Dünya çempionatının seçmə qrup mərhələsində Bakıda Azərbaycan millisindən aldıqları 0:1 hesablı məğlubiyyətdən sonra Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qol fürsətlərini qaçırmaqlarından gileylənib.
- İlk növbədə Azərbaycan yığmasını qələbə münasibəti ilə təbrik edirəm. Nəticə bizi məyus etsə də, qeyd etməliyəm ki, oyun ərzində kifayət qədər qol şansımız oldu. Amma bu imkanları boşa verdik.
- Meydançanın durumundan razı qaldız?
- Tam qane etdi. Çoxsaylı hava ötürmələri etdik. Təəssüf ki, bunlardan faydalana bilmədik.
- 2 oyundan sonra xalınız yoxdu. İstefa barədə düşünmürsünüz?
- Əlbəttə, məyusuq. Ötən tsikldə də Azərbaycandan 6 xal ala bilmədik. İndi növbəti oyunlar barədə düşünürük.
- Millimizi məğlub edəcəyinizə əmin olduğunuzu bildirmişdiniz. Bununla futbolçularımızı daha da çox motivasiya etdiyinizi düşünmürsünüz?
- Biz hücumlar etdik. Ancaq qol çatışmadı.
- Qol buraxdıqdan sonra 80 dəqiqəniz qalırdı. Ancaq bu zaman kəsiyində komandanızın ifasında hava ötürmələrindən başqa, heç nə görmədik. Assortimentiniz elə bundan ibarət idi?
- Azərbaycan yığması müdafiəni meydanın mərkəzindən qurmuşdu. Başqa üslubda hücum qurmaq imkanımız yox idi. (futbolinfo.az)