“Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda "dəyirmi masa" keçirilib

“Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda "dəyirmi masa" keçirilib
17:57 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda "dəyirmi masa" keçirilib. 
Bu barədə “Report”a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.
Tədbirdə dövlət orqanları, ali təhsil və elmi-tədqiqat müəssisələri, qeyri-hökumət təşkilatları və sahibkarların ictimai birliklərinin nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi uşaqların, yeniyetmə və gənclərin vergi sahəsində biliklərinin artırılmasına xüsusi önəm verir: “2004-cü ildən Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi arasında qurulmuş səmərəli əməkdaşlıq çərçivəsində indiyədək müxtəlif layihələr həyata keçirilib. Belə ki, gənc nəslin, təhsil müəssisələrinin şagird və tələbələrinin vergilər haqqında bilik və anlayışlarının artırılması, onlarda vergi mədəniyyətinin formalaşdırılması və vergilərə aid dərs vəsaitlərinin tədrisini səmərəli şəkildə həyata keçirmək məqsədilə ümumtəhsil məktəblərində vergilərə dair 54 metodiki kabinet təşkil edilib, Bakı şəhərindəki 4 və 18 saylı peşə liseylərində müasir avadanlıqlar və vergilərə aid əyani vasitələrlə təchiz olunmuş “Vergi tədris otaqları” istifadəyə verilib. Bununla yanaşı, hər il orta məktəb şagirdləri və ali məktəb tələbələri arasında bilik yarışları və olimpiadalar keçirilir”.
Azərbaycanın Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramında, ölkə Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamında ölkənin inkişafı üçün aparılan islahatların gündəmində məhz insan faktoru prioritet kimi qəbul edilib və kadr hazırlığının gücləndirilməsini ön plana çəkib.
"Dəyirmi masa"da çıxış edən millət vəkili Ziyad Səmədzadə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb, vergi orqanlarında insan resurslarının inkişafı istiqamətində aparılan işləri təqdirəlayiq hesab edib.
“Vergi sahəsində kadr hazırlığı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masanın keçirilməsində məqsəd müvafiq istiqamətdə fəaliyyətin səmərəliliyinin artırılması, vergi sahəsində kadrların hazırlanması, yeniyetmə və gənclərə vergi sahəsində biliklərin verilməsi istiqamətində görülmüş işlər və gələcəkdə həyata keçirilməli tədbirlər barədə müzakirələrin aparılması olub.
Tədbirdə təlim və insan resursları sahələrində təcrübə mübadiləsi aparılıb, yeni tendensiyalar və təlim strategiyalarına ümumi yanaşmaların müəyyən edilməsi, eləcə də bu sahələrdə tətbiq edilən metod və texnologiyalar və onların təkmilləşdirilməsinin yolları barədə müzakirələr keçirilib. Bundan başqa, son dövrlərdə vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vergi sahəsində əldə olunan böyük uğurlar, onun səmərəliliyinin daha da artırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsi haqqında məlumatlar dinlənilərək, bu nailiyyətlərin əldə edilməsində vergi orqanlarında kadr potensialının gücləndirilməsinin mühüm əhəmiyyətinin olduğu vurğulanıb.
Tədbirdə maliyyə-vergi sahəsində kadr hazırlığı prosesində rast gəlinən problemlər, nəzəriyyə ilə praktikanın əlaqələndirilməsi, Vergilər Nazirliyinin kadr hazırlığı sahəsində fəaliyyətinin əsas istiqamətləri və təlim sahəsindəki nailiyyətləri haqqında geniş müzakirələr aparılıb, müvafiq biliklər əldə olunub.
Tədbir iştirakçılarına Vergilər Nazirliyində insan resurslarının inkişaf strategiyası, təhsilin idarə edilməsi sisteminin formalaşdırılması, təlim və tədrisin vergi orqanlarının tələbatlarına uyğunlaşdırılması, tədris prosesində mütərəqqi təlim metodlarından və alətlərindən istifadənin təmin edilməsi, biliklərin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi, tədrisin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi, bu sahədə həyata keçirilən tədbir və layihələr, mövcud beynəlxalq əməkdaşlıq və qazanılan uğurlar haqqında məlumat verilib.
Tədbirdə vergi orqanlarında kadr hazırlığı ilə bağlı müzakirələr aparılıb, mövcud problemlər təhlil edilib və bu sahədə yeni inkişaf istiqamətlərinin müəyyənləşməsi ilə bağlı təkliflər verilib.


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vergi-sahesinde-kadr-hazirligi-problemler-ve-perspektivler-movzusunda-deyirmi-masa-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR