Gürcüstanda keçirilən parlament seçkilərində seçicilərin 50 faizdən çoxu iştirak edib

Gürcüstanda keçirilən parlament seçkilərində seçicilərin 50 faizdən çoxu iştirak edib
00:07 9 Oktyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 9 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, ilkin məlumatlara görə, seçicilərin 50 faizdən çoxu seçkilərdə iştirak edib. Bununla da səsvermə baş tutmuş hesab olunub.
Lakin bəzi majoritar dairələrdə ikinci turun keçiriləcəyi istisna edilmir.
Səsvermənin ilkin nəticələri oktyabrın 9-da, tam nəticələr isə oktyabrın 19-da açıqlanacaq.
Keçirilən “exit-pol”ların nəticələrinə görə, seçkilərdə ən çox səsi hakim “Gürcü arzusu” partiyası qazanıb.
Gürcüstanın Baş naziri, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Georgi Kvirikaşvili qələbə münasibəti ilə seçiciləri təbrik edib. O deyib: “Düzdür dərc olunan rəqəmlər ilkin hesablamalara əsaslanır. Hamı son nəticəni gözləyir. Amma “Gürcü arzusu” partiyası artıq qalibdir”.
Qeyd edək ki, seçki prosesi bəzi detalları ilə yadda qalan olub.
Batumidə 83 yaşlı seçici məntəqədə səs verdikdən sonra halı qəflətən pisləşib və o, elə məntəqədə dünyasını dəyişib.
Gürcüstanın Şida Kartli bölgəsinin Kareli şəhərində isə yaşlı seçici məntəqəyə daxil olduqdan sonra özünü pis hiss edib. Təcili yardım çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Gün ərzində MSK-ya müxtəlif məzmunlu 81 şikayət daxil olub.
Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda seçki məntəqələrinin birində seçicilər arasında qarşıdurma yaranıb. Gürcüstanın xüsusi təyinatlılarının müdaxiləsindən sonra vəziyyət normallaşıb.
Seçki günü “Vahid Milli Hərəkat” partiyasının müşahidəçilərinin döyülməsi barədə də məlumatlar var. Ölkənin Daxili İşlər Nazirliyi faktlarla bağlı araşdırmalara başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanda-kecirilen-parlament-seckilerinde-secicilerin-50-faizden-coxu-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR