"Ölkədə qrip virusu aşkar olunmayıb" - Afaq Əliyeva

"Ölkədə qrip virusu aşkar olunmayıb" - Afaq Əliyeva
13:49 12 Oktyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

 

“Ölkə ərazisində qrip epidemiologiyası ilə bağlı vəziyyət sabitdir”.

 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib.

 

R.Abdullayev bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin  2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərlə bağlı əmrinə əsasən, Respublika Taun Əleyhinə Stansiyasına da müəyyən işlər tapşırılıb: “ Və bu əmr təkcə Bakı şəhəri üzrə deyil, bütün regionlara  şamil olunur. Əmr mövsümü qriplə bağlı imzalanıb, yəni təşvişə düşməyə gərək yoxdur. Hər il Səhiyyə Naziri tərəfindən mövsümi qriplə bağlı əmr imzalanır.  Şübhəli xəstələrdən götürülmüş nümunələrin laborator müayinəsi üçün Respublika Taun Əleyhinə Stansiyasında bütün şərait hazırdır. Əhaliyə zəruri hallarda yardım göstərmək üçün hazır vəziyyətdəyik”.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva Lent.az-a açıqlamasında bildirib ki, oktyabr ayının əvvəlindən aparılan laborator müayinələr nəticəsində Azərbaycanda qrip virusu hələlik aşkar olunmayıb.

 

A.Əliyevanın sözlərinə görə, ölkə ərazisində mövsümü xarakter alan kəskin respirator virus infeksiyaları aşkarlanır: “Ümumiyyətlə isə ölkədə kəskin respirator infeksiya, qrip halları ilə bağlı artım yoxdur, əksinə, ötən illə müqayisədə eyni səviyyədədir”.

 

A.Əliyeva onu da bildirib ki, ağır gedişli respirator virus infeksiyaları və qripəbənzər xəstələr olarsa,  onlar Respublika Taun Əleyhinə Stansiyasında müayinələrə cəlb olunurlar.  

 

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.

 

Əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə məktəb və məktəbəqədər uşaq müəssisələrində, ali və orta təhsil müəssisələrində tibbi müşahidələrin təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təminatı tapşırılır. Daha sonra lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadənin təmin olunması, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqətin yetirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması da Əmrdə öz əksini tapıb.

Həmçinin respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarətin gücləndirilməsi, məktəbəqədər uşaq müəssisələrində, məktəblərdə tibbi müşahidə və qrip xəstəliyinə şübhəli uşaqlar aşkar olunduqda dərhal sağlam uşaqlardan təcrid edilməsi tapşırılır.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyinə ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksların tam hazır vəziyyətə gətirilməsi, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz edilməsi təminatına dair göstərişlər verilib.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR