Batan “Neftçi”nin qeyri-ciddi həmlələri

Batan “Neftçi”nin qeyri-ciddi həmlələri
10:37 9 Oktyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Ötən mövsümü boşa verən, yeni çempionata bərbad başlayan bir komanda var - “Neftçi”. Naşı idarəçilərin əlində qalan klub 80 illik tarixinin ən ağır dövrlərindən birini yaşayır. Ölkə futbolunun flaqmanının elə bir bataqlığa salıblar ki, çıxmaq üçün çapaladıqca, bir qədər də dərinə batır...  


DÇ-2018-in seçmə mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "Neftçi" "Sumqayıt"la yoxlama matçında qüvvəsini sınadı. Daha doğrusu, komandaya yeni cəlb edilən, baxışa çağıran futbolçuları gözdən keçirtdilər.


Ölkə çempionatında “Sumqayıt”a boyun əyən (1:2) “ağ-qaralar”ın, yoxlama görüşündə də rəqibinə uduzmasına (0:1) görə tənqid etməyə lüzum görmürük. Bu cür matçlarda nəticə önəmli deyil – deyib, keçirik.


Bəs, önəmli olan nə imiş? Yeni oyunçuları sınaqdan keçirtmək. Bax, əsil faciə budu. “Neftçi” kimi klubu oktyabr ayında baxışa (bəlkə də müqaviləyə) 3 legioner dəvət edəcək qədər rəzil günə qoyublar. Bu, qeyri-peşəkarlığın deyil, qeyri-ciddiliyin təzahürüdür. Heç yenicə formalaş klublar belə həmləni özlərinə rəva bilməzlər.


Futboldan az da olsa, anlayışı olanlar bilir ki, hər hansı futbolçu 31 avqust tarixinə  - “transfer pəncərəsi” bağlananadək özünə klub tapa bilmirsə, demək ki, onun yaxşı oyunçu olmaq ehtimalı yox dərəcəsindədir. Və adətən normal klublar bu cür kənarda qalanlara maraq göstərmir. Anormal qərarları ilə dibə vurmaqda davam edən “Neftçi” rəhbərliyi isə eyni anda lazımsız 3 legioner, 2 yerli oyunçuya qucaq açıb.

Dünən həmin futbolçuları iş başında da gördük – hamısı “11-lik”də yer almışdılar. 

Məşqçilər korpusu fasilədə yerliləri – Mahir Şükürovla Tərzin Cahangirovu əvəzlədilər ki, bu da başa düşüləndi. Onların potensialına bələdik. Əcnəbilər isə sonacan oynadılar.


Yazının fotosundan da gördüyünüz kimi il yarımdır peşəkar səviyyədə futbol oynamayan Şükürov artıq çəkidən əziyyət çəkir. Karyerasını bitirmiş hesab edilən 33 yaşlı müdafiəçinin bundan sonra formasını bərpa etməsi, komanda üçün “açar” isimlərdən birinə çevrilməsi inandırıcı görünmür.


Tərzin – bu gün millidə çıxış edəcək durumda ola bilərdi. Lakin nədənsə, onda alınmadı. Əvvəl “Qəbələ”də, sonra “Sumqayıt”da, ardınca “Zirə”də çıxış edəndən sonra kimsəyə lazım olmadı. Görünür Elxan Abdullayev onun “qabında” bir şey olduğunu nəzərə alıb, heyətə çağırıb.


Sadəcə, bir oyuna görə qiymət vermək düz olmaz, amma “Neftçi”nin baxışa çağırdığı legioner gəlib komandada fərq yaradacaqlarsa, yerli oyunçular geyindikləri butslarının ipi ilə özlərini assınlar...


Buraxdığı qolda səhvi olmayan qapıçı Boban Baykoviç yalnız bir dəfə ciddi qurtarış etdi. Kamran Abdullazadənin zərbəsini “doqquzluq”dan çıxaran monteneqrolu, bu həmlədən sonra həkimləri meydana çağırtdırıb top dəyən əlinə buz qoydurtdurdu.


Latviyalı yarımmüdafiəçi Aleksandr Fertov sıradan biri belə deyil, əminəm ki, “Neftçi”nin əvəzedici heyətində də ondan güclüləri var. Elə braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pesallidi də legioner statusu ilə heyətə cəlb ediləcək biri deyil. Oyun ərzində nəsə etməyə çalışsa da, ustalıq səviyyəsinin çox aşağı olduğu hiss edilirdi. Fərhad Vəliyevlə təkbətək qaldığı epizodu qola çevirə bilməyən “sambaçı” başqa heç nə ilə yadda qalmadı...


Məsləhət kimi çıxmasın, belə kor-koranə güclənmək adı ilə qeyri-ciddi həmlələr etməkdənsə, qış fasiləsini gözləmək daha düzgün olardı. İndiki halda “Neftçi”nin gücünə güc qatacaq futbolçu tapmaq – lotereyada “Cek Pot” udmaq kimi bir şeydir.


Bilirsiniz, boşda qalanlardan kimi götürmək lazım idi? “Neftçi”nin gül-çiçəklə “Ayntraxt”a yola saldığı Emil Balayevi. Rəhbərlik peşəkar davranmalı, öz yetirməsini Almaniyaya yollayanda, müqaviləsinə “Azərbaycana geri dönsə, “Neftçi”yə qayıtmalıdır” bəndi salınmalı, “Qarabağ”a qapdırılmamalı idi.


Ancaq hardadı sizdə o cür hesab-kitab... 


Fanat.Az 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-batan-neftcinin-qeyri-ciddi-hmllri-t53205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR