Serbiyalı ulduz: "Azərbaycanda hər şey fərqlidir"

Serbiyalı ulduz: "Azərbaycanda hər şey fərqlidir"
14:12 5 Yanvar 2015
249 İdman
Ölkə mətbuatı
A- A+

“Azəryol”un voleybolçusu Yovana Brakoçeviç “worldofvolley”in suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, hazırda komandası ilə birgə Türkiyədə “Qloriya kuboku”nda çıxış edən serbiyalı ulduz Bakı klubundan öncə oynadığı “Vakıfbank”dakı günlərini xatırlayıb, paytaxtımız və Super Liqa barədə fikirlərini açıqlayıb.
 
- Yenidən Türkiyəyə gəlmisiz. Burada sabiq komandanız “Vakıfbank”a qarşı da oynadız. Hansısa xatirələr yada düşdümü?

- Təbii ki. Mən Türkiyə Superliqasını, daimi səfərləri xatırladım. Bunun üçün darıxdığımı da deyə bilərəm. Azərbaycanda hər şey fərqlidir. Çünki hamımız Bakıda oynayırıq. Covanni Quidettinin də çox maraqlı məşqlərini xatırlayıram. Digər məsələlərə gəlincə, hər şey Bakıda yaxşıdır. “Azəryol”da olduğum üçün xoşbəxtəm.
 
- İstanbul və Bakıdakı həyatı müqayisə edə bilərsizmi?

- İstanbulda hər şey möhtəşəmdir, yalnız izdihamlı olması istisnadır. Çünki mən səs-küyü, qarışıqlığı sevmirəm. Daha çox balaca şəhərləri sevirəm. Ona görə də Belqrad ürəyimcədir. Buna baxmayaraq, İstanbul da yaddaşımda xoş izlər buraxıb. Digər tərəfdən, Bakıda elə də güclü tıxaclar yoxdur və istədiyin yerə lazım olan vaxtda çata bilirsən. Şəhərin mərkəzi çox gözəldir. Ümumiyyətlə, Bakıda gəzməli-görməli yerlər üstünlük təşkil edir və buradan xoşum gəlir.
 
- Bəs Azərbaycan çempionatı haqda təəssüratların necədir?

- Azərbaycan Super Liqası spesifik xüsusiyyətə malikdir. Çünki burada cəmi 5 komanda oynayır. Çempionatda eyni klubla 4 dəfə qarşılaşırsan ki, bu da müəyyən problemlər yaradır. İlk oyundan sonra bir-birimizi çox yaxşı tanıyırıq. Bütün komandalar legionerlər gətirdiyindən güclü heyət formalaşdırıblar. Türkiyədə 3-4 güclü komanda varsa, digərləri autsayderdir. Azərbaycanda isə istənilən klub digərini məğlub edə bilər.
 
- Kimsə Super Liqada son illərin dəyişməz qalibi “Rabitə”nin hegemonluğuna son qoya biləcəkmi? “Azəryol”un bu ilki hədəfi nədir?

- Məqsədimiz ölkə çempionu olmaqdır. Bunu bacarsaq, çox şad olaram. “Rabitə” uzun müddətdir Super Liqada dominantlıq edir. Düşünürəm ki, kiminsə onları “taxt”dan salmasının vaxtı çatıb. Azərbaycan klublarının prezidentləri “Rabitə” ilə ayaqlaşmaq üçün daha çox pul xərcləməli olduqlarını başa düşüblər. “Azəryol” və “Lokomotiv”in yaxşı kollektiv yaratmaq üçün nə qədər vəsait xərclədiyini görə bilərsiz. Mövsümün arxada qalan hissəsi də göstərib ki, çox maraqlı çempionat keçəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR