Böyüyüb yekə arvad olmaq dərdi

Böyüyüb yekə arvad olmaq dərdi
21:12 13 Oktyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Qızlar Günü münasibətilə ölkəmizdə qızlarla bağlı problemləri araşdırırdım. Təbii ki, onların önündə selektiv abortlar və erkən nikahlar gəlirdi.

Və biz hər iki problemdə adətən kişiləri günahlandırırıq. Belə öyrəşmişik, belə bilirik. Ancaq söhbət apardığım ginekoloq açıqladı ki, ailələrdə qız uşaqlarını arzulamayan təkcə kişilər deyil. Daha çox nənələr bu təşəbbüslə çıxış edirlər: Mənim oğlan nəvəm olmalıdır. Hətta abortdan çəkinən gəlinlərini danlayırlar ki, ay qız, camaat günaha batmadı, bir sən günaha batacaqsan? Get bətnindəkini kəs-doğrat! Təki mənim oğlan nəvəm olsun!

Hər gəlin də bu qaynana hökmünün qarşısında dayana bilmir, bacara bilmir, məğlub olur və bətnindəki qız uşağına qıyır. (Çünki onu boşayacaqlarından qorxur, çünki özünə güvəni yoxdur, çünki təhsili, dünyagörüşü, işi-gücü yoxdur)

Digər tərəfdən... Elə bilirik ki, qızlarını uşaq yaşda ərə verən təkcə evin kişiləridir. Ancaq araşdırmalar bir səbəbi də ortaya çıxarıb. Ailələr qızlarının əks cinslə görüşməsinə, danışmasına, bir addım da yaxınlaşmasına icazə vermir deyə onlarda oğlanlara qarşı maraq daha da şiddətlənir. Qızlar da bu marağını ancaq erkən yaşda ərə getməklə, qoşulub qaçmaqla öldürə bilirlər. Bu qadağaları da qoyan çox vaxt yenə analar olur: "Adına söz gələr", "Biz sizin vaxtınızda belə eləyirdik", "Qapıdan ayağını çölə qoysan, ayaqlarını qıraram", "Atan bilsə, öldürər", "Səni küçədə tutub belə eləyərlər..."

Bütün bu fikirlər onsuz da qorxulu olan bu dünyanı onların gözündə bir az da qaraldır. Elə bilirlər ki, 15 yaşında ər qoynuna sığınanda hər şey yaxşı olacaq, heç kim onlara heç nə edə bilməyəcək. Ancaq ən çox problemlə qarşılaşan da elə erkən yaşda ərə gedən qızlar olur. Erkən nikah qızları təhsil almaq, inkişaf etmək və uşaqlıqlarını yaşamaq kimi təməl haqlarından məhrum edir. Erkən yaşda evlənən qızlar, adətən, məktəbə gedə bilmir və böyük ehtimalla məişət zorakılığı, təhqir və təcavüzlə üzləşirlər. Onlar hamilə qalır və cinsi yolla keçən xəstəliklərə qarşı həssas olurlar.

Digər məsələ, qız uşağı dünyaya gətirən ana vaxt itirmədən cehiz yığmağa başlayır. Qızın birçəyi çıxan kimi nəslin bütün qadınları onu necə ərə verəcəklərindən, ona hansı mebeli alacaqlarından, yorğan-döşəyi necə sırıyacaqlarından danışırlar. Hətta öz aralarında yengəni də müəyyənləşdirirlər. Arada bunun üstündə dava da düşür. Axı ortada 5-10 manat pul söhbəti var... Daha bu qadınların bircəciyinin ağlına gəlmir ki, qıza desin, səndən yaxşı həkim olar, səndən yaxşı vəkil olar, səndən yaxşı müəllim olar, jurnalist olar, mühəndis olar...  Ona görə də o qızlar böyüyüb-böyüyüb yekə bir ARVAD olurlar.

...Bu yaxınlarda bir gözəllik salonundaydım. Bilirsiniz də, gözəllik salonunda da ustalar müştərilərin yaşından tutmuş, toyunda ona xonçada nə gətirilməsinə, əriylə həftədə neçə dəfə cinsi əlaqədə olmasına, nə qədər maaş almasına, maaşı hara xərcləməsinə qədər hər şeyi bilmək istəyirlər.

Saç ustası mənə də bir-iki sual verdi, həyat yoldaşımla hansı dəyərləri bölüşdüyümüzü, bir-birimizin azadlığını əlindən almadığımızı biləndə elə "Aaaaaaa, siz xaricilər kimi yaşayırsınız ki..." dedi, elə bildim, böyük bir qəbahət eləmişəm. Qızın yanında xəcalət çəkdim. Dedim, bilsəydim, yalandan deyərdim, ərim evdən çölə çıxmağa icazə vermir, salona da özü gətirib, özü aparır. Amma o buna da imkan vermədi: "İndiki cavanlar belədir də... O gün bacımın nişanıydı, qoymadı ona böyük nişan eləyək, dedi, nəyə lazımdır ki? Necə yəni nəyə lazımdır?"

Məndən cəmi iki yaş böyük olan 29 yaşlı bu xanım 7-ci sinifdə oxuyan bir oğul anasıdır. Deyirdi, gördüyüm it günüdür, övladımı da tək böyüdürəm. Çünki 15 yaşında getdiyi əri onu atmışdı. Amma yenə də həyatın mənasını dəbdəbəli toyda, nişanda görür. Ərin arvad başına qapaz vurmasını arzulayır.

Hərdən fikirləşirəm ki, bizim cəmiyyətimizdə heç kim yaşadığı həyatdan, başına gələn faciələrdən nəticə çıxarmaq istəmir. Səmimi qəlbdən arzulayır ki, onun yaşadığı həyatı ətrafındakılar da yaşasınlar. Onlar da sürünsünlər, əzab çəksinlər, sonra başını qoyub ölsünlər.

Hərdən fikirləşirəm ki, başımıza gələn bütün məişət zorakılığının, geridəqalmışlığımızın səbəbi məhz qadınlardır. Qadınlar da yox, arvadlar! Vallah, bu arvadlar imkan versə, biz də "xaricilər kimi" təhsilimizi də alarıq, həyatda özümüzə bir yer də edərik, özümüzə güvənimiz olar, evdən bayıra qırmızı xalatla çıxmarıq, güzgüdə özümüzə baxmaqdan utanmarıq, 50 yaşına çatanda oxuduğumuz ancaq gözəllik salonlarındakı maqazin jurnalları olmaz, həyat yoldaşımız bizə hörmət edər, bizimlə hesablaşar, işləyib, əziyyət çəkib pulumuzu şəhərin 3 yerində torpaq almağa yox, dünyanı gəzib-dolaşmağa, daha çox görməyə, daha çox bilməyə xərcləyərik. Bu dünyada bir gün görərik.

"Xaricilər kimi..."

Ancaq arvadlar qoymurlar ki, qoymurlar. Ona görə də bu ölkədə nəyinsə düzəlməsi üçün birinci qadınlar dəyişməlidir. Yoxsa bütün çabalar bihudə...

Sevinc Fədai
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR