Azərbaycanda bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb

Azərbaycanda bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb
01:32 8 Oktyabr 2016
321 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə, statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılıb. 2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb".
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.
O bildirib ki, məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.
"Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib", - deyə Komitə sədri əlavə edib.
Onun sözlərinə görə, kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında başlanılacaq.
"Məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin, sosial ədalət prinsipi təmin edilməklə, imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün, razılığınız olduğu təqdirdə, müvafiq tədbirlər görüləcək.
Bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və s. obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməlidirlər. Bu isə 94 min abonent deməkdir", - deyə Əli Həsənov bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-bezi-mecburi-kockunlere-imtiyazlarin-tetbiqi-dayandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR