Horadiz əməliyyatı-21

Horadiz əməliyyatı-21
15:01 5 Yanvar 2015
321 Digər
Ölkə mətbuatı
A- A+

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 21 il ötür. Bu münasibətlə Horadiz şəhərindəki Bayraq Meydanında rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

ANS PRESS xəbər verir ki, rayon İcra Hakimiyyətinin rəhbərliyi və tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz əməliyyatının əhəmiyyətindən danışıb. O deyib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib. Horadiz əməliyyatı 1993-cü il dekabrından başlayıb və yanvarın 6-dək davam edib. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilərin Beyləqana hücumunun qarşısı alınıb və Milli Ordumuz əks-hücuma keçərək qısa müddətdə Füzuli rayonunun böyük hissəni işğaldan qurtarıb.

Ümumiyyətlə, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib, 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə ermənilər böyük itkilər verib.

A.Alıyev diqqətə çatdırıb ki, Horadiz şəhəri və digər Arazboyu yaşayış məntəqələri işğaldan azad olunduqdan sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub, füzulililər doğma yurdlarına qayıdıblar. Hazırda rayonun işğaldan azad olunmuş hissəsində 70 minə yaxın insan yaşayır.

Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələrin salınıb, Horadizə şəhər statusunun verilib, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib. Son 12 ildə Prezident İlham Əliyev Füzuliyə 5 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 Sərəncam imzalayıb.

Digər çıxış edənlər Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar. Bildirilib ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərib.












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR