Rusiyanın "Qarabağ şərtləri" AÇIQLANDI?

Rusiyanın "Qarabağ şərtləri" AÇIQLANDI?
16:17 13 Oktyabr 2016
168 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-da beynəlxalq münasibətləri araşdıran ən nüfuzlu strukturlardan sayılan "Foreign Affairs" Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktor müavini Ceffri Mankoffun məqaləsini dərc edib.

Milli.Az bildirir ki, "Cənubi Qafqazın donu açılır: Rusiya nədən ən böyük qalibdir?" (The South Caucasus Unfreezes:  Why Russia Is the Biggest Winner) məqaləsini müəyyən ixtisarlarla təqdim edirik:

"Son aylarda Cənubi Qafqaz regionunda çox ciddi dəyişikliklər yaşanır ki, bunun da ən aşkar təzahürü aprel ayının əvvəllərindəki "dördgünlük müharibə" idi. Aprel ayında Azərbaycanla Ermənistan arasındakı hərbi əməliyyatlar 1990-cı illərdən bəri ən intensiv formada, maksimal həddə idi. Hərbi əməliyyatlar Ermənistan tərəfinin hücuma keçməsi ilə başladı. Azərbaycan ordusu əks-hücuma keçdi və ermənilərin işğal altında saxladıqları ərazilərin bir qismini azad etdi.

Əslində, Cənubi Qafqaz illərdir ki, geosiyasi sınma xəttinin keçdiyi məkandır. Azərbaycan və Gürcüstan separatçı qüvvələrin fəaliyyəti ilə qarşılaşdılar, savaşlar oldu. 1990-cı illərin əvvəllərində Gürcüsitanda və Azərbaycanda mərkəzi hakimiyyətlərlə separatçı regionlar arasında atəşkəs rejimi barədə anlaşmalar əldə olundu. Lakin əgər Gürcüstanda belə anlaşma Tbilisi ilə Abxaziya və Cənubi Osetiya arasında idisə, Azərbaycanda rəsmi Bakı Ermənistanla sənəd imzaladı. Çünki Dağlıq Qarabağ və ətrafdakı bir neçə rayonunun işğalında Ermənistanın "əsas oyunçu" olduğu kimsəyə sirr deyil.

Həmin illərdən bəri Cənubi Qafqazda vəziyyət gərgin olsa da, 2008-ci ildə Rusiyanın Gürcüstana qoşun yeritməsi istisna olmaqla dəyişməzdi.

Fəqət son illərdə regiondakı tektonik laylar hərəkətə gəlib, dəyişikliklər başlanıb.

Aprel ayının əvvəllərində "dördgünlük müharibə"də Ermənistan böyuk itkilər verdi və situasiya artıq aşkar müharibəyə yönələ bilərdi. İrəvandakı iqtidarda bu savaşdan öz məqsədləri üçün yararlanmağa çalışdı, siyasi dividendlər əldə etmək istədi. Ermənistanın "dördgünlük müharibə"də üzərində nəzarəti itirdiyi ərazilər strateji yüksəkliklər olduğundan Ermənistan prezidenti Serj Sarkisyan məruz qaldığı ağır situasiyadan çıxmaq, vəziyyətdən öz mənfəəti üçün faydalanmaq məqsədilə ölkədə revanşist millətçilik isteriyasını daha da aktivləşdirdi.

Eyni zamanda, "dördgünlük müharibə" Dağlıq Qarabağ münaqişəsi zonasında 20 ildən də çox müddətdə davam edən nisbi sakitliyin istənilən an qanlı müharibəyə çevrilə biləcəyinə işarə idi. Üstəlik, Azərbaycan Ermənistana "başa saldı" ki, torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır.

Azərbaycan bu uğurlarla kifayətlənməyəcək və yaxın vaxtlarda irəliləyişlərinə davam edəcək. Ermənistanda isə aprel ayındakı "dördgünlük müharibə" qarışıq, ziddiyyətli situasiya yaradıb.

Ermənilər bir tərəfdən Azərbaycandan qisas almaq istəyir, digər tərəfdən isə Rusiyadan çox narazı qaldıqlarını göstərirlər. Çünki ermənilərin fikrincə, Rusiyanın satdığı hərbi texnika olmadan Azərbaycan "dördgünlük müharibə"də uğur qazana bilməzdi.

Fəqət "dördgünlük müharibə"də və həmin hərbi əməliyyatlardan bəri ən böyük siyasi dividendlər əldə edən tərəf Rusiyadır.

Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs, sonra da danışıqlar prosesinin aktivləşməsi göstərir ki, ATƏT-in Minsk Qrupunda həmsədr ölkələr olan Fransa və ABŞ ilə müqayisədə Rusiya regionda daha geniş maraqlara, daha ciddi təsir rıçaqlarına malikdir.

Rusiyanın Bakıya messici belədir: "Hazırda Ermənistanın işğalında olan ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması ilə nəticələnəcək anlaşmanın əldə edilməsi üçün yalnız Moskva yetərincə təsir imkanlarına malikdir". Lakin Moskva bu addımları təmənnasız atan deyil. Çox yəqin ki, Moskva belə "jest"inin müqabilində Azərbaycandan Avrasiya İqtisadi Birliyinə və ya MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağı tələb edəcək.

Ermənistan isə təlaşdadır. Ermənilərin fikrincə, hazırda onların işğal altında saxladıqları Azərbaycan ərazilərini Rusiya Ermənistanın əlindən alıb Bakıya verəcək, əvəzində İrəvan heç nə almayacaq.

Digər məqam da var: Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasına öz sülhməramlı kontingentini, yəni hərbi qüvvələrini yerləşdirmək istəyir. Azərbaycanla Ermənistan bu varianta qətiyyətlə etiraz edirlər.

Və ən nəhayət, hazırda Azərbaycanda ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyəti ilə bağlı ciddi narazılıq var. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində ABŞ aktivləşməsə, irəlidə Rusiya olacaq. Regionda isə yeni geosiyasi silkələnmələr yaşana bilər".

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/479045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR