Azərbaycanda dini icmaların rəhbərlərinin seminarı keçirilir - FOTO

Azərbaycanda dini icmaların rəhbərlərinin seminarı keçirilir  - FOTO
19:17 10 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə "Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda ikigünlük seminar başlayıb.

Milli.Az bildirir ki, DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminarda komitə sədrinin birinci müavini Səyyad Salahlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç iştirak edir.

Azərbaycanın Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Etibar Nəcəfov seminarı giriş sözü ilə açaraq Dövlət müşaviri Kamal Abdullayevin adından seminar iştirakçılarını salamlayıb. E.Nəcəfov çıxışında Azərbaycanın multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını qeyd edib. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşıdıqları və dini radikalizmin qarşısının alındığı diqqətə çatdırıb.

E.Nəcəfov dövlətimizin multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdə mövcud olan etnik-mədəni dəyərlərin qorunmasında, etnik toplumlar arasında dostluq və qardaşlıq mühitinin formalaşmasında əldə olunan nəticələri vurğulayaraq bildirib ki, ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların din azadlığı hüquqlarının müdafiə olunmasına dövlətimiz xüsusi fikir verir. Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində görülən işlər, Alban-Udi, eləcə də pravoslav kilsələrinin, sinaqoqların bərpa olunması və yenilərinin tikilməsi, Bakının mərkəzində erməni kilsəsinin bərpa olunması və qorunması buna əyani sübutdur. Eyni zamanda, müstəqillik dövründə ölkəmizdə iki mindən çox məscid tikilib, qədim dini-tarixi abidələr bərpa edilib. "İmamzadə" kompleksində, Şamaxı Cümə məscidində aparılan təmir-bərpa və tikinti işləri başa çatdırılaraq istifadəyə verilib. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan Heydər məscidi isə Azərbaycanın ən böyük məscididir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri K.Finç çıxışında seminar iştirakçılarına öz təşəkkürünü bildirib. K.Finç büronun bu sahədə gördüyü işlərdən danışaraq, maarifləndirmə məqsədilə keçirilən ikigünlük seminarın əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, seminarın məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi və bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.

Daha sonra Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal çıxış edərək Azərbaycandakı tolerantlıq mühitindən danışıb. Ravvin qeyd edib ki, Azərbaycan tolerantlığın canlı nümunəsidir və ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir.

Seminar K.Finçin moderatorluğu ilə müzakirələrlə davam edib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR