Samiraldonun suçu nə?

Samiraldonun suçu nə?
21:22 10 Oktyabr 2016
172 Ölkə
Ölkə mətbuatı
A- A+

İşə gəlib kompüteri açan kimi birinci işimiz saytlara göz atıb olub-bitəndən xəbər tutmaq olur. Deyirsən görək güllü-çiçəkli vətənimizdə nələr baş verir, nələr olur? Deyirsən bəlkə nəsə dəyişib, deyirsən bəlkə nəsə bir hənirti var...
Amma görürsən yox, həmən-həməndi - köhnə hamam, köhnə tas!
Məsələn, Kamil adlı idmançı oğlan homoseksual stilist Samiraldonu məclisdən qovub ki, bura sənin yerin deyil, burada kişilər oturur.

Samiraldo Kamilin haqqını yeyib?

Yox.

Samiraldo Kamilə səhv müalicə yazıb?

Yox.

Samiraldo Kamlin övladına dərs keçməyib, onu savadsız şagird kimi yetişdirib?

Yox.

Samiraldo dini bayraq eləyib, adamların beynini yuyub Suriyaya göndərib?

Yox.

Samiraldonun hardasa, hansısa işdəsə saxtakarlıq etdiyini görüblər?

Əşi yenə də yox!

Tapdım! Bəlkə Samiraldo illərlə AFFA-dan ayda 94 min avro pul qoparıb, futbolçularımıza heç nə öyrətmədən aradan çıxan Berti Foqtsdur?
Yoxsa uşaq evlərindəki qızları fahişəliyə də Samiraldo cəlb edir?
Yox, yox, yox, bir daha yox!

Samiraldonun yeganə günahı odur ki, gecələr öz evində, yatağa qarşı cinslə yox, öz həmcinsi ilə girir. Yəni bunun ümumdaxili məhsula, kənd təsərrüfatının inkişafına, yaxud geriləməsinə, abituriyentlərin ana dilində iki alıb-almamasına, bazardakı satıcıların bizi tərəzidə aldatmasına uzaqdan-yaxından və yaxından-uzaqdan heç bir dəxli yoxdur.

Bəs bu aqressiya nədəndir? Niyədir, nə səbəbədir?
Niyə insanların şəxsi həyatına, şəxsi seçimlərinə görə onlara bu qədər aqressivik?
Deyim niyə.

Anlamaq istəmirik ki, bizə verilən ömür başqalarının həyatını irdələməyə, başqalarının alt paltarının içində eşələnməyə verilməyib.
Bu dünyaya bir dəfə gələsən, onda da Remarkı tanımayasan, Fellinidən, nə bilim, Nazim Hikmətdən xəbərin olmaya, gedib heç kimə zərəri dəyməyən istedadlı, öz qazancı ilə dolanan qabiliyyətli bir insanın üstünə hücuma keçəsən. Özü də bu adamın gücsüz, zəif, sənə heç bir şəkildə cavab verə bilməyəcəyini bildiyin təqdirdə.

Yaraşarmı? Bir idmançı bunu özünə yaraşdıra bilərmi? Məncə, yaraşdırmamaldır.
Samiraldo öz sahəsində yetərincə uğur qazanmış, insanlara sevgi və sayğıyla yanaşan bir insandır. Hər halda mən belə müşahidə etmişəm. Belə bir adamı gözümçıxdıya salmaqla, alçaltmaqla nə əldə bilərik, günahdan başqa.

Homoseksuallıq heç bir halda bir insanın nalayiq sözlərlə təhqir olunmasına səbəb ola bilməz. Bu dünyada insan ləyaqətindən dəyərli heç nə yoxdur. Bütün böyük əsərlər məhz insanın mənəviyyatı hesabına, məhz insanın mənəvi aləmini gücləndirmək üçün yazılıb. Yazılıb ki, hansısa qoluzorlu idmançı onları oxuyandan sonra körpələr evində böyüyən, orada başına min bir zülm gələn bir insanı təhqir etməyin yaxşı olmadığını dərk eləsin.

Amma gərək əvvəlcə o idmançı o kitabları oxusun. Biz nə deyirik ki? Oxusun də, oxusun. Biz deyirik oxumasın?
Nə isə. Hər şey yaxşı olacaq. Yoxsa mən də yavaş-yavaş dəli oluram, hə?    
 
Sevinc Fədai
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR