Ramin Musayev: "Mil-Muğan"da legioner yoxdur" - MÜSAHİBƏ

Ramin Musayev: "Mil-Muğan"da legioner yoxdur" -   MÜSAHİBƏ
14:47 10 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

5 oktyabr 2016-cı il tarixindən Fanat.Az saytında “Əsgərlikdən gizlənən iranlılar, oynamayan “futbolçular” - I divizionda legioner oyunu” sərlövhəli araşdırma dərc edilib (http://fanat.az/xeber-sgrlikdn-gizlnn-iranllar-oynamayan-futbolcular-t53104.html). Yazıda I divizion klublarının legioner futbolçu transferindəki şübhələrə diqqət çəkərək, bir çox məqamlara toxunmuşduq. Həmin araşdırmanın davamı olaraq, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə söhbətləşməyi lazım bildik. 


- Ramin bəy, Əsasnaməyə uyğun olaraq, klublar sifariş etdikləri hər bir legioner futbolçu üçün 5 min manat rüsum ödəməlidirlər. Bəs, maddi durumu yaxşı olmayan I divizion klubları necə, onlar da tələb olunan vəsaiti PFL-ə köçürdüblər? 

- Əgər futbolçu Azərbaycan mənşəli deyilsə, ödəyirlər.


- Hətta, forma almağa belə pulu olmayan “Energetik” də? Bu klubun heyətində 2 iranlı var və açığı, onların rüsum ödəməsi inandırıcı görünmür...

- Cavab verirəm - azərbaycanlı mənşəli futbolçulara görə rüsum götürmürük.


- Belə başa düşdüm ki, həmin iranlılar dediyiniz kateqoriyaya daxildir...

- Bəli. Əgər futbolçu azərbaycanlıdırsa, ödənmir.


- Məsələnin məğzini izah edim: I divizionda legioner futbolçuların oynamasını klublar xahiş edirdi və nəticədə limit dəyişdirildi. Hazırda 14 klubdan 6-sının heyətində 19 əcnəbi var. Lakin onlardan yalnız 9 nəfəri ilk 4 tur ərzində meydandan olub. Bu isə həmin futbolçuların əksəriyyətinin ümumiyyətlə futbolçu olmadıqlarına dair şübhələrə yol açır...

- Hansı klubdur oynatmayan?


- Məsələn, “Bakılı”, “Mil-Muğan”....

- “Mil-Muğan”da legioner yoxdur, axı...


- Bir nəfər iranlı var.

- Yoxdur, qeydiyyatdan keçməyib.


- PFL-in rəsmi saytında “Mil-Muğan”ının heyətinə baxın, görəcəksiniz...

- Bizdən maliyyələşən bütün I divizion klublarına deyilib ki, öz futbolçularımızı götürsünlər.


- “Şahdağ” klubunun heyətində 8 legioner var, lakin ilk 4 turunun statistikasına əsasən deyə bilərəm ki, onlardan 5-i meydana çıxmayıb. Aşağı dəstədə çıxış edən klubun 5 əcnəbini ehtiyatda saxlaması normal hal deyil. Burda nəsə başqa amil var...

- İstəyirsən 50-in gətirsin, qışda nə edəcək? Limit dəyişəndə necə olacaq?


- Bizdə olan məlumata görə, İran İslam Respublikasının vətəndaşları ölkələrində hərbi xidmətdən yayınmaq üçün menecerlərin köməyi ilə adlarını bizim klublara yazdırırlar. İranlıların oynadılmamasının səbəbinin məhz bu olduğunu düşünürük -oynamayanlar futbolçu deyil...

- Necə futbolçu deyillər ki, onların sənədləri İran Futbol Federasiyasından gəlir?


- Hər halda, bunu hansısa bir şəkildə həll edə bilərlər...  

- Əvvəlki vaxt deyil ki, əllərində kağız gələlər. Xaricdən gələn hər bir futbolçunun sənədləri həmin dövlətin federasiyasından elektron poçtla gəlir.


- Başa düşürəm sizi. Lakin istənilən halda şübhəlidir. Klub legioner gətirir, amma onu ümumiyyətlə oynatmır...

- Bəlkə hələ hazır deyillər?


- Bunun biri, ikisi, üçü hazır olmasın. 19 legionerdən 8-i ilk 4 turda meydana çıxmayıb. 

- Bu, klubların şəxsi işidir. Bir söz deyə bilmərəm. Çempionatın başlanmasına az qalmış legioner məsələsi gündəmə gəldi və limiti dəyişdik. Lakin yanvardan sonra əvvəlki qayda olacaq.

 

ŞAMO 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ramin-musayev-quotmil-muanquotda-legioner-yoxdurquot-t53231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR