Qadın ovçusu, "əxlaqsız rəssam" və faciəvi son - DAHİNİN HƏYATI

Qadın ovçusu, "əxlaqsız rəssam" və faciəvi son - DAHİNİN HƏYATI
10:34 7 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

 


Uzun boylu zərif qadın rəsmlərinin müəllifi kimi şöhrət tapan yəhudi əsilli italyan rəssamı Amadeo Modilyani ötən əsrin faciəli həyat yaşamış məşhurlarındandı.


Modilyani 1884-cü ildə İtaliyanın Livorno şəhərində doğulmuşdu. Livorno daha çox yeni tipli şəhər sayılırdı. Dənizçilik və gəmiqayırma sənayesinin mərkəzi olan bu yer həm də dini inanclarına görə qaçqın düşənlər üçün sığınacaq məskəni idi. Amadeonun ana babası Solomon Qarsin də dini baxışlarına görə təqib olunmuş və bu səbəbdən Livornoya köçmüşdü.
 

Modilyani yoxsullaşmış kübar ailənin sonuncu övladı idi. Onun ilkin təhsili ilə anası Flamino Amadeo məşğul olurdu. Flamino geniş dünyagörüşlü və açıqfikirli qadın idi. Övladının rəssamlığa olan meylini görən ana onu şəhərin  güclü rəssamlarından sayılan Gilyermo Mikellinin məktəbinə göndərir. Yeniyetmə Modilyani bu sənət məktəbində iki il təhsil alır. Burada o, müasir sənət cərəyanları ilə səthi, Renessans dövrü incəsənəti ilə isə ətraflı tanış olur. Modilyaninin müəllimi yaradıcılıqda əsasən, təbiət mənzərələrinə üstünlük verirdi. Dərnəkdə işlənən mövzular gənc Amadeonun ürəyincə olmadığından o, bu məktəbi tərk etmək qərarına gəlir.


Dəliqanlı, enerjisi aşıb-daşan gənc anasına bu yerlərdə həqiqi sənətin olmadığını, istedadının parlaması üçün İtaliyanın mədəniyyət mərkəzi olan Florensiyaya getmək istədiyini bildirir. Flamino oğlunun bu fikrini dəstəkləyir.


Florensiyaya köçən Modilyani burada “İnstitute de Belle Art” ali rəssamlıq məktəbinə daxil olur. Beləliklə, Amadeonun macəralı, təlatümlü və səfil həyatı başlayır.


Həddindən artıq sərbəst və üsyankar təbiəti, yaraşıqlı siması onu qadınların sevimlisi etmişdi. Lakin tələbəlik illərində az qala qapalı həyat keçirən rəssamı yalnız gecələr Florensiyanın küçələrində sərxoş, yaxud narkotiklə dumanlanmış vəziyyətdə görmək olardı. 
Dağıdıcı Nitsşe fəlsəfəsi ilə həyata meydan oxuyan bu çılğın adamı uşaqkən tutulduğu tuberkulyoz xəstəliyi qarabaqara izləyirdi. Xəstəliyə qarşı lazımi peyvənd və dərmanlar olmadığından, yoluxanların əksəriyyəti sağ qalmırdı. Dostlarının dediyinə görə, Modilyani tez-tez  öləcəyi haqda zarafatlar edirdi, görünür, xəstəliyi onu heç də həyəcanlandırmırdı. 


Pulsuzluqdan və art çevrələrdə ona edilən haqsızlıqlardan dolayı səfil həyata qurşanan Amadeo Florensiya və Venesiyada bir müddət yaşadıqdan sonra 1906-cı ildə Parisə yollanır.
Alkoqol, narkotik, qadınlar, kübar sənət qalareyalarında hoqqalar çıxartmaq Modilyaninin Paris həyatının əsas motivlərinə çevrilir.
Gənc rəssam böyük burjua mədəniyyətinin paytaxtı olan Parisin Monmartr bölgəsində yoxsul rəssam və heykəltaraşların məskunlaşdığı Kauilenkort küçəsində kirayə ev tutur.
Bir çox tənqidçilər Modilyaninin Monmartra gəlişini “az-çox qoruyub saxladığı akademik sənətkar obrazını səfil küçə rəssamı səviyyəsinə endirməsi dövrü” kimi qiymətləndirirlər.
Modilyaninin bütün rasionallıqlardan imtina edərək, qaydasız və düzənsiz yaşaması onu kənardan dəli kimi göstərirdi.


Parisdə Pikasso, Utrillo, Jan Kosteau kimi ünlü sənət adamları ilə tanış olan Modi onların aristokrat sırasına qoşulmağa qətiyyən can atmırdı.
 

O dövrdə rəssamlıqda yeni yaranmağa başlayan və xüsusilə Pikassonun yaradıcılığında yüksələn kubizm cərəyanı Modilyaninin diqqətini o qədər də cəlb etmirdi. Modini Paris rəssamlıq mühitindən aralı tutan səbəblərdən biri də bu idi. 
 

Modilyani ona vurulan və qısa eşq macəraları yaşadığı qadınların portretlərini çəkməyə üstünlük verirdi. O, həqiqi sənətin bütün sirlərinin qadın simasında gizləndiyinə inanırdı.


Pikasso zəngin və elitar dairələrin, Modilyani isə səfil və düzənsiz həyatın rəssamı idi. Bu iki rəssam arasında dərin rəqabət olsa da, onların qəribə yaxınlığı da vardı (aralarındakı ziddiyətli münasibət Maykl Devisin “Modilyani” (2004) filmində əhatəli canlandırıb).
 

Yetəri qədər vəsaiti olmadığından, üstəlik həmkarlarının qısqanclığı və paxıllığı ucbatından Modilyani əsərlərinin sərgisini təşkil edə və sata bilmir. Kirayələdiyi studiyanın pulunu vaxtında ödəmədiyinə görə studiyanın sahibi onu qovur. Tamamlaya bilmədiyi xeyli əsəri köhnə studiyada qalır. O, dostların köməyi ilə başqa bir yer kirayələyir. Lakin burada da maddi ehtiyaclar ondan əl çəkmir. Üstəlik, səhhəti getdikcə pisləşir, ağciyərləri alkoqol və nikotinlə zəhərlənərək, həyati funksiyasını itirməyə başlayır. Hər dəfə ağır xəstələnəndə Livornoya, anasının yanına qayıdır, xəstəlik yaxasını müvəqqəti buraxan kimi dərhal Parisə dönürdü.
 

Haqqında cürbəcür şaiyələr gəzir, onu “istənilən qadını başdan çıxarmağı bacaran sehrkar ovçu” adlandırırdılar.
 

Modilyani 1909-cu ildə, Parisdə heykəltaraş Brankusi ilə tanış olur. Brankusi dostuna Afrika heykəlləri və maskalarını göstərir. Üz cizgiləri dartılmış, oval formalı incə qadın sifəti təsvirləri Modilyaniyə qeyri-adi təsir bağışlayır. O, düz dörd il Brankusi ilə birlikdə heykəltaraşlıqla məşğul olur.
Xəstəliyi imkan vermədiyindən Modilyani heykəltaraşlıqla vidalaşır. Lakin çəkdiyi əksər rəsmlərdə qədim Afrika heykəl sənətinin izlərini əks etdirməyə davam edir.
 

1915-17-ci illərdə Modilyaninin yaradıcılığında çılpaq qadın rəsmləri yer almağa başlayır. Modilyani təsvirlərdə qadın bədəninin simmetriyasını, fizionomik quruluşunu cəsarətlə göstərir.
 

Həyatında saysız hesabsız qadınla eşq sərgüzəşti yaşamış Modilyani 1917-ci ildə ömrünün sonunadək onu tərk etməyən Janna Ebuternlə tanış olur. Sərsəri rəssama vurulan 19 yaşlı Janna Parisin nüfuzlu ailələrindən birinin qızı idi. Ailəsi qızlarının sevgi macərasından xəbər tutan kimi Jannaya Modilyani ilə görüşmək qadağası qoyur. Janna ailəsinə qarşı çıxır və nəticədə, evdən qovulur.
Modilyaninin ilham pərisi olan zərif Janna öz sevgisi ilə rəssamın həyatını işıqlandırır. Sevgilisini ruhdan düşməyə qoymur, onu yeni rəsmlər çəkməyə həvəsləndirir. Janna ilə tanış olduğu il Modilyani ilk böyük uğurunu qazanır. Sevdiyi qadının və şair dostu Zborovskinin dəstəyi ilə o, ilk rəsm sərgisini açır. Sərgi 1917-ci ildə Parisin “Latiffe” küçəsindəki “Bert Veyl” Qalareyasında nümayiş olunur. Alıcıların sayı az olsa da, buradakı rəsmlər sənət adamlarının və ictimaiyyətin diqqətini çəkir. Lakin rəssama bu nailiyyəti də çox görürlər. Paris polisi sərgidəki çılpaq qadın rəsmlərinin “əxlaqa zidd olduğu”nu əsas gətirərək, sərgini qapadır.
 

1918-ci ildə Amadeo ilə Jannanın ilk övladı Ceyn dünyaya gəlir. Modilyaninin uşaqlıqdan yoluxduğu ağır infeksiya bu dönəmdə yenidən baş qaldırır və Zborovskinin yardımı ilə ailə Nitsə köçür. Ağır xəstə olan rəssam ölümündən sonra ona dünya şöhrəti qazandıracaq əsərlərini burada çəkir.  Rəsmlərindən bəzilərini  turistlərə sataraq birtəhər dolanır. Burada da yaşaya bilməyən Modilyani 1919-cu ildə yenidən Parisə dönməyi qərara alır.
1920-ci ilin oktyabrın 24-də qonşular rəssamın neçə gündür görünmədiyindən şübhələnirlər. Naəlac qalıb evə daxil olan qonşular, rəssamı yataqda yüksək qızdırma içində sayıqlayan  görüb dərhal həkim çağırırlar. Həkim artıq son nəfəsdə olan rəssamı xilas edə bilməyəcəyini söyləyir. Həmin gün Modilyani ölür. Ertəsi gün dəhşətli xəbəri alan Modilyaninin qadını Janna yüksək binaya qalxaraq, özünü oradan atır. Güclü ruhi sarsıntıdan ağlını itirmiş qadın özü ilə birgə, bətnindəki doqquz aylıq körpəsinin də hələ başlanmayan həyatına son qoyur...
Modilyani ilə Jannanın yetim qızlarını vaxtilə Jannanı evdən qovmuş ailəsi himayəyə götürür. Modilyaninin əsərləri isə ölümündən bir az keçmiş böyük şöhrət qazanaraq, görünməmiş  tirajla satılır...




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR