Mən sizə haram tikə yedizdirmədim

Mən sizə haram tikə yedizdirmədim
21:32 10 Oktyabr 2016
285 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar marketlərdən, paltar mağazalarından oğurluq edənlərin sayı artıb.

"İş" başındaykən nəzarət kamerasına yaxalanmış ehtiyacın əsir aldığı insanların görüntülərini izlədikcə ağrı üzlü qonaq kimi gəlib oturur ürəyimizdə...

Xeyirlə şər, halalla haram arasında əbədi mübarizədə maddi sıxıntılara tab gətirməyib son çarə kimi oğurluğa əl atan adamların uduzduqları qazandıqlarından qat-qat artıqdır.

Köhnə məhəlləmizdə yaşı yetmişi haqlamış Dilbər adlı bir qonşumuz var idi. Hər səhər yeddi-səkkiz yaşlarında olan nəvəsini də yanına alıb üz tutardı dükan-bazara. Satıcıların gözlərindən yayınıb piştaxtanın üstündən oğurladığı şeyləri gah ətəyində, yaxasında, gah da nəvəsinin köynəyinin altında gizləyərdi. Bir-iki dəfə satıcılar duyuq düşüb yaxalasalar da, Dilbər arvadın ağ saçlarına, bir də qorxuya düşüb için-için ağlayan uşağın göz yaşlarına rəhm eləyib polis çağırmaqdan vaz keçmişdilər.

Dilbər arvad öləndən sonra nəvəsi başladı bloklardan elektrik lampalarını oğurlamağa. Qürbət kişinin təzə aldığı avtomobilinin yoxa çıxmış təkərləri də onların zirzəmisindən tapılmışdı. Bir dəstə adam minnətə gəlmişdi Qürbət kişinin qapısına. O da minnətçi düşənlərin sözünü yerə salmayıb şikayətçi olmamışdı.

Sonunda Dilbər arvadın nəvəsini qonşunun açıq qalmış pəncərəsindən oğurluğa girdiyi üçün polislər tutub aparmışdılar bölməyə... Cəzasını çəkib qayıtmışdı məhləyə. Ancaq bir ay keçməmiş tələbə qızın qulağından sırğanı dartıb qaçan zaman tutulub yenidən qayıtmışdı həbsxanaya. Bir neçə ildən sonra beli bükülmüş, saç-saqqalı ağarmış vəziyyətdə dönmüşdü evlərinə. Zindanlarda çürütdüyü ciyərlərinə azadlığın havasını doyunca çəkmək qismət olmamışdı. Evlərinə gələndən bir həftə sonra ölmüşdü.

Halala arxa çevirib harama əl uzadan və yuxarıda əhvalatını yazdığım gəncin taleyini yaşayan nə qədər insan var bu məmləkətdə...
Nəfslərinə yenik düşüb paltar mağazasından kofta, ayaqqabı dükanından çəkmə, marketlərdən ərzaq oğurlayan adamlar törətdikləri əməlin, düşdükləri zillətin nə ilə sonlana biləcəyini düşünməlidirlər. Bilməlidirlər ki, haram loxmanı udmaq olsa da, həzm etmək olmur.
Vaxt var ikən onları uçuruma aparan bu yoldan uzaqlaşmalıdırlar.

Uzaqlaşmalıdırlar ki, günü sabah övladlarına qorxub çəkinmədən deyə bilsinlər: "Mən sizə haram tikə yedizdirmədim..."

Xuraman Hüseynzadə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR