"Bu, özümə xəyanət olar" - FOTO

"Bu, özümə xəyanət olar" - FOTO
13:52 9 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Aktrisa Məleykə Əsədova musavat.com saytının suallarına cavab verib. Mərasimlərin birinə qızı Gülər ilə qatılan aktrisa ilə söhbətə yeni yaradıcılıq işlərindən başladıq:

- Yeni yaradıcılıq işlərim çoxdur. Hamısını açıqlamaq istəmirəm. Qoy, tamaşaçılarıma sürpriz olsun. Oktyabrın 16-da "Mənim günahım" tamaşasında səhnəyə çıxacam. Hazırda məşqlər davam edir. Akif Təvəkküloğlunun "Xatırla məni" şeirini hazırlamışam. Onu efirdə səsləndirəcəyəm. Yeni tamaşa üzərində də çalışıram. Ətraflı tam hazır olanda danışacağam. 

- Son zamanlar serial və filmlərin çəkilməsi çoxalıb. Amma sizi o ekran işlərində görmürük. Səbəb nədir?

- Mənə də təkliflər çox olur, amma hələ ki, özümü içərisində gördüyüm iş  yoxdur. Nə vaxtsa, film və serialda çəkilmişəmsə, deməli, onları sevmişəm, mənimsəmişəm. Sevmədiyim, ürəyimə yatmayan ekran işində rol ala bilmərəm. Bu, özümə xəyanət olar. 

- 2016-cı ilin aktrisası seçildiniz. Bu cür mükafatlar sizin üçün nə ifadə edir?

- Təqdimat mərasimi noyabrın 15-da olacaq. 2015-ci ildə də ilin aktrisası seçilmişdim. 2016-cı ilin də aktrisasıyam. Sağ olsunlar ki, sənətimə hörmət edib, dəyərləndirirlər. Alqışlarını məndən əsirgəməyən tamaşaçılarıma minnətdaram. 27 ildir ki, sənətdəyəm, hələ də öz populyarlığımı saxlayıram. Tamaşaçıların sevgisi bir an olsun, əskilməyib. Bu, hər sənətkara qismət olmur. Tamaşalarımı Rusiyadan, İrandan, Türkiyədən izləməyə gəlirlər. Tamaşalarım anşlaqla keçir. Ona görə də mükafatlara layiq görülürəm.

- Bir az da geyimlərinizdən danışaq. Hər zaman sizi fərqli geyimlərdə görürük. Modanı izləyirsiniz?

- Modanı izləyirəm, amma dəb mənim bədənimə yaraşandır. Ola bilər ki, hansısa geyim dəbdə olar, amma mən onu özümə yaraşdırmaram. Mənim öz bədən formam var, boyum hündürdür, ayaqlarım uzundur, kilom da azdır. Gərək geyimi sevəm, bədənimə yaraşdıram. Geyimlərimi xarici ölkələrdən alıram ki, fərqli və tək olsun.

- Hazırda mərasimə qızınızla qatılmısınız. Uşaq moda gecəsi keçiriləcək. Bura qızınızın istəyi ilə gəlmisiniz, yoxsa ona dəbi aşılamaq üçün gətirmisiniz?

- Həm moda gecəsi, həm də Elza Seyidcahanın konsertidir. Mənim Elza xanıma böyük hörmətim var. Onun təklifi ilə gəlmişik. Eyni zamanda qızımı da kiçik model kimi yarışda iştirak etməyə dəvət etmişdilər. Dərsləri çox olduğu üçün razılaşmadım. 

- Qızınızın necə dəbə meyli varmı? 

- Qızımın marağı ancaq kitablardır. Xarici ölkələrə gedəndə ancaq kitab mağazalarına girib baxır. Geyimləri güclə alıram. Uşaqdır, təhsilə marağı olması yaxşıdır. Bu, məni sevindirir. Qızım dərslərini ingilis dilində oxuyur, dərsləri çətinləşib. Ona görə də dərslərini oxusa yaxşıdır. Moda uşaqlıq deyil. Hazırda gələcəyi üçün çalışmalıdır. Təhsil insanın var-dövlətidir. Nə zaman qızım böyüyər, o zaman dəblə maraqlanar. 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/477570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR