Azərbaycanda kəndlərdə bu sahələr inkişaf etdiriləcək

Azərbaycanda kəndlərdə bu sahələr inkişaf etdiriləcək
13:59 13 Oktyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırıb ki, bu yaxınlarda Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Bildirilib ki, pambıqçılıqla yanaşı, dövlət başçısı tərəfindən üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər ənənəvi sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Bundan başqa, dövlət başçısının tapşırığına uyğun olaraq, şəkər çuğunduru istehsalı genişləndirilməli və yeni badam bağları salınmalı, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı məqsədilə təhlillər aparılmalı, əkin sahələri genişləndirilməlidir. Bu məqsədlə 13 rayonda 86 min hektar sahənin növbəti əkin mövsümünə hazırlanması üçün su təminatı dövlət vəsaiti hesabına yaxılaşdırılacaq. Kollegiya iclasında bu sahədə araşdırmaların davam etdirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.

Dövlət başçısının tapşırığına əsasən, istehsalın artması ilə bağlı yaranan tələbatı ödəmək məqsədilə pambıq emalı müəssisələri yaradılmalıdır. İxrac ediləcək pambığın və digər məhsulların daşınması üçün müvafiq nəqliyyat məsələlərinin həll olunması Dövlət İnvestisiya Proqramında nəzərə alınmalıdır. Kollegiya iclasında bu tapşırıqların icrası üçün müvafiq araşdırma və təhlillərə başlanması barədə tapşırıqlar verilib.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Artıq 523 hektar sahədə yaradılmış Yalama Aqroparkının birinci mərhələsi üzrə işlər başa çatdırılıb və Aqropark fəaliyyətə başlayıb. İkinci mərhələdə isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə ixrac ediləcək.

Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzi, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı yaradılır.

Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, idxalın yerli məhsullarla əvəz olunmasında, ölkənin ixrac potensialının genişləndirilməsində əhəmiyyətli olacaq 20-dək aqroparkın yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparkların yaradılacağı yerlər və infrastruktur tələbatı müəyyənləşdirilib. Hazırda aqroparkların yaradılması üçün müvafiq işlər aparılır.

Kollegiya iclasında sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR