"Yuyub müştəriyə təzə adıyla təqdim edirik" - İaşə obyektləri də etiraf edir

"Yuyub müştəriyə təzə adıyla təqdim edirik" - İaşə obyektləri də etiraf edir
07:22 14 Oktyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Birdəfəlik qablardan dəfələrlə istifadə olunur

İctimai iaşə obyektlərində adətən təmiz, istifadə olunmamış hesab etdiyimiz birdəfəlik qablara üstünlük veririk. Lakin istifadəçilər belə qabların yuyularaq, ya da silinərək təkrar istifadə üçün verildiyini iddia edirlər.

Bakıda fəaliyyət göstərən "KFC" restoranlar şəbəkəsində birdəfəlik qabların yuyulması və təkrar istifadəsi ilə bağlı iddia ortaya çıxıb. Aytəkin Qardaşova adlı müştəri adıçəkilən restoranlar şəbəkəsində müştərilərin istifadə etdiyi plastik su qablarının zibil qutusuna deyil, kassaya təhvil verildiyini görüb ("baku.ws"). Bir müddət eyni vəziyyəti müşahidə etdikdən sonra xanım yaxınlaşaraq "KFC" işçilərindən vəziyyəti öyrənməyə çalışıb: "Sual verdim ki, "İstifadə edilmiş qabları niyə bura yığırsız? Su töküb yenidən istifadə üçün müştərilərə qaytaracaqsız?" Cavab tapa bilməyən oğlan tutulub qaldı. "Yox, xanım, aparıb "krant"a boşaldacağıq",- deyə bildirib. Yəni, işçi plastik qabların yuyularaq yenidən istifadə olunduğunu etiraf etdi. Beş dəqiqə çəkmədi ki, qabların hamısını yox elədilər".

Qeyd edək ki, məşhur restoranlar şəbəkəsi "KFC"də bu yaxınlarda 3 uşaq yeməkdən zəhərlənmişdi. Hadisə restoranlar şəbəkəsinin 28 May metrostansiyasının yaxınlığındakı şöbəsində baş verib.

Şəhərdəki kafelərin birində işləyən ofisiant Elvin Babaşov bizimlə söhbətində etiraf etdi ki, belə qablar üçün əlavə ödəniş götürülmədiyindən onları atmaq və yenisini almaq sərf etmir: "Qırılmır və olduqca sərfəlidir. Əzilməyənləri bir qədər təmizləyir və müştərilərə yenisi kimi təqdim edirik. Heç kim şübhələnmir. Kimin ağlına gələ bilər ki?"

Milli.Az xəbər verir ki, tibb sahəsi üzrə ekspert, həkim-terapevt Hüseyn Mehdiyev Ekspress.az-a bildirib ki, birdəfəlik qabları bir dəfədən artıq istifadə etmək düzgün deyil: "Plastik qablardan istifadənin özü şübhə altındadır. Birdəfəlik istifadə üçün nəzərdə tutulan qablar bir dəfə belə istifadə olunsa, onların orqanizm üçün nə dərəcədə təhlükəli olması hələ tam bəlli deyil. Hələ bu haqda araşdırmalar gedir",-deyən müsahibimiz, ümumiyyətlə, plastikdən hazırlanan hər şeyin insan orqanizmi üçün zərərli olduğunu bildirir. Dediyinə görə, kimyəvi maddələrin qabın içərisinə qoyulan qidalara az da olsa təsiri olur.

"Birdəfəlik qabların təkrar istifadə olunması, xüsusilə də, qaynar suda yuyulması, təmizlənməsi və içərisinə yenidən qida məhsullarının qoyulması, suyun tökülməsi, yolverilməzdir. Çünki plastik qabda olan kansoregen maddələr qidanın daxilinə girərkən istər-istəməz zəhərlənmələr baş verir. Belə qabların tərkibindəki və qidalara daxil olan kansoregen maddələr müxtəlif xəstəliklərin əmələ gəlməsinə, xüsusilə də onkoloji xəstəliklərin daha geniş yayılmasına, inkişaf etməsinə təkan verir".

Həkimə görə, ola bilər, bu qabların mənfi təsiri dərhal nəzərə çarpmasın, amma bir neçə il sonra onun fəsadları, sözsüz ki, meydana çıxacaq. Onun fikrincə, birdəfəlik qablardan təkrar istifadə faktları varsa, dövlət tərəfindən ciddi nəzarətə götürülməlidir. "Əgər hansısa iaşə obyektində birdəfəlik qablarından təkrar istifadə olunursa, çox ciddi cəzalar verməlidir ki, bu hallar baş verməsin".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun qəzetimizə bildirdiyinə görə, istehlakçının göstərilən xidmət haqqında informasiya almaq hüququ var: "Əslində normal firmalar qab yuyulan yerdə, mətbəxin hər yerində şəffaflıq yaradır. Bir çox ölkələrdə zallarda böyük monitorlar qoyulub ki, istehlakçı da mətbəxdə nəyin baş verdiyini izləyə bilir. O cümlədən Türkiyədə bu təcrübə tətbiq olunur".

E.Hüseynov qeyd edib ki, birdəfəlik qabların necə gəldi yuyulması və təkrar istehlakçılara təqdim olunması istehlakçı hüquqlarının pozulmasıdır və ciddi xəstəliklərin yayılmasına səbəb ola bilər: "Təsadüfi deyil ki, "McDoonalds", "KFC" şəbəkəsi istehlakçıların hüquqlarının müdafiəsi qurumları tərəfindən daim antireklam olunan yerdir. Çünki bunlar cəld yeməklər verirlər. Artıq bəzi ölkələrdə, ümumiyyətlə, "McDonalds"ın fəaliyyətinə qadağa qoyulub. İstehlakçılar belə yerlərdən uzaq durmalıdır. Ən təhlükəli yeməklər bu cür yerlərdə verilir".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, birdəfəlik qablar istehlak onunandan sonra istehlakçı gərək onu zibil qabına atsın: "Ümumiyyətlə, istehlakçılara məsləhət görürəm ki, bu qablarda yeyib-içəndən sonra, onları əzib yararsız hala gətirsinlər ki, onlardan yenidən istifadə olunmasın".

AİB sədri əlavə edib ki, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi bu işlərə nəzarət etməlidir: "Təəssüf ki, nəzarət etmirlər. İstehlakçı hüquqlarının qorunması pis vəziyyətdədir. Ona görə istehlakçıların özlərinin fəallığı olmalıdır. İstehlakçılar belə məsələlərlə üzləşəndə 195 nömrəsinə zəng edərək İqtisadiyyat Nazirliyinə məlumat versinlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR