Robert Prosineçki: "...yuxudayıq, oyadın bizi"

Robert Prosineçki: "...yuxudayıq, oyadın bizi"
08:37 12 Oktyabr 2016
250 İdman
Ölkə mətbuatı
A- A+

"Oyundan qabaq demişdim ki, bizi çətin sınaq gözləyir. Bunun şahidi olduq". Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyanın qonağı olan millimiz növbəti uğurlu nəticəyə imza atıb. Komandamız çətin səfər qarşılaşmasından 1 xalla ayrılıb - 0:0.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Prosineçki nəticəni belə şərh edib: "Çexiya həmişə güclü komanda olub. Söz vermişdim ki, Azərbaycana yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Buna nail olduq. Futbolçularımı təbrik edirəm. Belə hava şəraitində oynamaq heç də asan deyildi. Azərbaycana gələndən optimist idim. Deyirdim ki, bu futbolçular böyük nəticə əldə edə bilərlər. Artıq balaca möcüzənin şahidi oluruq. Azərbaycanlı futbolsevərlər üçün böyük gün idi".
 
Prosineçki qeyd edib ki, artıq diqqətini Şimali İrlandiya ilə oyuna yönəldib: "3 oyundan sonra hesabımızda 7 xal var. Qapımızdan qol da buraxmamışıq. Gələn ay Şimali İrlandiya ilə vacib oyunumuz olacaq. İndidən bütün diqqətimizi bu matça yönəltməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmağa çalışacağıq".
 
- Oyundan sonra sizdə belə bir fikir yarandımı ki, bunu etsəydim, qələbə də qazana bilərdik?

- Kapitanımız Rəşad oynaya bilmədi. Dizində xırda zədə var idi. Bədavi zədədən sonra qayıtdı, əzmkar oyun göstərdi, əlindən gələni etdi. Ondan çox razı qaldım. 19 yaşlı gənc futbolçu Ramil Şeydayev bu cür çətin rəqibə qarşı yaxşı oynadı. Topu saxlayırdı, ötürmələrlə oynayırdı. Rəqib qapısına zərbələr də vururdu. İlk dəfə əsas heyətdə yer almışdı. Sözsüz ki, Çexiyaya qalib gəlmək istərdik, şansımız da var idi. Amma çexlərin də qol imkanları oldu və Kamran Ağayev oyunu yüksək səviyyədə keçirdi. Qismətimizdə 1 xal idi. Komandamdan çox razıyam.
 
- Start heyətində yer alan Namiq Ələsgərov barədə fikriniz necədi? Bir də Ramil Şeydayevi matçın adamı hesab etmək olarmı?

- Mənim subyektiv fikrim belədi ki, Namiq gənc futbolçudu, verilən tapşırıqları yerinə yetirib. Ramil də gəncdi. Hər ikisi Azərbaycan futbolunun gələcəyidi. Növbəti matçlarda onların oyunundan həzz alacağıq. Bu gün Ramillə yanaşı, Rahid əla oynadı. Qara sübut etdi ki, səviyyəli futbolçudu. Arif, Məhəmməd və digərləri də yaxşı çıxış etdilər. Uşaqlar çox çalışdılar. Şadam ki, onların oyunu alınır və sübut edirlər ki, güclü futbolçulardı. Maksimi unutdum. 4-cü oyundu mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Sübut etdi ki, bu mövqedə də yaxşı oynamağı bacarır.
 
- Seçmə mərhələdə Almaniya, İngiltərə, Belçika ilə yanaşı, Azərbaycan da 3 oyundan sonra qol buraxmayıb. Bu faktı necə şərh edərdiniz?

- Çox sevindirici haldı. Son 2 oyunu Norveç və Çexiyaya qarşı oynamışıq. Püşkatmadan sonra demişdim ki, ən çətin qrupa düşmüşük. Bilsələr ki, bu qrupda 3 oyundan sonra 7 xalla ikinci yerdəyik, deyəcəklər ki, yuxudayıq, oyadın bizi. 11 nəfər komanda şəklində mübarizə aparırlar. Uşaqlar Vətən üçün meydanda can qoyurlar. Maraqlı məlumatı mənə dediniz. Bundan həzz alıb, sevinmək lazımdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR