Azərbaycanın xarici ticarət dövriyyəsi 20% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 20% azalıb
18:12 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanın gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 14 055,1 mln. ABŞ dolları təşkil edib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% azalıb.
Cari ilin ilk 8 ayında ixracın dəyəri 8 515,1 mln. dollar, idxalın dəyəri 5 540,0 mln. dollar olub, nəticədə 2 975,1 mln. dollarlıq müsbət saldo yaranıb. İxrac illik müqayisədə 27,3%, idxal isə 6,1% azalıb. Müsbət ticarət saldosunda isə 2 dəfəyədək azalma qeydə alınıb.
Hesabat dövründə Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac, 167 ölkədən idxal olunub.
Ticarət dövriyyəsinin 38,2%-i Avropa İttifaqı ölkələri, 12,0%-i MDB üzvü dövlətləri, 49,8%-i isə digər ölkələrin payına düşüb.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, plastik kütlə, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağları, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanin-xarici-ticaret-dovriyyesi-20-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR