Qüds - hər şeyin başladığı və və bitəcəyi şəhər

Qüds - hər şeyin başladığı və və bitəcəyi şəhər
11:47 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Qüds. 7 oktyabr. REPORT.AZ/ "Report" agentliyi Qüds şəhəri barədə hazırlanmış reportajı sizə təqdim edir:
Hər şeyin başladığı və və bitəcəyi şəhər
Dünyada üç əsas dinin hamısı - islam, xristianlıq və yəhudi dinləri üçün bu qədər vacib olan başqa yer tapmaq olmaz. Bu yer məhz Qüds şəhəridir. 4 min il bundan qabaq salınan şəhər tarixən müxtəlif hökmdarların nəzarəti altına keçsə də, mənəvi əhəmiyyətini itirməyib.
Xristianların inancına görə, Allah-təala Yer kürəsini yaradarkən ora daş atıb, dünya həmin daşdan formalaşıb və bu daş Qüdsün olduğu yerə düşüb. Hazırda bu daş Qübbətüs-Səhra məscidindədir. Şəhərin ortasında uzanan dərə Qüdsün köhnə hissəsini yenisindən ayırır və o, bütün dünyada Gehenna (cəhənnəmin xristian və yəhudi dinlərindəki analoqu - red.) adı ilə tanınır. Rəvayətə görə, Qiyamət günündə bu dərə aralanacaq və cəhənnəm alovu günahkar bəndələri öz ağuşuna çəkəcək. Əməlisalehlərin ruhları isə tük kimi nazik Sirat körpüsündən keçib cənnətə gedəcək.
Hamının qarışdırdığı Əl-Əqsa məscidi
Çox az adam bilir ki, İslamın yarandığı ilk vaxtlar müsəlmanlar dualarını edərkən, namazlarını qılarkən məhz Əl-Əqsa məscidini istiqamət seçərdilər. Bu gün qeyri-müsəlmanların girişinə qadağa qoyulan Məbəd dağında iki məscid var. Onlardan biri qızılı günbəzə malikdir və onu Əl-Əqsa məscidi ilə səhv salırlar. Ancaq əslində Əl-Əqsa məscidi yaxınlıqda yerləşir, sadəcə, ilk baxışdan nəzərə çarpmır. Bu məscid "Məscidül-Həram" məscidindən (Kəbənin daxilində olduğu) və Mədinədəki Peyğəmbər məscidindən sonra müsəlmanlar üçün əhəmiyyətinə görə, üçüncü məsciddir. Onun içərisinə daxil olarkən insan dərhal mənəvi rahatlıq, dinclik hiss edir. Bu gün məscid İsrailin nəzarət etdiyi ərazidə yerləşsə də, İordaniya ilə razılaşmaya əsasən, məscid və Qüdsdəki bütün müsəlman ziyarətgahları İordaniyanın himayəsi və nəzarəti altındadır.
Açarları müsəlmanda olan xristian kilsəsi
Əl-Əqsa məscidi müsəlmanlar üçün müqəddəs yerdirsə, xristianlar üçün belə yer altı xristian kilsəsi - yunan-pravoslav, katolik, koptik, suriya, efiop və erməni kilsəsi tərəfindən istifadə olunan Müqəddəs məqbərə məbədidir. Məbəd İsa Məsihin çarmıxa çəkildiyi Qolqofa (və ya Kalvariya) təpəsində yerləşir və əsrlər boyu milyonlarla xristianın ziyarət etdiyi məkana çevrilib. Pasxa zamanı xristianlara nazil olan müqəddəs alov da bu məbəddə alovlandırılır.
Bu ziyarətgahı, həm də barışıq rəmzi adlandırmaq olar. İş ondadır ki, xristian icmalar uzun müddət davam edən mübahisələrdən sonra məbəd ərazisində hansısa dəyişiklik etməyin qadağan olunmasıyla bağlı konsensusa gəlib. Bunun parlaq nümunəsi isə Tərpənməz nərdivandır. Hər şey Osmanlı sultanı III Osmanın imperiyanın pravoslav əhalisi arasında narahatlığın qarşısını almaq istəyi ilə katoliklərin hüquqlarının məhdudlaşdırılması və Müqəddəs məqbərə məbədində hər iki cərəyanın bərabər hüquqa malik olması barədə xüsusi fərman imzalaması ilə başlayıb. Fərman 1852-ci ildə yenidən təsdiq edilib və o vaxtdan bəri tərəflər status-kvonu qoruyur. Elə o vaxtdan bəri nərdivan əvvəlcədən olduğu yerdə saxlanılır. Ən maraqlısı isə ondadır ki, məbədin açarları xristian yox, müsəlman ailəsinə verilib. Açar bu gün də həmin ailədə saxlanılır.
Ağlama divarı
Bu gün dünya əhalisinin bir qismi Qüds sözünü yəhudilərin ən müqəddəs ziyarətgahı olan Ağlama divarı ilə assosiasiya edir. Ağlama divarı Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqlarıdır. İnanca görə, daşlar arasına kağızda arzunu yazıb qoyarsansa və hər iki əlini divara qoyub nəyisə ürəkdən arzulayarsansa, istəyin mütləq gerçəkləşir. İnanclarda hətta bu yolla Tanrı ilə bir qədər ünsiyyət qurmağın mümkünlüyü də öz əksini tapır. Qeyd etmək lazımdır ki, kişilərdən fərqli olaraq, qadınlar ayrı-ayrılıqda dua edirlər.
Kövrək status-kvo və şəhərin müasir statusu
Qüds üç din üçün müqəddəs yer olduğundan, Köhnə şəhər çox ciddi mühafizə olunur. İsrail polisinin mətbuat katibi Miki Rozenfeldin Qüdsə səfər edən bir qrup azərbaycanlı jurnalistə verdiyi məlumata görə, bütün şəhər boyu müşahidə kameraları quraşdırılıb və onlar istənilən xoşagəlməz olayı üzə çıxarmağa imkan verir. Bundan əlavə, şəhər perimetri üzrə kiçik polis qrupları mövcuddur ki, onlar zərurət yaranarsa, dərhal olaya müdaxilə etməyə hazır vəziyyətdə olur. Qeyd etmək lazımdır ki, şəhərdəki status-kvoya əsasən, İsrail polisi və hərbçilərinə məscidə girmək qəti qadağandır.
Qüdsün üç din üçün müqəddəs şəhər olması sanki, həm də onun lənətidir. Təəssüf ki, şəhər əsrlər boyu nifaq mənbəyi olaraq qalıb, onun uğrunda münaqişə və müharibələr olub və hazırda da davam edir.
















Xəbərin orijinal ünvanı: http://report.az/multimedia/quds-her-seyin-basladigi-ve-ve-biteceyi-seher-fotoreportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR