Azərbaycan alimləri İsrailin İT sahəsində təcrübəsini öyrənir

Azərbaycan alimləri İsrailin İT sahəsində təcrübəsini öyrənir
14:22 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ AMEA İnformasiya Texnologiyaları İnstitutunda İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Dr. Meir Zadok, Vayzmen İnstitutunun İmmunologiya fakültəsinin professoru Rut Arnon və rəsmi qrupla görüş keçirilib. “Report” İnstituta istinadən xəbər verir ki, burada başlıca məqsəd İnstitutun fəaliyyəti ilə tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev informasiya texnologiyaları və cəmiyyətinin müxtəlif problemləri üzrə aparılan elmi-tədqiqatlar, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən danışıb: “İnstitutun “AzScienceNet” elm kompüter şəbəkəsi Akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərir. Elm və təhsil şəbəkələri üzrə milli operator olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayır. Eyni zamanda, “AzScienceNet” Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyasının üzvüdür. Bundan əlavə, Azərbaycan bu ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsi üzərindən Pan-Avropa elm və təhsil şəbəkəsinə 1 Gbit/s sürətlə çıxış imkanı əldə edib”.
İnstitut direktoru bildirib ki, “AzScienceNet”in GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması, bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsində Azərbaycanı təmsil edir: “Sözügedən layihə Avropa ilə Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, ŞT ölkələrinin Avropa şəbəkələrinə, o cümlədən elmi informasiya resurslarına yüksəksürətli çıxışının təmin olunması məqsədi daşıyır”.
Elektron elmin texnoloji platforması “AzScienceNet”in Data Mərkəzində olan qonaqlara şəbəkənin imkanları barədə məlumat verilib: "Bu il şəbəkənin hesablama gücü 15 TFlops, xarici yaddaşın həcmi 400 TB, internetə qoşulma sürəti isə 1,41 Gbit/s-yə çatdırılıb və 5 000 kompüter şəbəkəyə qoşulub. Mərkəzdə AMEA-nın institut və təşkilatlarına “Cloud Computing”, “Hosting”, “Eduroam” kimi bir sıra xidmətlər göstərilir.
Sonda İnformasiya Texnologiyaları İnstitutu və İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi, Azərbaycanda İsrailin elm sahəsindəki təcrübəsinin öyrənilməsi, birgə layihə, tədqiqatların həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azerbaycan-alimleri-i-srailin-i-t-sahesinde-tecrubesini-oyrenir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR