Bakının zibil problemi

Bakının zibil problemi
14:52 11 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı şəhərinin müxtəlif yerlərində tullantılardan axan suyun nəticəsində ətrafında "üfunət gölü" yaranan zibil qutuları əsl xəstəlik mənbəyidir. Tullantının paytaxtda yaratdığı xoşəgəlməz mənzərə, dəhşətli iy zibil qutullarına hələ 20 metr məsafə qalmış ürək bulandırır. Bütün bu hallar isə yoldan keçən sakinlər üçün müxtəlif problemlər yaradır. "Report"un əməkdaşları şəhərin müxtəlif yerlərində tullantıdan axan çirkli suların, ətrafa dağılan zibillərin əhali üçün yaratdığı problemləri araşdırıb.
Tullantılardan ətrafa sızan su böyüklərin və uşaqların ayaqqabılarına bulaşır və problemə çevrilir. Aynurə Məmmədova adlı şəhər sakini deyir ki, evinə gedərkən qaranlıq olduğu üçün ayaqqabıları tullantı suyuna batıb: "Ayaqqabılarım tullantı suyuna batdı. Su şirəli olduğundan yapışqanlıq yarandı və yolda olan bütün toz-torpaq ayaqqabılarımın altına yapışdı. Evə gələndə onların altını xlorla təmizləmək məcburiyyətində qaldım".
Başqa bir şəhər sakini isə deyir ki, zibil qutusunun yanından keçə bilmək üçün uzaqdan bir neçə dəfə dərindən nəfəs alır. Beləliklə, yaxına çatanda burnunu bağlayıb keçə bilmək üçün şərait hazırlayır.
Şəhərin bir çox yerlərində zibil qutuları boş olduğu halda tullantıların qutuların ətrafına səpələnməsinin də şahidi olduq. Sakinlərin verdiyi məlumata görə, onlar zibil qutularının ətrafında hər hansı bir dezinfeksiya işlərinin aparıldığını görməyiblər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Report"a bildirib ki, zibil qutularının yeri, ətrafı vaxtlı-vaxtında dezinfeksiya olunmaldır: "Hər rayonun Mənzil-Kommunal Təsərrüfat birlikləri (MKTB) ərazi dezinfeksiya şöbələri ilə bu xidməti həyata keçirmək üçün müqavilə bağlamalıdırlar. MKTB-lər həmin müqavilələri bağlamağa təşəbbüs göstərmir. Müqavilələrin sayı sıfır səviyyəsindədir. Ona görə də ağcaqanad, həşəratlar artır. artmasından və məişət tullantılarının mütəmadi daşınmamasından şikayət edirlər. Vaxtında daşınmayan və yeri dezinfeksiya olunmayan zibil atılan ərazilər xəstəlik mənbəyidir".
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamenti kommunal və ticarət obyektlərini məcburi müqaviləyə cəlb etməlidir. "Report" bu məsələ ilə bağlı BŞİH-dən  eləcə də MKTB-lərdən cavab almaq mümkün olmayıb. Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən isə bildirilib ki, müqavilələrin bağlanması onlara aid olmayan məsələdir.
"Kommunal Xidmətlər Müəssisəsi" MMC-nin hüquqşünası "Report"a bildirib ki, yay aylarında tullantıdan çıxan suyun yerə tökülməsinin qarşısını almaq mümkün olmur: "Problemin qarşısını almaq üçün qutuların qoyulduğu yer düzgün tikilməlidir. Altı betonlanmalı, tullantıdan axan suyun kanalizasiya xəttinə birləşdirilməsi təmin olunmaldır. Bakı şəhərində bu cür şəraitin yaradıldığı zibil atılan yerlər az saydadır və bu şəraitin yaradılması onların səlahiyyətində deyil".
Onun sözlərinə görə, əhali sıra ilə qoyulmuş 10 zibil yeşiyindən ilk sırada olan ikisi dolduqdan sonra onların önündən keçib zibili boş qutuya atmaq əvəzinə, dolu qutuların üstünə atır. Nəticədə tullantllar ətrafa səpələnir.
Müəssisənin şöbə müdiri Heydər Həşimov isə vurğulayıb ki, yay aylarında sulu tullantılar çox olur: "Meyvə-tərəvəzin, xüsusilə bostan məhsullarının suyu zibil qutularının dibinə çökür. Bu da zibil boşaldılanda ətrafa dağılır. Tullantıdan suyun çıxması müvəqqəti, mövsümi problemdir. Yay ayları başa çatdıqdan sonra bu problem də aradan qalxacaq".
Nəzərə alsaq ki, qış aylarında yağıntılar başlayacaq və zibil qutularının əksəriyyətinin üstü də açıq vəziyyətdədir. O zaman problem elə qışda da davam edəcək.
Qeyd edək ki, Tarif Şurasının “Məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri tariflərinin tənzimlənməsi barədə” qərarına əsasən 1 m3 məişət tullantısının daşınma tarifi əlavə dəyər vergisi ilə birlikdə 10 manat müəyyən edilib.
Paytaxt sakinləri məişət tullantılarının daşınması üçün adambaşına 30 qəpik ödəyirlər. 








Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/bakinin-zibil-problemi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR