Bakı və Abşeronda torpaqlardan istifadə ilə bağlı reyd keçirilib

Bakı və Abşeronda torpaqlardan istifadə ilə bağlı reyd keçirilib
15:52 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün Abşeron rayonu və Bakı şəhərində torpaqların qanuna zidd istifadəsi, heç bir sənəd olmadan özbaşına zəbti, hasarlanması ilə bağlı reyd və monitorinqlər keçirib.
Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, Abşeron rayonunun Qobu və Saray qəsəbələrində keçirilən reydlər zamanı ümumilikdə 7 hektardan çox əkin və örüş torpaqlarında müxtəlif təyinatlı tikinti işlərinin aparılması halları müəyyən edilib. Məlum olub ki, Qobuda fiziki şəxslər tərəfindən belə torpaqlarda yaşayış kompleksi, beton zavodu və anbar tikilib. Saray qəsəbəsində isə örüş sahəsində fiziki şəxs tərəfindən avtoservis binasının tikintisi aparılıb.
Bakının Xəzər rayonunda da pozuntu hallarına rast gəlinib. Belə ki, Zirə, Türkan qəsəbələrində kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının kobudcasına dəyişdirilməsi faktı aşkar edilib. Burada ümumilikdə 100 hektara yaxın örüş sahəsində müxtəlif fiziki və hüquqi şəxslərin tikdiyi daş karxanaları müəyyən olunub. Üstəlik 100 hektar torpaq sahəsinin hamısının sənədləşdirilmədiyi, heç bir sənəd olmadan 40 hektar sahənin özbaşına zəbt olunması faktı aşkarlanıb. Xəzər dənizinin mühafizə zolaqlarında monitorinqlərin aparılması nəticəsində isə Hövsan və Türkan qəsəbələrinin dəniz sahili zonalarında özbaşına hasarlamalar və sahilə gediş-gəlişin məhdudlaşdırılması aşkar edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-ve-abseronda-torpaqlardan-istifade-ile-bagli-reyd-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR