Yaxşı kitab almaq istəyirsinizsə, MÜTLƏQ OXUYUN!

Yaxşı kitab almaq istəyirsinizsə, MÜTLƏQ OXUYUN!
14:48 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Çox zaman kitab seçməkdə çətinlik çəkirik. Sonradan vaxtımıza və pulumuza heyfimiz gəlməsin deyə, kitab alarkən nələrə diqqət etməli olduğunuzu Publika.az sizlər üçün araşdırdı.

Müəllif

Birinci diqqət edəcəyimiz məqam müəllif adıdır. Əgər müəllif adı dillərdə gəzirsə, o zaman bu əsərin uğur qazanacağına şübhə yoxdur. Amma bir şeyi unutmaq olmaz ki, milyon tirajlarla satılan kitablar heç də oxucunun istəyi ilə bağlı deyil. İndiki zamanda müəllifin məşhurluğu daha çox reklamla əlaqədardır.

Müəllif haqqında kitabda məlumatın olmasına diqqət edin (daha çox kitabın son səhifəsində və ya arxa üzlüyündə olur). Əgər müəllifin fəxr edəcəyi mükafat və daha əvvəl yazdığı kitablar varsa, bunu nəşriyyat kitabda mütləq qeyd edəcək. Belə məlumatlar isə sizə həmin əsərdən nə gözləyəcəyinizə kömək edəcək.

Tərcümə

Bədii əsərləri tərcümə edən demək olar ki, müəlliflə bir mövqedə durur. Çox heyf ki, Azərbaycanda tərcüməçilərə çox az pul verildiyindən onlar buna ikinci iş olaraq yanaşırlar. Bu da əlbəttə ki, əsərin keyfiyyətinə təsir göstərir. Əgər sizin kitabı orijinalda oxumaq imkanınız yoxdursa, o zaman tərcüməçinin istedadına güvənməli olacaqsınız.

Əslində tərcümə bir neçə etapdan keçir. Yəni nəşriyyat tərcüməçinin pulunda qənaət etsə belə, onun səhvlərini düzəldəcək redaktor var. Amma bu da çox vaxt yetərli olmur. Qaydaya görə, redaktordan sonra yazını 3 dəfə korrektor oxuyur. Hətta bundan sonra belə, bəzən yazıda səhvlər tapmaq mümkündür. Əgər kitab mağazasında əlinizə götürdüyünüz kitabda səhvlər gördünüzsə, onu dərhal yerinə qoyun. Çünki nəşriyyat tərcümədə qənaət edibsə, çətin ki, bu kitabı oxumaqdan zövq alasınız.

Annotasiya

Əfsuslar olsun ki, kitabın üz qabığındakı tövsiyələr çox zaman elə də önəm daşımır. Bunun reklam məqsədi ilə edildiyini anlamalısınız. Rəyin müəllifləri əsəri heç bir zaman oxumamış ola bilər, adi insanların yaxşı rəyini isə elə naşirlərin özləri uydururlar.

Əslində biz əsas annotasiyaya (bir kitab, məqalə və s. haqqında qısaca məlumat) diqqət eləməliyik. Əgər annotasiyadakı süjet xətti sizi maraqlandırıbsa, bu əladır. Yox, əgər süjet xətti tam aydın deyilsə və yaxud dolayısı yolla çatdırılırsa, o zaman diqqətli olun. Çünki ola bilsin ki, nəşriyyat müəllifin əziyyətini gizlətmək istəyib və ya kitabın çapında peşəkarlar işləməyib.

Reklam

Əlbəttə ki, yaxşı xəbərlər də var. Nəşriyyat evi heç vaxt uğur gətirməyən kitabın reklamını edərək, öz nüfuzuna xələl gətirməz. Onu insanları cəlb edəcək keyfiyyətli kitablar daha çox maraqlandırır. Buna görə də reklam kitab dünyasında seçim üçün yaxşı vasitələrdən biridir. Nadir hallarda reklam olunan bestsellerlər uğursuz olur.

Xarici görünüş

Bestsellerlerin keyfiyyətsiz vərəqdə çap olunması dövrü çoxdan bitib. Əgər kitab səliqəli şəkildə keyfiyyətli kağızda çap olunubsa və qeyri-adi üz qabığına malikdirsə, deməli nəşriyyat özü kitabın uğur qazanacağına inanır. Əgər proses zamanı nəşriyyat kitabın uğursuz olacağını başa düşübsə, onda onun üz qabığında qənaət edəcək.

Sarı və boz rəngli vərəqi olan kitablardan uzaq durun. Amma hamının elədiyi səhvi buraxmayın. Parıltılı kağızdan başqa da kitab çapı üçün çox keyfiyyətli kağızlar var.

Tiraj

Diqqət ediləsi daha bir məqam. 3000 nüsxədən az tiraj o deməkdir ki, nəşriyyat özü kitabın uğur qazanacağına inanmır. Lakin bu qayda həmişə işləmir. Birincisi, bu, əlavə tiraj ola bilər, ikincisi, kitab müxtəlif seriya və formalarda çap oluna bilər (belə olan halda siz yalnızca tirajın bir hissəsini görürsünüz), üçüncüsü, yaxşı kitabların hamısının böyük auditoriyaya hesablanmaması mümkündür.

Mələk Heydərova


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/171584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR