Beynəlxalq arenada Bakının ayaq səsləri: Qarabağın azadlığına doğru atılan addımlar

Beynəlxalq arenada Bakının ayaq səsləri: Qarabağın azadlığına doğru atılan addımlar
17:03 8 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın beynəlxalq mövqeləri ildən-ilə daha da möhkəmlənir.

Publika.az
xəbər verir ki, 25 illik müstəqilik dövründə Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, dünya dövlətləri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurub.

Bunun nəticəsidir ki, artıq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeləri möhkəmlənir.

Misal üçün, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldı. Həmçinin, İƏT-in Azərbaycanın ərazi bütövlüyünə dəstəyi bir daha ifadə olundu.

Bununla yanaşı, Qoşulmama Hərəkatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistana böyük zərbə vurdu. Belə ki, Venesuelada keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısında Dağlıq Qarabağla bağlı qərar qəbul edildi və Ermənistanın işğalçı olduğu faktiki olaraq təsdiqlədi. Qoşulmama hərəkatında 120 ölkənin təmsil olunduğunu nəzərə alsaq, bu, bütün beynəlxalq ictimaiyyətin erməni işğalçılığını təsdiq etməsi deməkdir.

Hərəkatın yekun sənədində bununla bağlı deyilir:

“Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq etdilər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar”.

Avropa Parlamenti tərəfindən səslənən rəsmi bəyanatda da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirilib. Ermənistanın işğalçı siyasəti tənqid olunub.

Bu, rəsmi Bakının apardığı diplomatiyanın böyük uğurudur. Bakı bu uğura məhz beynəlxalq əməkdaşlığı inkişaf etdirərək nail olub.

Burada Prezident İlham Əliyevin apardığı siyasət əsas xətlə keçir. Azərbaycan lideri ərazi bütövlüyü məsələsində ən sərt mövqeni sərgiləyir. Sentyabrın 16-da Bişkekdə keçirilən MDB dövlət başçılarının iclası bunu bir daha sübut etdi.

Belə ki, iclasda iştirak edən işğalçı Ermənistanın prezidenti Serj Sarkisyan aprel döyüşlərinə görə Azərbaycanı ittiham etməyə başladı. Prezident İlham Əliyev “yalanlarınızla bütün dünyanı bezdirmisiniz” deyə sərt reaksiyasından sonra Sarkisyanın dili topuq çaldı. O, “Yalana cavab vermək mənasızdır” deyərək, özünü güclü göstərməyə çalışanda, İlham Əliyev “Mən artıq yalana cavab verdim” sözləri erməni prezidentini “siyasi nokaud”a saldı. Bu, Sarkisyanın timsalında bütün Ermənistan diplomatiyasının məğlubiyyəti idi.

Erməni jurnalist Qraçya Qalustyanın Bişkekdə baş verənlərlə bağlı yazdıqları İlham Əliyevin sərt sözlərinin Ermənistan ictimaiyyətinə təsirini aydın ifadə edir.

“Serj Sarkisyan Bişkek iclasında aprel hadisələrinə toxunaraq Azərbaycanın ünvanına tənqidlər səsləndirdi. O, yavaş-yavaş, yeknəsək, darıxdırıcı və bəzən səhvlər buraxaraq kağızdan oxuyurdu. Onun nitqi hamının əsnəməsinə səbəb oldu. Artıq bu, birinci biabırçı fakt idi. Çünki bizim ölkəni savadsız təqdim edir, onun çıxışı ilə kolleqalarının heç biri ona hörmət etmirlər. Həm də bunu gizlətmirlər belə. Axı, birinci dəfə deyil. Hətta Vladimir Putin belə Sarkisyana hörmət etmədiyini nümayiş etdirdi. Ermənistan prezidentinə hörmət qoyulmadığı daha sonra açıq şəkildə ortaya çıxdı. Belə ki, əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Lakin İlham Əliyev Lukaşenkodan çıxış üçün icazə istədi. O rədd edə bilərdi, amma kimə görə, Serj Sarkisyana görəmi? İlham Əliyev “Ermənistan tərəfi şikayətləri ilə artıq bütün beynəlxalq təşkilatları bezdirib” deyə bildirdi. Bu, açıq şəkildə Sarkisyanı, ümumiyyətlə Ermənistanı şillələmək idi. Özü də bu şillə medianın və prezidentlərin önündə gəldi. Hər kəs Əliyevə hörmətlə qulaq asdı. Sarkisyan isə canını yazıq fraza ilə qurtarmağa çalışdı: “Yalana cavab vermək mənasızdır”. Dərhal Əliyevdən növbəti zərbə gəldi: “Mən artıq yalana cavab verdim”. Diplomatiyanı və mübahisə etməyi bacarmayan, müzakirələrdən qaçan bu adama niyə dözməliyik?”, - Q. Qalustyan Sarisyandan şikayətlənib.

Bütün bunlar Azərbaycanın dünya siyasi arenasında gücünün nümayişidir. Artıq dünya ictimaiyyəti də Azərbaycanın Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcəyini anlayıb.

Prezident İlham Əliyev 2016-cı ilin 9 ayının sosial-iqtisadi yekunlarına həs olunmuş Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bunu bir daha vurğuladı.

“Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik”, - deyə Azərbaycan lideri bu məsələdə nöqtəni qoydu.

Publika.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR