Bu məsələ Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığı məhdudlaşdıracaq

Bu məsələ Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığı məhdudlaşdıracaq
14:12 7 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

"İsgəndər" raketlərinin Ermənistanda peyda olmasına müvafiq reaksiya veriləcək.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, "İsgəndər" operativ-taktiki raket kompleksinin (OTRK) Ermənistana məxsus olması məsələsi hələ də qeyri-müəyyən olaraq qalır: "Rusiyanın hərbi dairələri bu məsələdə susurlar. Rusiyanın Ermənistandakı səfiri Volınkin isə məsələdən yayınaraq deyib ki, bu yaxınlarda İrəvanda hərbi paradda nümayiş olunan hərbi texnika Ermənistan silahlı qüvvələrinə məxsusdur, amma "İsgəndər" raketlərinin verilməsi (satılması) faktını birbaşa təsdiqləməyib".

Politoloqun fikrincə, əgər hətta onlar Ermənistana verilibsə də, ermənilər ondan müstəqil şəkildə istifadə etmək səlahiyyətində deyillər: "Kosmik tuşlama sistemi olmadan, atılmış raketlərin yerini doldurmadan, şəxsi heyətin hazırlığı və s. olmadan  bir "İsgəndər" divizionu az səmərəlidir və qorxuducu potensiala malik deyil. Görünür, "İsgəndər" OTRK-ların uçuş orientasiyasının və tuşlamasının proqram açarı Rusiya komandanlığının əlində qalır. Lakin bütün hallarda bizim Moskvadan hesab sormağımıza bəzi şeylər var. Çünki Rusiya özünü Azərbaycanın strateji tərəfdaşı kimi göstərir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçi kimi çıxış edir. Axı müdafiə olunan obyektlərə uzaq məsafədən təxribatçı ilk zərbə silahının bu cür verilməsi halları BMT TŞ və Baş Assambleyasının qətnamələrinin əksinə olaraq Azərbaycanın işğal olunmuş rayonlarından silahlı qüvvələrini çıxarmaq istəməyən erməni dairələrini gücləndirir".

R.Musabəyov bu raketlərin Ermənistanda olmasının mümkün səbəblərini də açıqlayıb: "Təxmin edirəm ki, "İsgəndər" OTRK divizionu Ermənistana Suriya ilə sərhəddə Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi zaman göndərilib. İndi, Moskva ilə Ankara arasında münasibətlərin qaydasına düşdüyü zaman, "İsgəndər" OTRK-ların Türkiyə ilə sərhəddə yerləşməsi məlumatının üzə çıxması Ərdoğan hakimiyyəti, həmçinin NATO komandanlığı və ABŞ tərəfindən mənfi qarşılana və adekvat reaksiya cəlb edə bilərdi. "İsgəndər" OTRK-ların Ermənistana verilməsi bu silahın həqiqi sahibini maskalayır, eyni zamanda erməni müttəfiqlərində antirusiya əhval-ruhiyyəsini azaltmalıdır".

Millət vəkili hesab edir ki, adi halda Rusiya "İsgəndər"lərin Ermənistana verilməsi ilə bağlı Azərbaycanın narazılığını yalançı izahlar və öz yeni silah partiyasını verməklə bunu kompensasiya etmək barədə təklifləri ilə aradan götürməyə çalışacaq: "Düşünmürəm ki, bu qəbul edilsin. "İskəndər"lərin Ermənistana verilməsi əgər Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığa tam son qoymasa da, keyfiyyətcə onu məhdudlaşdıracaq. Bizə Ukrayna, Türkiyə və Pakistanla kooperasiya şəklində öz şəxsi raket proqramımızı inkişaf etdirmək daha yaxşı olardı. İsraildən "Dəmir qübbə" RƏM-i və digər texnoloji silah sistemlərini əldə etmək üçün real danışıqlara başlamaq da məqsədəuyğundur".

R.Musabəyov əlavə edib ki, nüvə başlığı ilə təchiz edilməyən "İsgəndər" OTRK divizionu çoxdan müasir silahlar üzrə həm say, həm də keyfiyyətcə çoxdan Azərbaycanın xeyrinə olan hərbi balansı Ermənistanın xeyrinə dəyişmir, hətta tərəflərin potensialını bərabərləşdirmir: "Azərbaycanın "Smerç", "Qasırğa" yaylım atəş reaktiv sistemləri, həmçinin "Toçka-U" raketləri ilə düşmənin ərazisindəki istənilən hədəfi, o cümlədən İrəvanı vurmaq imkanlarından fərqli olaraq "İsgəndər" raketləri Ermənistandan Bakıya çatmır. "İsgəndər"ləri Dağlıq Qarabağda yerləşdirmək və oradan Bakını vurmaqla hədələmək isə o qədər provokasiondur ki, bunu erməni forpostunun davranışlarına nəzarət edən Moskvanın özü də etməyə imkan verməz. Ona görə də "İsgəndər" OTRK-lar Ermənistanın silahlanmasında daha çox psixoloji təsirə hesablanıb. Amma həyat Azərbaycana çox şeyi öyrədib. Allaha şükür, biz qorxaqlardan deyilik".

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR