“Yalnız bu yolla Çexiyadan xal almaq olar”

“Yalnız bu yolla Çexiyadan xal almaq olar”
14:27 10 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun apasport.az-a müsahibəsini təqdim edir:

- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə oyunda qələbə qazanacağımıza az adam ümid edirdi. Matçla bağlı təəssüratlarınız necədi?

- Təəssüratlarım xoşdu. Çünki güclü rəqibə qalib gəldik. Norveç bizə tanış idi. Onlarla ötən seçmə mərhələdə də qarşılaşmışdıq, bizim üçün çətin olmuşdu. Bakıdakı matçda Norveç bizi üstələmişdi. Odu ki, onlardan revanş almaq istəyi ilə meydana çıxmışdıq. Oyun mənasında, təbii ki, rəqibin təhlükəli epizodları daha çox oldu. Lakin xarakter və güc nümayiş etdirərək, hesabı açmağı və üstünlüyümüzü sona qədər qoruyub saxlamağı bacardıq.
 
- Start heyətində yer almadığınız qarşılaşmanı kənardan seyr etmək çətin deyildi?

- Çox çətin idi. Kənardan baxanda daha çox həyəcanlanırsan. İstəyirsən ki, komandaya kömək edəsən. Bunun üçün hazır olmaq lazım idi. Mən oyunboyu meydandan kənarda məşq etdim. Bilirsiz ki, ilk hissədə Rəşad Sadıqov ayağında bir qədər ağrı hiss etdi. Düşündüm ki, onda meydana çıxacam. Amma Rəşad oyunu davam etdirə bildi. Nəticədə
baş məşqçi mənə son dəqiqələrdə şans verdi.
 
- Robert Prosineçki sizin hələ tam hazır olmadığınızı bildirib. Onun bu fikri ilə razısızmı?

- Bəli, razıyam. Bu, zədə ilə əlaqədar, uzun müddət oynamamağımla bağlıdı. Zədədən qayıdıb, birdən-birə bu cür çətin görüşlərdə oynamaq asan deyil. Zədəmi sağaltdıqdan sonra "Fiorentina"ya qarşı 1 hissə oynadım. Orda da baş məşqçi məni məcburiyyətdən meydana buraxdı. Çünki "Qarabağ" meydanda 10 nəfərlə qalmışdı. Bir də çempionatda "Qəbələ"yə qarşı görüşdə iştirak etdim. Həmin oyunun ilk hissəsi mənim üçün daha çətin keçdi. Fasilədən sonra isə bir qədər toparlandım. Yavaş-yavaş özümə gəlirəm.
 
- Çexiya ilə qarşılaşmada sizi əsas heyətdə görə bilərikmi?

- Həkimlər Rəşadı bir də yoxlayacaqlar. Onun meydana çıxmağının risk olub-olmamağı müayinədən sonra bəlli olacaq. Amma mən hazıram, Çexiya ilə görüşə köklənmişəm. Çünki baş məşqçi də dedi ki, hazırlaş, ola bilsin, çexlərə qarşı 90 dəqiqə oynayasan.
 
- Yeri gəlmişkən, Norveçlə qarşılaşmada müdafiənin mərkəzində Maksim Medvedev çıxış etdi. Komanda yoldaşınız sizin mövqeyinizdə necə təsir bağışladı?

- Pis deyildi. Üstəlik, qol vurdu. Bununla hamını təəccübləndirdi. Maksim "Qarabağ"da da bir neçə dəfə müdafiənin mərkəzində çıxış edib. O, təcrübəli futbolçudu və düşünürəm ki, müdafiənin istənilən yerində oynaya bilər.
 
- Norveç üzərindəki qələbədən sonra əksəriyyət Çexiya ilə qarşılaşmada da yığmamızdan yaxşı nəticə gözləyir...

- Çexlər Almaniyaya məğlubiyyətdən sonra daha acdılar. Başa düşürük ki, bizimlə oyuna qələbə üçün çıxacaqlar.
 
- İstənilən halda, matçın favoriti Çexiyadı...

- Əlbəttə ki. Həm oyunçuların keyfiyyəti, həm də doğma meydan amili çexləri favorit edir. Başa düşürük ki, bizi ağır oyun gözləyir. Norveçlə görüşdə çox güc sərf etdikdən sonra çexlərə qarşı oynamaq daha da çətinləşəcək. Amma yenə sona qədər döyüşməli, mübarizə aparmalıyıq. Yalnız bu yolla Çexiyadan xal almaq olar. Çünki biz ustalıq cəhətdən elə güclü deyilik ki, Çexiyanı üstələyək.
 
- Bir qədər də "Qarabağ" barədə danışaq. Çempionatın ilk dövrəsindən sonra turnir cədvəlinə "Qəbələ" başçılıq edir. Belə görünür ki, titulunuzu qoruyub saxlamaq asan olmayacaq...

- Qarşımıza yenə çempionluq tapşırığı qoyulub. Məqsədə çatmaq üçün sona qədər mübarizə aparacağıq. "Qəbələ"dən 6 xal geri qalırıq. Lakin bu, elə də böyük fərq deyil. Çünki hələ çempionatda 1 dövrə oynanılıb. Mübarizə qabaqdadı. Qarşıda "Qəbələ" ilə oyunlarımız var. Hər şey özümüzdən asılıdı. Cari mövsüm göstərir ki, çempionatda asan oyun yoxdu. Gəncədə də, "Qəbələ" və "İnter"lə matçlarda da çətinliklə üzləşdik.
 
- Avroliqada komandanızın şanslarını necə qiymətləndirirsiz? Qrupdan çıxmaq istəyiniz yenə arzu olaraq qalacaq?

- İki görüşdən sonra cəmi 1 xalımız var. Qarşıdan PAOK-la oyunlar gəlir. Mən deyərdim ki, qrupdan çıxmaq taleyimizi məhz bu matçlar həll edəcək. Bəziləri düşünür ki, asan qrupa düşmüşük. Əslində isə belə deyil. Çətin qrupdu. PAOK-u evdə məğlub etməliyik. Səfər matçında isə minimum 1 xal qazanmalıyıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR