"Metroda bir sərnişinin daşınma xərci arta bilər" - Nəsimi Paşayev

"Metroda bir sərnişinin daşınma xərci arta bilər" - Nəsimi Paşayev
16:44 11 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

 

 

"Bakı Metropoliteni" 2016-cı ilin ilk yarısında sərnişindaşımaya əvvəlki ildəkindən çox xərc çəkilməsi, bir sərnişinin daşınma xərcinin həddən çox artması və QSC-nin maliyyə hesabatlarını açıqlamaması məsələlərinə münasibət bildirib.

 

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki,  “Bakı Metropoliteni” QSC qanunvericiliyin tələbinə uyğun olaraq, rəsmi statistikaları daim müvafiq dövlət qurumlarına vaxtında təqdim edir və illik maliyyə hesabatlarını ictimaiyyətə açıqlayır. Maliyyə hesabatı ilə hətta Metropolitenin rəsmi veb səhifəsindən də (http://metro.gov.az/az/about/metropoliten/fin) tanış olmaq mümkündür. Bütün bunlar müstəqil audit şirkəti tərəfindən tərtib edilib.

 

N. Paşayevin sözlərinə görə, Dövlət Statistika Komitəsinə təqdim edilmiş rəsmi məlumatlara əsasən, Bakı Metropolitenində 2015-ci ilin I yarısında sərnişindaşıma üzrə xərclər 50359,8 min manat, 2016-cı ilin müvafiq dövrü üçün isə 55618,1 min manat təşkil edib: "Göründüyü kimi, qeyd olunan dövr üzrə xərclər 40 milyon manat deyil, 5,3 milyon manat artıb ki, bu da əsasən 2015-ci ilin sonunda “Elmlər Akademiyası” stansiyasının II çıxışının istismara verilməsi, metropolitenin mövcud stansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, əsas fondların dəyərinin artması ilə bağlı amortizasiya xərclərinin çoxalmasından ibarətdir. Sərnişindaşıma üzrə 2015-ci ilin 6 ayı ərzində 112,2 milyon, o cümlədən gediş haqqını ödəyən 108,2 milyon və 2016-cı ilin müvafiq dövrü ərzində 109,3 milyon, o cümlədən gediş haqqını ödəyən 106,2 milyon sərnişin daşınıb. Sərnişindaşımadan gəlirlər 2015-ci ilin 6 ayı ərzində 21637,1 min manat, 2016-cı ilin müvafiq dövründə 21245,5 min manat təşkil edib. Göründüyü kimi, 2016-cı ilin 6 ayı ərzində keçən illə müqayisədə 2,0 milyon az sərnişin daşınıb və buna uyğun olaraq gəlirlər də 391,6 min manat və ya 1,8% az olub".

 

N. Paşayev bir sərnişinin daşınma xərcinin heç də bəzi mətbuat orqanlarında yazıldığı kimi 82 qəpik olmadığını bildirib: "Metroda sərnişindaşımanın maya dəyəri 2015-ci ilin yekunlarına görə faktiki olaraq 54 qəpik təşkil edirdi (amortizasiya nəzərə alınmadan 32 qəpik). 2016-cı ilin 6 ayı ərzində isə sərnişindaşımanın maya dəyəri bir az da azalaraq 52,4 qəpik təşkil edib. Xatırladaq ki, Hesablama Palatası da ötən ay açıqladığı hesabatında 2015-ci il üçün Bakı Metropolitenində bir sərnişinin daşınma xərcini 54 qəpik olaraq göstərmişdi. Ancaq cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artması metropolitendə xərclərin çoxalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Ancaq tarifi müəyyən etmək “Bakı Metropoliteni” QSC-nin səlahiyyətində olan məsələ deyil. Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir".

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR