Olimpiya mükafatçısı Rüstəm Orucovla görüş keçirilib

Olimpiya mükafatçısı Rüstəm Orucovla görüş keçirilib
14:42 8 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Zirvə görüşləri” adlı yeni layihəyə start verilib. 
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihənin əsas məqsədi idman sahəsində yüksək nailiyyətlər əldə edən, tanınan idmançılarla tələbələrin görüşünü təşkil etmək, gənclərin müsbət nümunələrlə idman mədəniyyətinə motivasiyalarını artırmaqdır.
Layihə çərçivəsində ilk görüş oktyabr 7-də keçirilib. Görüşün qonağı Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən və gümüş medal qazanan cüdoçu Rüstəm Orucov olub.
Tələbələr cüdoçunun çıxışını böyük maraqla qarşılayıblar. Belə ki, öz uğur hekayəsini tələbələrlə paylaşan Rüstəm Orucov məqsədə çatmaq uğrunda apardığı mübarizədən və hədəflərin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətindən söhbət açıb.
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarındakı qələbəsindən də danışan R.Orucov Rioda Azərbaycana ilk medalı qazandırdığına görə çox sevindiyini bildirib: "Görüşlərimin hamısı çətin oldu. 1/4 finalda macarı deyil, özbək idmançını gözləyirdim. Amma bu, Olimpiadadır. Bu gün kim yaxşı hazırdısa, o da irəli gedir. Finalda da qələbə əzmində idim, amma yapon rəqibim çox güclü idi. Qarşıda yenə olimpiada var. Var gücümlə çalışacağam ki, doğma Azərbaycanımızın bayrağını daim ucalara qaldırım".
R.Orucov daha sonra tələbələrin suallarını cavablandırıb, dəyərli məsləhətləri ilə onlara stimul verib. Cüdoçu eyni zamanda bu cür görüşlərin çox əhəmiyyətli olduğunu, məzunu olduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında son dövrlər baş verən müsbət dəyişikliklərə və intensiv inkişafla bağlı sevincini bildirib.
Qeyd edək ki, Braziliyada təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə təmsil olunub.
Millimiz Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, London-2012-də göstərdiyi nəticəni yaxşılaşdırıb. Qeyd edək ki, ötən Olimpiadada millimiz 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazanıb.


Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/olimpiya-mukafatcisi-rustem-orucovla-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR