Azərbaycanda istehsal müəssisələri üçün alıcı bazarı formalaşdırılmalıdır

Azərbaycanda istehsal müəssisələri üçün alıcı bazarı formalaşdırılmalıdır
18:05 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məhsul istehsal edən müəssisələr üçün ölkənin daxilində də alıcı bazarı formalaşdırmaq lazımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Azərbaycanda daxili bazarı qorumaqdan ötrü yeni alıcı bazarının yaradılmasını olduqca vacib sayan T.Rzayev deyib ki, bunun üçün ilk növbədə yerli xammal hesabına əlavə istehsal müəssisələri yaratmaq olar: "Pambıqçılıq inkişaf edərsə, bu məhsulu xarici ölkələrə satmaqla bərabər, xammalından istifadə etməklə yerlərdə toxuculuq sənayesi yaratmaq da olar. Biz xammalları satmamalıyıq. Onlar yerlərdə yeni fabriklərin açılması, yeni emal müəssisələrinin yaradılması üçün bir zəmin olmalıdır".

Azərbaycanın ixracdan asılılığının azaldılmasının olduqca əhəmiyyətli olduğunu söyləyən deputat qeyd edib ki, taxılçılığı, baramaçılığı, üzümçülüyü inkişaf etdirməklə ölkədə qeyri-neft sektorunu daha da inkişaf etdirmək olar.

Deputat hesab edir ki, bu, regionlardan gənclərin getməsinin qarşısını da alar: "Kənd təsərrüfatının inkişafı işsizliyin aradan qaldırılmasına da zəmin yaratmalıdır. Bu gün dövlət başçısının seçdiyi istiqamət ən doğru yoldur. Bütün Azərbaycan xalqı bunu alqışlayır. Çünki taxılçılığın, baramaçılığın, üzümçülüyün və digər sahələrin inkişafı əhalinin gəlirlərinin artırılması, yerlərdə 100 minlərlə iş yerlərinin açılması deməkdir. Digər tərəfdən bu, gənclərin xarici ölkələrə, respublikanın mərkəzi şəhərlərinə axınının qarşısını almaq deməkdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/477468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR