"Məscidlərdən kənardakı dini ayin və mərasimlərdə başqa məqsədlər güdülür"

"Məscidlərdən kənardakı dini ayin və mərasimlərdə başqa məqsədlər güdülür"
08:05 12 Oktyabr 2016
432 Ölkə
Ölkə mətbuatı
A- A+

"Məscidlərdən, ibadətgahlardan kənarda ictimai yerlərdə dini ayin və mərasimlərin keçirilməsinin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə əlavə edilmiş dəyişiklikləri bəziləri yanlış formada izah etməyə çalışırlar". Milli.Az bildirir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, bəziləri bu dəyişiklikləri guya dini tədbirlərin keçirilməsinin qarşısının alınmasına yönəlmiş addım kimi qiymətləndirirlər: "Ancaq bu belə deyil. Ümumiyyətlə Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşı olan hər bir şəxsin hərəkət və fəaliyyəti müvafiq qanunlarla tənzimlənir. Eləcə də "Dini etiqad azadlığı haqqında" qanun və digər normativ aktlarla da bizim vətəndaşlarımızın dini etiqad azadlığı təmin olunur və biz dini ayin və mərasimlərin keçirilməsinə də bu çərçivədən yanaşırıq. "Dini etiqad haqqında" qanuna edilən dəyişklik bir daha vətəndaşlarımızın dini etiqad azadlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi üçün atılmış bir addımdır".

S.Heydərov bildirib ki, Azərbaycanda dini ayin və mərasimlərin keçirilməsi üçün iki mindən artıq məscid və ibadətgah fəaliyyət göstərir və kifayət qədər əlverişli şərait var: "Hesab edirik ki, dini ayin və mərasimlərin keçirilməsi üçün ən gözəl məkan məscidlər, ziyarətgahlar, ibadətgahlardır. Belə olan halda dini ayin və mərasimləri kənarda keçirməyə ehtiyac varmı? Bu məsələ bizi düşündürür".

Komitə sədrinin müavini vurğulayıb ki, məscidlərdən kənarda dini ayin və mərasimlərin keçirilməsində başqa məqsədlər güdülür: "Burada insanların dini görüşlərinin istismar edilməsinə cəhdlər göstərilir. Adətən dini ayin və mərasimləri kənarda keçirənlər kimlərdir? Müşahidələr göstərir ki, bunlar neqativ, yad, radikal təsirlərə məruz qalmış şəxslərdir. Xüsusilə onların əksəriyyəti xaricdə dini təhsil almış şəxslərdir ki, onlar təhsil alan zaman o təsirlərə məruz qalıblar və bunu da yerlərdə bizim vətəndaşlara aşılamağa çalışırlar. Yəni məhərrəmlikdən, aşura günündən istifadə edərək həmin insanlar hərəkətə keçirlər və onlara verilmiş tapşırıq və istiqamət üzrə hərəkət etməyə çalışırlar. Onlar kənardan idarə olunurlar. Bunun nəticəsində insanlar radikal təsirlərə məruz qalırlar. Ona görə də qanuna dəyişiklik etməklə bizim məqsədimiz tək bu xurafat elementlərinin fəsadları, nəticələri ilə yox, səbəbləri ilə mübarizə aparmaqdır. Dini ayin və mərasimlərin rəsmi din xadimləri təyin olunmuş məscidlərdə, ibadətgahlarda və ziyarətgahlarda keçirilməsi daha məqsədəuyğundur ki, insanları o yad təsirlərdən qorumaq mümkün olsun".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR