Natiq Əliyev Dünya Enerji Konqresinə qatılacaq

Natiq Əliyev Dünya Enerji Konqresinə qatılacaq
19:08 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 9-13-də İstanbulda keçiriləcək XXIII Dünya Enerji Konqresində iştirak edəcək.

Bu barədə Publika.az-a Energetika Nazirliyindən məlumat verilib.

B.Albayrak tərəfindən ünvanlanan məktubda deyilir: “Geostrateji baxımdan fərqli ölkələri birləşdirən Türkiyənin əsas hədəflərindən biri enerji mərkəzinə çevrilməkdir. İstanbul qlobal enerji məsələlərinin müzakirəsi və dünya miqyaslı enerji liderlərinə ev sahibliyi etməsi üçün də uyğun bir məkandır. Konqresə qatılaraq fikirlərinizi türk və beynəlxalq ictimaiyyətlə bölüşməyiniz bizi şərəfləndirəcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, bu ölkənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın ev sahibliyi və 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq konqres çərçivəsində 60 iclas keçiriləcək.

Konqres çərçivəsində Natiq Əliyevin Balkan ölkələrinin energetika nazirləri ilə də görüşü nəzərdə tutulur. Türkiyə, İtaliya, Yunanıstan, Albaniyanın energetika nazirləri ilə planlaşdırılan görüşdə “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti və layihənin vaxtında yekunlaşdırılmasını zəruri edən məsələlərlə əlaqədar fikir mübadiləsi aparılacaq.

1924-cü ildən bəri hər 3 ildən bir təşkil olunan Dünya Enerji Konqresi bu dəfə Türkiyədə “Yeni sərhədlərə çıxış” mövzusunda keçiriləcək.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/171357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR