"Norveçli salam verib dedi ki, sabah 3 xalı götürüb gedəcəyik"

"Norveçli salam verib dedi ki, sabah 3 xalı götürüb gedəcəyik"
12:57 9 Oktyabr 2016
534 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə qrup matçında Azərbaycan Norveç millisinə 1-0 hesabı ilə qalib gəlib.

Qələbə qolunun müəllifi Maksim Medvedyev oyundan sonra fikirlərini bölüşüb:

"Çox sevinirik ki, vacib 3 xalı qazana bildik. Rəqib güclü olsa da, uşaqlar çox yaxşı vuruşdular. Qələbə üçün əlimizdən gələni etdik. Həm də çox şadam ki, millidə ilk qolumu vurdum. Bu tempi saxlamağa çalışmalıyıq. Səfərdə bizi Çexiya ilə çox çətin oyun gözləyir. Əvvəlcə bu görüşə hazırlaşmalı, sonra isə Norveç üzərində qələbənin sevincini doyunca yaşamalıyıq".

Goal.az xəbər verir ki, müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb:

- Tribunalarda bu qədər azarkeşin olacağını gözləyirdiniz?

- Açığı, gözləmirdim. Çünki bilet satışı ilə tanış olduqda, bu göstəricinin aşağı olduğunu görmüşdüm. Amma oyun vaxtı anşlaq oldu. Bilmirəm, bu camaat hardan gəldi?! Doğrudan da evdə oynadığımız hiss olunurdu. Gücümüz olmasa da, azarkeşlərin səsi, gurultusu bizə çox böyük motivasiya verirdi. Ona görə də əlavə güc sayəsində sonadək vuruşa bildik.

- Norveçli jurnalistlərin millimizin mətbuat konfransına gəlməmələri sizdə qıcıq yaratmamışdı ki?

- Oyunöncəsi mətbuat konfransına gələndə baş məşqçimiz Robert Prosineçki ilə birgə olduğumuz vaxt norveçli nümayəndələrdən biri bizə yaxınlaşdı. Salam verdikdən sonra dedi ki, sabah 3 xalı götürüb evə gedəcəyik. Biz də belə baxdıq... Karyeramda birinci dəfə idi ki, rəqib komandanın nümayəndəsi bizə belə bir söz desin. Amma hər şeyi gördülər, evlərinə əliboş getdilər. Düşünürəm ki, bir daha belə danışmayacaqlar.

- İsveç "Göteborq"u ilə Avropa Liqasının "play-off" mərhələsindəki ev oyununuzda da meydanın vəziyyəti yaxşı deyildi. Bəs bu gün necə: Ot örtüyünün vəziyyəti oynamağa problem yaradırdı?

- Respublika Stadionu ilə Bakı Olimpiya Stadionunun ot örtüyü bir-birindən fərqlənir. Bu arena 2 gün əvvələ nisbətən normal idi. 2 gün əvvəl ot örtüyünü sulamışdılar, ümumiyyətlə, məşq etmək olmurdu. Bu gün isə bəzi futbolçular sürüşürdü, amma çox vaxt ayaq üstə qalmaq olurdu. Digər tərəfdən, bu örtüyə cəmi 20 gün qulluq olunub. Bu da futbol meydanı üçün çox azdır. Ən azı 6 ay belə vəziyyətdə qalmalıdır ki, dağılmasın. Düşünürəm ki, meydanı yaxşı vəziyyətə gətirmək üçün gələn ilədək vaxtımız var.

- Növbəti ev oyunlarını hansı stadionda keçirmək istərdiniz?

- Açığı, mənim üçün fərqi yoxdur. Tribunalar dolacaqsa, burada oynamaq yaxşı olardı. Amma elə oyunlar olur ki, azarkeş gəlmir. Lakin hiss edirəm ki, bu qələbələrdən sonra azarkeşlərin marağı daha yüksək olacaq. Bakı Olimpiya Stadionunun ot örtüyü düzəlsə, burada oynamaq bizə daha maraqlı olacaq.

- Özünüz mərkəz müdafiəçisi mövqeyində çıxış etsəniz də, qol vurdunuz. Həmin epizodda irəli çıxmağınıza səbəb nə idi?

- Qolu standart vəziyyətdən sonra vurduq. Baş məşqçimiz tapşırıq vermişdi ki, künc və cərimə zərbələri vurduğunuz vaxt irəli çıx. Çünki komandamızda alçaq boylu futbolçular çox idi. Ucaboylular mən, Eddi İsrafilov və Ruslan Qurbanov idik. Ona görə də irəli çıxdım. Elə oldu ki, cərimə zərbəsi yerinə yetirilərkən, rəqibin cərimə meydanını tərk etmədim. Gördüm ki, Ağabala Ramazanov yaxşı mövqedə durub. Mən də yaxşı açıldım, Ramazanov isə ayağıma ötürmə verdi. Nəticədə zərbəm tora tuş gəldi.

- Bəs mərkəz müdafiəçisi kimi yığmadakı ikinci oyununuzdan razı qaldınız?

- Yavaş-yavaş alışıram. Açığı, yalnız millidə sonuncu müdafiəçi mövqeyində oynayıram. "Qarabağ"da isə nadir hallarda məni o mövqedə görə bilərsiniz. Çünki həmin mövqedə oyunçularımız var. Bu gün bir az problem olduğu üçün məcbur oldum ki, mən oynayım. Tam yüzfaizlik oyun göstərə bilmədik. Baxmayaraq ki, qol vura bildim. Bir şeyi nəzərə almaq lazımdır ki, Norveç futbolçuları bizdən bir baş hündür idi. Ona görə də onlarla ikinci mərtəbədə mübarizə aparmaq çox çətin idi. Rəşad Sadıqovla danışdıq, buna hazır idik. Bizim üçün önəmlisi "ikinci mərtəbə" idi. Futbolçularımız rəqibin hücumlarının öhdəsindən gələ bildilər. Qapıçımız Kamran Ağayevi də qeyd edərdim. Bu gün çıxışda çox inamlı oynadı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR