Rəşad Sadıqov: "Bu gün bizə gözəl oyundan çox 3 xal lazım idi"

Rəşad Sadıqov: "Bu gün bizə gözəl oyundan çox 3 xal lazım idi"
00:42 9 Oktyabr 2016
104 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Oyun gözlədiyimiz kimi getmədi. O mənada ki, erkən qol vurduq. Müdafiədə bu qədər qapanmaq niyyətimiz yox idi. İlk 15 dəqiqəni ehtiyatlı oynayaraq, sonra düşündüyümüz hücumları qurmaq istəyirdik. Erkən qol bizi bir az ehtiyatlı oynamağa vadar etdi.
"Report"un məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Norveç yığmasına 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2018-in seçmə qrup matçından sonra keçirdiyi brifinqdə deyib.
Oyun barədə təəssüratlarını bölüşən təcrübəli müdafiəçi ilk qoldan sonra rəqibin daha da irəli atılmağa və daim pressinq tətbiq etməyə məcbur olduğunu bildirib:
"Nəticədə oyunu müdafiədən qurmalı olduq. Amma ən əsası odur ki, komandamız sonadək vuruşdu, heç kimdən çəkinmədi, qorxmadı. Rəqibin heyətində güclü çempionatlarda çıxış edən çoxlu futbolçu var idi. Amma biz sonadək dözərək qələbə qazandıq. Albaniya, İslandiya kimi ölkələr bizə nümunədir ki, vuruşa-vuruşa, boğuşa-boğuşa mübarizə apararaq, Avropa çempionatının final mərhələsinə vəsiqə qazandılar. Bu gün bizə gözəl oyundan çox 3 xal lazım idi. 3 xalı isə elə-belə yox, yaxşı mübarizə nəticəsində qazandıq.
Futbolçu daha sonra KİV nümayəndələrinin suallarını cavablandırıb:
Hətta 2-ci qolu vura bilərdiniz...
- Rəqibi əks-hücumda yaxalayaraq, daha bir qol vurmaq imkanlarımız oldu. Amma yenə deyirəm, əsas odur ki, 3 xalı götürdük.
İlk yarıda ayağından zədələnərək yerdə qaldın. Zədən ciddi idi?
- Ayağımın eyni nahiyəsindən zədələndim. Bir az ağrılarım oldu. Amma bunlar önəmli deyil. Sonadək mübarizə apardım. Ağrılardan şikayətlənmək istəmirəm.
Ramil Şeydayevin oyununu necə dəyərləndirirsiniz?
- Şeydayev oyuna çox fəal qoşuldu. Qol epizodlarına girdi, özü də qol epizodu yaratdı. Çox sevindirici haldır. Bu oyunda həqiqətən də ustalığını göstərdi.
Qol vurmağa təcrübəsi çatmadı?
- Nəzərə almaq lazımdır ki, bunadək Rusiyanın 19 və 21 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edib. Cəmi 20 yaşı var. Gələcəkdə bizim üçün çox önəmli oyunçu olacaq.
Meydanın vəziyyəti barədə nə deyə bilərdiniz?
- Ot örtüyü həqiqətən də yaxşı futbol oynamağa çətinlik yaradırdı. Yeni ot idi. Bilirdik ki, belə olacaq. Elə də oldu. Problemlər var idi. Amma bu problemlər hər iki komanda üçün idi. Çox xoş haldır ki, qol vurmağımıza mane olmadı.
Sabah Çexiyaya yola düşürsünüz. Növbəti oyundan nə gözləyirsiniz?
- Ən böyük problem o olacaq ki, 3 gün sonra oynayacağıq. Əvvəlki belə oyunlarda müəyyən çətinliklərimiz olmuşdu. Məşqçilər heyətimiz də bu barədə düşünür. Onlar da müəyyən addımlar atacaqlar. Biz də əlimizdən gələni edəcəyik ki, oyuna hazır olaq. Lakin bugünkü 3 xal bizim üçün çox önəmli idi və nə xoşdur ki, onu da qazandıq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/resad-sadiqov-bu-gun-bize-gozel-oyundan-cox-3-xal-lazim-idi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR