Azərbaycanda dövlət tənzimlənməsi tətbiq olunan tariflərin formalaşması və tətbiqi üzərində dövlət nəzarəti qaydası dəyişib

14:37 5 Yanvar 2015
218 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 14:33 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nda dəyişikliklər edib.

 

APA-nın məlumatına görə, dəyişiklik qiymətlərin formalaşması və tətbiqi üzərində dövlət nəzarəti qaydası ilə bağlıdır.

 

Qiymətlərin formalaşması və tətbiqi üzərində dövlət nəzarətini Tarif (qiymət) Şurası həyata keçirir. İndiyə qədər dövlət nəzarətinin həyata keçirilməsinə dair tətbiq edilən aktda (protokol) dövlət nəzarəti həyata keçirilən subyektin adı, hüquqi ünvanı, dövlət qeydiyyat nömrəsi və VÖEN, dövlət nəzarəti həyata keçirilən subyektin rəhbərinin və mühasibat və ya maliyyə xidmətinin rəhbərinin adı, atasının adı, soyadı, dövlət nəzarətinin həyata keçirilməsinə səbəb olan hallar (növbəti, növbədənkənar təqdimat və ya şikayət əsasında), dövlət nəzarəti zamanı araşdırılmış sənədlər barədə məlumat, normativ hüquqi və normativ sənədlərin tələblərinin pozulması halları və ya pozuntu hallarının olmaması barədə məlumat, dövlət nəzarətinin nəticəsi barədə məlumat, subyektlərin rəhbəri və nəzarəti həyata keçirən aidiyyəti şəxslərin imzası əksini tapıb.

 

Dəyişikliyə əsasən, bundan sonra dövlət nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi, dövlət nəzarəti materiallarına baxılmasının nəticələri üzrə qərarın çıxarılması və aşkar olunmuş pozuntu faktları üzrə tədbirlərin görülməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək. Yəni yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod, yoxlayıcı orqanın adı, aktın nömrəsi və tərtib edildiyi tarix,  yoxlanılan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, yoxlanılan sahibkarın bilavasitə yoxlanılan təsərrüfat obyektinin ünvanı, yoxlamada iştirak edən yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi, yoxlamanın aparılması haqqında qərarın tarixi və nömrəsi, sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat, yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə), yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri, əgər varsa, sahibkarın izahatı, iradı və ya etirazı, yoxlama aktına əlavə edilən sənədlərin siyahısı, yoxlamada iştirak etmiş bütün yoxlayıcıların və sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin imzaları əksini tapmalıdır.

 

İndiyə qədər aşkar olunmuş pozuntunun aradan qaldırılması məqsədilə Tarif Şurası subyektlərin rəhbərlərinə və digər vəzifəli şəxslərinə pozuntunu 3 gün müddətində aradan qaldırmaq barədə göstəriş verib. müəyyən olunmuş müddətdə göstəriş yerinə yetirilmədikdə, dövlət nəzarətini həyata keçirən qurum subyektlərə xəbərdarlıq etməklə müvafiq sənədləri aidiyyəti üzrə təqdim edib. Tarif Şurasının bu sahədə səlahiyyəti konkretləşdirilib, pozuntunun aradan qaldırılması üçün ayrılan müddət artırılıb. Tarif Şurası tərəfindən  yoxlama materiallarına baxılmasının nəticələri üzrə aktın rəsmiləşdirilməsindən sonra ən geci 15 iş günü müddətində yoxlayıcı orqan tərəfindən qərar çıxarılır. Bura sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması aşkar olunmadıqda qanun pozuntusunun aşkar olunmaması haqqında, inzibati xətanın əlamətləri aşkar olunduqda, İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında, cinayət əlamətləri aşkar edildikdə, toplanmış materialların aidiyyəti üzrə prokurorluğa, təhqiqat və ya istintaq orqanlarına göndərilməsi və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında, məsuliyyətə səbəb olan digər qanun pozuntuları aşkar edildikdə qanunla müəyyən edilən məsuliyyət tədbirləri və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərarlar daxildir.  Yoxlamanın nəticələri üzrə qərar yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır. Yoxlamanın nəticələri üzrə qərarın surəti çıxarıldığı vaxtdan üç iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsilə göndərilir, qərarın əsli isə yoxlayıcı orqanda saxlanılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR