Nə Avropa Oyunları? Nə idmana qayğı?

Nə Avropa Oyunları? Nə idmana qayğı?
20:47 7 Oktyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya idman 2000-ci illərin ortalarından bu yana ilk dəfə qlobal miqyasda pul qıtlığı ilə üzləşib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,Rusiyanın üzləşdiyi iqtisadi böhran və durğunluq peşəkar idmana da birbaşa təsir edib. Dövlət və fərdi investorlar komandaları saxlamağa, beynəlxalq yarışları keçirməyə pul tapa bilmir.

Hələ bu yaxınlara qədər Rusiya praktiki olaraq avropalıların mənasız hesab edib başlarından elədikləri bütün turnirlərə ev sahibliyi edirdi, ancaq maliyyə vəziyyətinin kəskin pisləşməsi hökuməti pulları saymağa məcbur edib. Rusiya hökuməti bu il və gəln il üçün dövlət büdcəsində idmana ayrılan pulları kəskin azaldıb. Baxmayaraq ki, ölkə 2018-ci ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməlidir. İdman xərclərinin strukturuna əsasən ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı üçün vəsait 2015-ci ilə nisbətən bu il az qala iki dəfə azalıb.

Hökumət büdcə kəsirini yamamaq üçün xaricdən borc axtardığı bir vaxtda regionlar da öz büdcələrini ixtisar edirlər, ilk növbədə ixtisar olunan isə idman xərcləridir. Hansı ki, bu yaxınlara qədər idmanın inkişafı dövlətin az qala bir nömrəli vəzifəsi elan edilmişdi.

Proqnozlara görə idmana ayrılan pullar bundan sonra da azaldılacaq. 2018-ci il büdcəsində idmana və bədən tərbiyəsinə ayrılan pulların 2015-ci ildə ayrılan vəsaitə nisbətən 67 faiz az olacağı proqnozlaşdırılır. Üstəlik inflyasiya da nəzərə alanda azalma ikiqat olacaq.

Rusiya 2014-cü ildə Soçidə Qış Olimpiya oyunlarının keçirilməsi və 2018-ci il futbol çempionatına ev sahibliyi üçün milyardlarla dollar xərcin altına ona görə girmişdi ki, ölkənin beynəlxalq arenada imicini yaxşılaşdırsın. Lakin Rusiya idmanı ətrafındakı son dopinq maxinasiyaları ilə bağlı qalmaqalları nəzərə alanda belə imic haqda indi heç danışan yoxdur.

Bu ilin martında idman naziri Vitali Mtko qəti elan etdi ki,Rusiya ikinci Avropa Oyunlarına ev sahibliyi etməyəcək. Hansı ki, Birinci Avropa Oyunları Bakıda keçiriləndə ikinci oyunlara əsas namizəd Rusiya idi, oyunların Kazan, Soçi və ya Permdə keçirilməsi nəzərdə tutulurdu. "İndiki beynəlxalq vəziyyət və iqtisadi situasiya bu cür yarışların Rusiyada keçirilməsi üçün əlverişli deyil"-Mutko Avropa Oyunlarına marağın itdiyini təsdiqləyərək deyib.

İndi isə Avropa Oyunlarının baş ideoloqu və bu oyunların əsasını qoyan Patrik Hikki Braziliyada bilet alverinə görə ev dustağıdır. O, Rio-de-Janeyroda həbs olunandan sonra bütün idman vəzifələrindən istefa verib. Avropa Olimpiya Komitəsi ikinci oyunların hansı ölkədə keçirilməsini sentyabrın 1-də elan etməliydi. Lakin Rusiyanın bu oyunlardan qəti imtina etməsi, habelə heç bir ölkənin namizədliyini irəli sürməməsi İkinci Avropa Oyunlarının keçirilməsini şübhə altına alıb.

Hazırda Rusiyada bir çox idman sahələri, o cümlədən velosiped idmanı, qış idman növləri ciddi maliyyə çətinlikləri içərisindədir. Məsələn, qış idmanının əsas sponsorlarından olan biznesmen Georgi Bejamov Rusiyadan qaçıb, Monakoda gizlənir. Onu mənimsəmədə ittiham edirlər. Digərlərinin isə biznesində işlər ciddi axsamağa başlayıb. Pulların azalmasının nəticəsidir ki, qış idman növlərinə cəlb olunmuş tanınmış xarici məşqçilər aylardır maaş almır.

Pulun azalması bir yana, o biri tərəfdən də Qərblə münasibətlərin gərginləşməsi, dopinq qalmaqallarından  Rusiyanı nüfuzdan salmaq üçün istifadə edən beynəlxalq təşkilatlar işləri korlayır.  Məsələn, Beynəlxalq Olimpiya Komitəsi bu ilin iyul ayında bəyan edib ki, dopinq qalmaqallarına görə Rusiyada beynəlxalq yarışların keçirilməsinə dəstək verməyəcək. Komitə beynəlxalq federasiyaları Rusiyadakı iri yarışlara hazırlıqlardan imtina etməyə çağırıb. Ancaq federasiyalar bu çağırışlara məhəl qoymur, çünki bir çox turnirlərə Rusiyadan başqa iddiaçı yoxdur.

Hazırda Qərb idman sahəsində Rusiyaya qarşı sistemli hücumlar edir və bütün bunlar, eyni zamanda pulların azalması ölkənin indiyədək əldə etdiyi idman nailiyyətlərinə ciddi zərbə vurur. Hətta futbol üzrə 2018-ci il çempionatını boykot etmək çağırışları səslənir. Başqa sözlə, neft gəlirlərinin yüksək olduğu dövrlərdə Rusiyanın dünyanın idman derjavasına çevrilməsi üçün  milyardlarla dollara başa gələn səylərə indi həm sanksiyalar, həm iqtisadi durğunluq səbəbindən ciddi zərbə dəyib...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR