Fəthullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2012-ci ildə cərrahiyyə əməliyyatı masasında öldürmə planı ilə əlaqədar yeni ifadə ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğuna müraciət edən gizli şahid FETÖ-nün qərargah qrupunda yer alan Alaaddin Kaya ilə bağlı əhəmiyyətli məlumatlar verib.
Onun sözlərinə görə, “Zaman” qəzetinin keçmiş sahibi Alaaddin Kaya Ərdoğana qarşı sui-qəsd cəhdini MİT böhranından 1 həftə əvvəl bilirdi.
“Alaaddin Kaya o dövrün baş naziri Rəcəb Tayyib Ərdoğanın əməliyyatından bir həftə əvvəl qonaqları ilə birlikdə “Ekononi” qəzetində idilər. Kaya bu dəfə bu işin (Ərdoğana sui-qəsd –red.) xəstəxanada qəti şəkildə olacağını deyərək əllərini bir-birinə vurdu. Qarşısındakı adamlar da “inşallah” deyərək gülüşdülər. Onların kim olduğunu bilmirəm. Alaaddin Kaya xüsusi qonaqlarını şəxsən qarşılayar, özü yola salar, kimsə ilə söhbət etməsinə imkan yaratmazdı”, - gizli şahid deyib.
Şahid bildirib ki, bir həftə sonra Ərdoğanın əməliyyat edildiyi və əməliyyatdan əvvəl başqa bir xəstəxanada sui-qəsd ehtimalı olduğuna dair xəbərlər çıxanda sui-qəsdin arxasında FETÖ-nün olduğunu təxmin edib. Onun sözlərinə görə, təşkilatın təhlükəsizlik güclərindəki adamlarından qorxduğu üçün xəbər verməyib.
Daha əvvəl yayılan məlumata görə, Türkiyə prezidentinin FETÖ-ya məxsus xəstəxanada əməliyyat olunmasına Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan mane olub.