcə, müqaviləni yeni bağladıq. Mərkəz müdafiəçisinin transferinə gəldikdə, bu barədə fikrimiz bəllidi. Baş məşqçimiz olan yerdə mənim hansısa futbolçunun transferindən danışmağım düzgün olmaz. Çatışmazlıqları hamımızdan yaxşı məşqçilər korpusu bilir. Balayevi yeni transfer kimi qiymətləndirməməyinizi xahiş edirəm. Biz onu gələcəyə hesablanmış bir addım kimi komandamıza gətirmişik.
 
- "Transfer pəncərəsi" avqustun 31-də bağlandı və Balayevi yeni transfer kimi qiymətləndirməməyizi istəyirsiz. Əgər onunla müqavilə bağlamaq istəyirdizsə, bunu həmin vaxta kimi niyə rəsmiləşdirmədiz?

- Almaniyada bir komanda ilə danışıqlar aparırdı və onlarla müqavilə bağlamaq ehtimalı vardı. Məsləhət oldu ki, bizimlə məşq etsin. Bu da Emil üçün bir şansdı.
 
- Balayevin gəlişi ilə digər 3 qapıçıdan birinin gedəcəyini düşünmək olarmı?

- Biz çox şey düşünə bilərik. Emil gəncdi, perspektivlidi. Buna görə də "Qarabağ"da olmasını istədik. Gələcəkdə kimin qalacağına, gedəcəyinə formasına görə baş məşqçi qərar verəcək.
 
- Millinin oyunlarına görə yaranan fasilə komandanın daha yaxşı hazırlığı üçün kifayət edəcək. Bu səbəbdən "Qarabağ" Avroliqada PAOK-la oyunda nəyə ümid edəcək?

- Layiqli nəticə istəyirik və bunun üçün çalışacağıq. 7 futbolçumuz millinin düşərgəsindədi. PAOK-la oyuna komandamız tam hazır çıxacaq.
 
- Tofiq Bəhramov adına Respublika stadionunun hazırkı vəziyyəti nə yerdədi?

- Yaxşıdı. Oyuna kimi əlverişli vəziyyətdə olacaq.
 
- Mövsümün gedişində əvvəlki problemlər yaşanmayacaq ki?

- Yox.
 
- Azərbaycan Premyer Liqasının oktyabrın 20-də olacaq "Sumqayıt"la oyununun da orada keçirəcəyiniz bildirilir.

- Buna hələ tam qərar verməmişik. Meydanın vəziyyətindən asılı olacaq.
 
- Fasilə dövründə yoxlama matçı keçirməyi planlaşdırmırsız ki?

- Xeyr. Bununla bağlı hələlik qərar qəbul olunmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR