"Gözəllik kraliçası" Permdən mükafatla döndü - FOTO

"Gözəllik kraliçası" Permdən mükafatla döndü - FOTO
16:42 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti RF-in Perm şəhərində keçirilən II Beynəlxalq Martin MakDonax Teatr Festivalında uğurla çıxış edərək Vətənə dönüb. Kollektiv artıq ikinci dəfə qatıldığı festivalda ölkəmizi adıçəkilən müəllifin "Lineynin trilogiyası"na daxil olan "Gözəllik kraliçası" tamaşası ilə təmsil edib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandırıblar.

Oktyabr ayının 1-dən - 7-dək davam edən festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Hersoqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak ediblər.
Festivalın beynəlxalq münsiflər heyətinə dünyanın müxtəlif ölkələrinın ən görkəmli teatr mütəxəssisləri daxil olunub. Bunlar münsiflər heyətinin sədri, teatr və kino aktyoru, "Monokl" Teatr mükafatının və iki dəfə "Qızıl maska" Milli Teatr mükafatının, Sankt-Peterburqun ali teatr mükafatı olan "Qızıl Sofit"in və digər teatr festivallarının laureatı Sergey Dreyden (Rusiya), teatr tənqidçisi, "Müasir dramaturgiya" jurnalının redaksiya kollegiyasının üzvü, "Klauzura" jurnalının baş redaktor köməkçisi, müxtəlif teatr festivallarının münsiflər heyətinin iştirakçısı Valeri Bequnov (Rusiya), "Aux Rages de l'ame" teatr kompaniyasının direktoru və bədii rəhbəri, rejissor Rolan Bonnin (Fransa), RF-in və Polşa Respublikasının əməkdar incəsənət xadimi, "Teatr həyatı" jurnalının baş redaktoru Oleq Pivovarov (Rusiya), teatr tənqidçisi, jurnalist Pavel Podkladov ((Rusiya), aktyor, rejissor, "ZERO" Teatrının bədii rəhbəri Oleq Rodovilski (İsrail), yazıçı, araşdırmaçı, professor Ardəşir Salehpur (İran), Perm Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri, RF-in xalq artisti Mixail Skomoroxov (Rusiya), teatr tənqidçisi, jurnalist, sənətşünaslıq namizədi, "Teatr sualları" jurnalının redaktoru Marina Timaşeva (Rusiya), teatrşünas, filologiya elmləri doktoru Vera Şamina (Rusiya) olublar.
Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 4-də öz tamaşasını nümayiş etdirib. Tamaşadan sonra Festivalın Beynəlxalq səviyyəli münsiflər heyəti və tənqidçilər qrupu "Gözəllik kraliçası"nı müzakirə edərək tamaşa, aktyor oyunu, rejissor həlli haqqında maraqlı fikirlər səsləndiriblər.
Tamaşamız festivalın xüsusi diplomuna layiq görülüb.

Festival çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti həm də münsiflər heyətinin rəhbərlik etdikləri ustad dərslərində və treninqlərdə də iştirak ediblər.
Festival çərçivəsində yaradıcı heyətə rəhbərlik edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Beynəlxalq ASSİTEJ-ə üzv olan iştirakçı ölkələrin ASSİTEJ rəhbərləri və Perm Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə də görüşüb, gələcək yaradıcılıq əlaqələri ilə bağlı müzakirələr aparıb.
Kollektivimiz tamaşamızı izləyən Rusiyanın Perm vilayəti üzrə Azərbaycan diasporunun sədri və bir sıra fəalları ilə də görüşüb.
Oskar mükafatçısı Martin MakDonax Festivalının keçirilməsi təkcə Rusiya teatr məkanı üçün deyil, ümumilikdə bütün dünya teatrları üçün olduqca əhəmiyyətli teatr hadisəsidir. Festivalın məhz Perm şəhərində keçirilməsinın səbəbi isə ondan ibarətdir ki, Permdə fəaliyyət göstərən və festivalın əsas təşkilatçılarından biri olan "У моста" teatrının səhnəsində dünyada ilk dəfə olaraq dramaturqun 8 pyesi hazırlanaraq nümayiş etdirilib. Buna görə də bu teatr 2008, 2010 və 2012-ci illərdə bir sıra nüfuzlu mükafatlara, habelə "İnişmanlı şikəst" tamaşasına görə "Qızıl maska" mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, ADGTT 2 il öncə sözügedən festivalda müəllifin "Yalqız Qərb" tamaşası ilə çıxış edərək Festival prezidentinin xüsusi prizinə layiq görülüb.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/478009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR