Lütfən, gəlin müsəlman olaq...

Lütfən, gəlin müsəlman olaq...
21:32 7 Oktyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

İman dinin yarısıdır deyirlər. Allaha, peyğəmbərlərə, mələklərə, səmavi kitablara iman. Dinin inanc tərəfi iman, təqva və dünyagörüşüdür. İmanlı, təqvalı müsəlmanın qəlbində Allah sevgisi bütün hisslərin fövqündədir. Allah sevgisi din, etnik, irqi mənsubiyyət fərqi qoymadan insanları sevməkdir, Vətənini sevməkdir. Allah sevgisi yardımlaşmaqdır, xeyirxahlıqdır, mərhəmətdir, ədalətdir, həqiqəti olduğu kimi görməkdir, elmdir, bir insanı sevindirməkdir, yetim haqqını yeməməkdir, bəndə haqqına girməməkdir. Allah sevgisi dindən daha ucadır...  

Din Allahla bəndə arasında vasitəçi ola bilməz. Din sadəcə yaşam tərzidir, əxlaq normalarıdır, mənəvi dəyərdir. İnsanın ibadəti də özü ilə Allah arasındadır. İbadət nümayiş etdirdikdə isə səmimilikdən uzaqlaşır. İnsanlarla xoş rəftar, elm öyrətmək, xəstə ziyarəti, xeyirxahlıq, mərhəmət, yardımlaşma, digər din mənsublarına hörmət, xeyir əməllərə çağırmaq və səbəb olmaq. Bunlar ibadətin ən gözəl təzahürləridir. İbadət könüllərdədır. 

Din, əqidə, məzhəb bütün hallarda insanlığa, xoşgörüyə, həmrəyliyə xidmət etməlidir. Din xurafatdan, radikallıqdan, qorxudan, işgəncədən, zülümdən uzaq olmalıdır.  Müsəlmanlar yüz illərdir müxtəlif dini bayramlarını və matəm mərasimlərini keçirirlər. Məzhəb yönümündən asılı olaraq müxtəlif ölkələrdə fərqli-fərqli qeyd olunur.

Eyni zamanda, bayram və matəm günlərinə yanaşma da müxtəlifdir. Mərasimlərin keçirilməsində həddindən artıq ifratçılığa, dini əsası olmayan əməllərə yol verilməsi, bir çox hallarda insanlara mənəvi-psixoloji zərbə vuran hərəkətlər edilməsi, bunun dinlə əlaqələndirilməsi insanlarda islam dininə, müsəlmanlara qarşı mənfi rəy formalaşdırır və dinin əsl mahiyyətini anlamaqdan uzaqlaşdırır.  

İbadət edərkən, müxtəlif dini ayinləri yerinə yetirərkən dinə yad elementlər gətirilməməlidir, bu ibadət mədəniyyət, dünyagörüşü, elm, yaşam  fərqi yaratmamalıdır. İnsanları psixoloji təzyiqə məruz qoymamalıdır, çəkingən və fərqli etməməlidir. Bütün bunlar üçün hər bir müsəlman ilk növbədə imanlı və təqvalı olmalıdır. İman və təqvadan uzaq olan müsəlman deyil.

Allahı sevək, müsəlman olaq....

Yaqut Əliyeva
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR