Proqnoz: Keçən ilin sonundakı maliyyə böhranı təkrarlana bilər

Proqnoz: Keçən ilin sonundakı maliyyə böhranı təkrarlana bilər
17:47 11 Oktyabr 2016
120 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Maliyyə bazarlarındakı vəziyyət 2015-ci ilin sonunda baş verən mənfi tendensiyanı təkrarlaya bilər. "Report"un analitik qrupu hesab edir ki, ABŞ iqtisadiyyatından gələn müsbət göstəricilər fonunda Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimalları gücləndirib. Belə ki, ABŞ-ın "Goldman Sachs" bankının hesabatına əsasən, noyabrda FES-in uçot dərəcəsini artırmaq ehtimalı 10%, dekabr üçün isə 65% təşkil edib. Nəticədə, qlobal valyuta bazarında dolların məzənnəsi digər valyutalarla müqayisədə möhkəmlənməyə başlayıb. Belə ki, əsas valyuta cütlüyü hesab olunan USD/EUR məzənnəsi dünəndən etibarən 1% azalaraq 1,1070 səviyyəsinə kimi geriləyib. Bu isə keçən ilin sonunda baş verənlərin təkrarlanmasına yol aça bilər.
Xatırladaq ki, keçən ilin oktyabr ayından etibarən dollar indeksinin 7% artması nəticədə dekabrda FES-in uçot dərəcəsini artırmasına səbəb olub. Lakin daha sonra dünya bazarlarında sərt dalğalanmalar FES-i növbəti faiz artırımı qərarından vaz keçməsinə gətirib çıxarıb. Son bir il ərzində isə ABŞ iqtisadiyyatı daha da güclənib.
Neft bazarında da 2015-ci ilin sonuna bənzər tendensiya müşahidə olunur. Avqustdan oktyabra qədər artan neft qiymətləri daha sonra sərt bir şəkildə azalmağa başlayıb.
Xatırladaq ki, sabah, oktyabrın 12-də ABŞ Federal Açıq Bazar Komitəsi (FOMC) protokollarını açıqlayacaq. Protokolların nəticəsinə görə, dekabr ayında faizlərin artırılması ehtimalı 100%-ə qədər yüksələ bilər.
Əgər maliyyə bazarları dolların möhkəmlənməsi trendinə başladığını qəbul edərsə, tezliklə neft qiymətlərinin baha olduğunu da anlayacaqlar. O zaman, hətta neft hasilatının azaldılması və ya dondurulması neftin qiymətini xilas edə bilməyəcək.
"Report"un analitik qrupu ilin sonuna qədər USD/EUR məzənnəsinin paritetə yaxınlaşacağını, neft qiymətlərinin isə 28-35 dollar/barelə qədər enəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/proqnoz-kecen-ilin-sonundaki-maliyye-bohrani-tekrarlana-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR