"Təzəpir" məscidində Aşura mərasimi - REPORTAJ

"Təzəpir" məscidində Aşura mərasimi - REPORTAJ
18:24 12 Oktyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan məscidlərində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir. Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkə üzrə 15 məsciddə baş tutub.   

 

“Təzəpir” məscidində keçirilən qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, millət vəkilləri və dini konfessiyaların rəhbərləri də iştirak edib.

 

Allahşükür Paşazadə bildirib ki, Aşura günü biz daha da əzəmətli olmalı, düşmənə, zülmə qarşı birləşməliyik. O qeyd edib ki, ildən-ilə bu aksiyalarda qan verənlərin sayı artır: "Bu, həm imanın artması, həm də dövlət-din münasibətlərinin yüksək səviyyədə olması deməkdir. Bu aksiyada məzhəbindən, dinindən asılı olmayaraq, hər kəs iştirak edir. Bizim qanvermə aksiyası bütün dünyada bəyənilir. Artıq İranda, Türkiyədə də Aşura günü belə aksiyalar keçirilir. Əvvəllər məscidlər az olduğuna görə insanlar Aşura günü küçələrə çıxırdı, indi Azərbaycanda məscidlər çoxaldığına görə mərasimlər məscidlərdə qeyd olunur. Ehtiyac olan yerlərdə yeni məscidlər də açılacaq. Bütün məscidlərdə də sünnilərlə şiələr birlikdə qanvermə aksiyasında iştirak edirlər". 

 

Qanvermə aksiyasında iştirak edən Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, ölkənin dini mərasimlər keçirilən heç bir məscidində insident qeydə alınmayıb: "Hansısa xırda hadisələr baş verə bilər. Lakin bu il Aşura ilə bağlı tədbirlər tam qanun çərçivəsində, sakit şəraitdə keçirilib. Azərbaycan xalqı bütün dini ayinlərə hörmətlə yanaşır. Bu, bizim xalqımızın yüksək mədəniyyət və intellekt sahibi olduğunu göstərir. Azərbaycanda bütün dini təriqətlərdən olan insanlar qanvermə aksiyasında iştirak edirlər. Bu, ölkəmizin dini tolerantlıq və multikultiralizm nümunəsidir". 

 

Aksiyanın saat 19.00-dək davam edəcəyini deyən Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın sözlərinə görə, səhər saatlarından Təzəpir məscidində qan vermək üçün gələnlər arasında sıxlıq müşahidə edilir: "Hər il olduğu kimi, bu il də qanvermə aksiyası keçirilir. Qanvermə aksiyası səhər saatlarından başlayıb. İndiyə kimi 1000 nəfərə yaxın insan qan verib. Ən vacibi odur ki, bu gündə insanlar həmrəydirlər. Bir-birinə kömək etmək məqsədilə sağlam insanlarımız könüllü surətdə ehtiyacı olan insanlara, irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərə, eləcə də qan köçürülməsinə ehtiyacı olan digər xəstələrimizə qan verirlər. Bu, çox böyük bir savabdır. Dinimizdə də hər hansı bir yola bədəndən qan çıxarmaq, xəsarət yetirmək kimi əməllər yaxşı qarşılanmır. İnsanlar könüllü surətdə digər bir şəxsə qan verməklə ona yardım göstərirlər. Keçən il 5136 nəfər qanvermədə iştirak etmişdi".

 

Aksiyaya qatılanlar da qan verməkdən məmnun olduqlarını, bu vasitənin daha uyğun olduğunu bildirdilər:

 

- Yaxşıdır. İmam Hüseyn Ağanın yolunda şəhid olmağa da hazırıq. Bu gün Aşura günüdür, bütün müsəlmanlara əmin-amanlıq arzulayırıq.

 

- Çox şükür, yaxşıyam. Bütün qan verənlərin qanları qəbul olunsun. Bütün xəstələrə kömək olsun.

 

- Bütün xəstələrə şəfa diləyirəm. Hər şey yaxşıdır.

 

- Mən həmişə qan verirəm. Özüm də hərbiçi olmuşam. Rusiyada da vermişəm. Hər ay biz qan veririk. Bu, mənim üçün Allah yolunda lap belə ləzzət edir. Lap ürəklə verirəm.

 

- Halal-xoşu olsun kimə çatacaqsa. Əsas odur yiyəsinə çatsın!

 

Təəssüf ki, Allah yolunda qan verənlərlə yanaşı, müxtəlif üsullarla bədənlərindən qan çıxaranlar da az deyildi.

 

Deyirlər ki, Aşura günü edilən dualar mütləq qəbul olunur. Tanrı niyyətlərinizi qəbul eləsin!

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR