"Azarkeşlər rəqiblərə görə oyunlara gəlirlər"

"Azarkeşlər rəqiblərə görə oyunlara gəlirlər"
11:52 9 Oktyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi zamanı brifinq keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, assosiasiya rəsmisi jurnalistlərin da suallarını cavablandırıb:

- Norveç yığması ilə sabahkı ev oyunu ilə bağlı düşüncələrinizi bölüşərdiniz...

- Bu, seçmə mərhələdə Bakıda - evdə ilk oyunumuzdur. Təbii ki, milli seçmə mərhələyə qələbə ilə başlayandan sonra, azarkeşlər növbəti 3 xalı gözləyir. Bildiyiniz kimi, Norveç yığması ilə ötən seçmə mərhələdə 2 dəfə oynamışıq. Təəssüf ki, Bakıda məğlub olmuşduq. Ancaq Robert Prosineçkinin gəlişindən sonra komandamız səfərdə 1 xalı qazandı. Bunu nəzərə alaraq düşünürəm ki, milli qarşıdakı oyunda yalnız qələbəyə köklənib. Fürsətdən istifadə edərək azarkeşlərimizi stadiona dəvət edirik. Arenamız böyükdür. Təbii ki, belə stadionda 30-35 min azarkeş çox görünmür. Bizə də lazımdır ki, rəqib komanda meydançaya daxil olanda qorxu hiss yaransın, onlara təzyiq olsun. Komandamız da azarkeşlərin önündə, onların dəstəyi sayəsində daha da inamlı oyun göstərəcək.

- AFFA rəhbərliyi milli komanda üzvləri ilə meydançada görüşdü. Nə danışıldı? Nə vəd olundu?

- Seçmə mərhələdən öncə də AFFA prezidenti Rövnəq Abdullayevin, İcraiyyə Komitəsinin bütün üzvlərinin milli ilə görüşü oldu. Bu dəfə də AFFA prezidenti milli komanda ilə görüşdü, uğurlar arzuladı. Bir daha qeyd etdi ki, ilk 3 xalımızı səfərdə qazanmışıq. Evdə ilk oyunda da 3 xalımızı qazanmalıyıq. Bugünkü oyunda elə AFFA rəhbərliyi də, azarkeşlər də 3 xal gözləyir. Burada da deməliyəm ki, niyə də yox?

- Turnir cədvəlində 2-ci pillədəyik. Bunu davam etdirmək mümkün olacaq?

- Mümkündür. Üç xalımızı qazansaq, digər oyunda da münasib nəticə olsa.

- Millimiz qrup lideri olmaq üçün Almaniya Çexiyaya uduzmalıdır...

- (gülür) Bunu çətindir demək olar. Almaniya kimi güclü yığmanın qrupda olmağı bir tərəfdən müsbət haldır. Çünki artıq ondan xalı heç kim almayacaq. Bu üzdən qrupda 2-3-cü yer uğrunda mübarizə gedir.

- Az azarkeş belə böyük stadionda yaxşı görüntü yaratmayacaq. Olmazmı ki, növbəti ev oyununu Tofiq Bəhramov adına Respublia stadionunda keçirək?

- Oyunu həmin stadionda da, böyük məmnuniyyətlə, keçirə bilərdik. Məsələ burasındadır ki, Bakı Olimpiya Stadionunu 2020-ci ilə kimi yoxlamalıyıq. Burada nə qədər çox oyun keçirsək, bir o qədər yaxşıdır. Bu, artıq UEFA-nın tövsiyəsidir. Onlar da iş prosesində bu stadionu öyrənməlidir. Onu da qeyd edək ki, "Tofiq Bəhramov"un meydançasında problem olduğuna görə matç keçirməyimiz nəzərdə tutulmamışdı. Mövsümdən öncə bilirdik ki, "Qarabağ" həmin stadionda oynayır. Ona görə də Respublika stadionunu qeydiyyatdan keçirməmişdik.

- Mətbuatda belə xəbər yayılıb ki, FİFA prezidenti Canni İnfantino sizə vəzifə təklif etsə də, bundan imtina etmisiniz. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Bu, şəxsi məsələdir. İcazə versəydiniz, bunu açıqlamazdım.

- Real məsələdir demək...

- (gülür) Bir az şəxsidir, ona görə demək istəmirəm.

- San Marino ilə oyuna mükafat verilməmişdi. Yəqin ki, Norveçlə oyunda qələbəyə görə böyük mükafat nəzərdə tutulub...

- Bizdə bir sistem var və mükafatın verilməsi bu istiqamətdə gedir. Sistemə görə, komanda 3 xala görə təbii ki, mükafat alır. Dəyişik mükafat ala bilər. Lakin seçmə mərhələdə "play-off"a və ya birbaşa final mərhələsinə çıxarsa, mükafatın üzərinə əlavə mükafat gəlir. Belə bir sistem yaratmışıq və onunla da gedirik. Sizə açıq deyim ki, bugünədək millidə oynayan futbolçular mükafat məsələsini qaldırmayıblar. Lakin AFFA hər zaman nəzərə alır ki, milli komandada oynayan futbolçular assosiasiyadan maaş almırlar. Yalnız gündəlik məvacib alırlar. Ona görə də yaxşı nəticə qzaananda stimullaşdırma amili olmalıdır.

- Milli komanda ot örtüyünün vəziyyətinə görə məşqin yerini dəyişdi. Bu, qanınızı qaraltdımı?

- Yox. Əslində, məşqdən qabaq UEFA nümayəndəsi ilə bu məsələni müzakirə edirdik. Dəyişiklik normal haldır, bəzən olur. UEFA nümayəndəsinin tövsiyəsini nəzərə alaraq yeri dəyişdiririk. Biz də əsas meydançada məşq edə bilərdik. Norveç yığması girişdən solda çox məşq etdiyindən ora yüklənib. Digər tərəf boş idi. UEFA nümayəndəsi bildirdi ki, istəyirsiniz, o tərəfi seçin. Bizim gözəl meydançalarımız var və infrastrukturu qoruyuruq. Ona görə ehtiyat meydançaya keçdik.

- Sabah elə vəziyyət yarana bilər ki, ot örtüyü daha da bərbad vəziyyətə düşsün?

- Yox, belə şey olmaz.

- Azarkeş azlığının səbəbini nədə görürsünüz? Oyunun vaxtı münasibdir, biletlər bir neçə həftədir satılır...

- Həftə sonudur, biletlərin qiymətləri ucuzdur. Şənbə günüdür, vaxt da yaxşıdır. Azarkeşlərin də milli komandanı dəstəkləməsi lazımdır.

- Rəqibin də fərqi var...

- Ola bilər. Biz də təhlil aparırıq. Sabah Almaniya, yaxud İtaliya kimi yığmalara qarşı oynasaydıq, artıq biletlər satılmışdı. Yadınızdadırsa, ötən seçmə mərhələdə İtaliya ilə oyuna dəvətnamələrlə birgə 51 min bilet çap olunmuşdu, hamısı satılmışdı. Təbii ki, rəqibdən də çox şey asılıdır. Bu, faktdır. Azarkeşlər rəqibi nəzərə alaraq stadiona gəlirlər. Məşhur olmayan yığmalarla oyuna az maraq var. Ancaq istərdik ki, 70 faiz azarkeşlər stadiona gəlib millini dəstəkləsinlər. Daha yaxşı olardı ki, fanatlarımızın milli komandaya marağı çox olardı. Ancaq bu, o demək deyil ki, azarkeşlərin stadiona çox gəlməsi üçün milli komanda hər oyunda qalib gəlməlidir. Bu, futboldur. Həmin Almaniya, İtaliya da bəzən uduzur. Bu, o demək deyil ki, onların azarkeşləri oyunlara gəlmirlər. Mən müqayisə etmirəm. Onlar böyük, inkişaf etmiş futbol ölkələri olduğundan qətiyyən müqayisə aparmaq istəmirəm. Lakin digər ölkələrdə də görürük ki, azarkeşlər rəqiblərə görə oyunlara gəlirlər.

- Bir neçə gün öncə Londonda FİFA-nın mükafatını aldınız. Bu münasibətlə sizi təbrik edirik...

- Çox sağ olun. Təbii ki, çox sevindim. Böyük bir sürpriz oldu. İyul ayında rəsmi məktub gəlmişdi ki, bu nominasiyada varam. Sözün düzü, çox nikbin deyildim. Çünki rəqiblərim güclü həmkarlarım idi. Lakin sonda çox sevindim ki, bu tədbirdə Azərbaycanın adı çəkildi. Təbii ki, bu mükafat tək mənim deyil, AFFA-nın hər bir əməkdaşının uğurudur.

- Bu mükafatdan sonra FİFA-ya qapı açıldı. Olmazmı ki, AFFA-dan çıxıb daha yüksək qurumda çalışasınız? Bəlkə təklif gəlib, ancaq imtina etmisiniz...

- Mən demədim ki, imtina etmişəm. Sadəcə, bu haqda danışmaq istəmədiyim üçün söyləmədim. Mənim cavabım manipulyasiya kimi qəbul oluna bilər. Ona görə də şəxsi məsələni müzakirə etmək istəməzdim.

- Gələcəkdə ola bilər ki, təklifi qəbul edəsiniz?

- Həyatdır, ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR