"Azərbaycan yığması indi daha yaxşı komandadır"

"Azərbaycan yığması indi daha yaxşı komandadır"
12:52 8 Oktyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

"Qrupumuzun ən güclüsünün Almaniya yığması olduğunu hamı bilir. Onlar səhv buraxmırlar. Odur ki, Almaniyaya məğlubiyyətdə qəbahət görmürəm".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç yığmasının müdafiəçisi Veqar Hedenstad deyib.

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan norveçlilər növbəti görüşlərini məhz millimizə qarşı keçirəcəklər.
 
Ölkəsinin mətbuatına müsahibə verən Hedenstad bu görüşlə bağlı fikirlərini bölüşüb. 25 yaşlı futbolçu millimiz barədə müsbət fikirlər səsləndirsə də, hədəflərinin qələbə olduğunu qeyd edib: "Seçmə mərhələnin ilk oyunundakı yenilgidən sonra üzərimizdəki təzyiq daha da artıb. Odur ki, dəyişiklik etmək lazımdır. Azərbaycanla oyunda qələbə qazanmaqla uğursuz tendensiyanı qırmalıyıq. "Qara zolaq"dan çıxmağın ən asan yolu budur. Qalib gəlməyə borcluyuq. Özü də təkcə Azərbaycanı yox, San-Marinonu da məğlubiyyətə uğratmalıyıq. Lakin Azərbaycan yığması əvvəlki seçmə mərhələ ilə müqayisədə indi daha yaxşı komandadır. Bakıda onlara qarşı oynamaq, xüsusilə, çətindir. Odur ki, bizi gərgin qarşılaşma gözləyir. Səfərdə böyük təzyiqlə üzləşəcəyimizi düşünürəm".
 
Hedenstad yığmada üzləşdikləri təzyiqin onlara problem yaratmayacağını düşünür. Onun sözlərinə görə, Azərbaycanla oyundakı nəticədən çox şey asılıdır: "Millinin təzyiq altında olması bizim üçün problem deyil. Onsuz da, hər birimiz öz klubumuzda bu təzyiqi hər gün yaşayırıq. İndi gəlmişik ki, qarşıdakı oyunlarda Norveç millisinə kömək edək. Komandanın üzərindəki təzyiqin azalıb-azalmaması məhz qarşıdakı 2 oyundakı nəticələrdən asılıdı. Hazırda özümü yaxşı hiss edirəm. Azərbaycan və San-Marino ilə matçlarda komandama kömək etməyə hazıram".
 
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da start götürəcək.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR