Azərbaycan parlamenti İranla imzalanan sazişi ratifikasiyaya çıxarıb

Azərbaycan parlamenti İranla imzalanan sazişi ratifikasiyaya çıxarıb
12:07 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan və İran hökumətləri arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
"Report"un verdiyi xəbərə görə, razılığa gələn tərəflərin bu sazişin həyata keçirilməsini təmin edən səlahiyyətli qurumları Azərbaycan və İranın Kənd Təsərrüfatı nazirlikləridir.
Sənədə əsasən, tərəflər öz ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin meydana gəlməsi, həmçinin onlara qarşı mübarizə və nəzarət metodları ilə bağlı məlumatları, bitki mühafizəsi və karantini üzrə öz qayda və qanunlarının nüsxələrini, fitosanitar və təkrar ixrac fitosanitar sertifikatlarını, karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını mübadilə etməlidir. Həmçinin, tərəflər birgə tədqiqatlar da daxil olmaqla bitki mühafizəsi və karantini sahəsində iki ölkənin tədqiqat institutları arasında əməkdaşlığı inkişaf etdirəcək.
Bununla yanaşı, idxal edilən yüklərin qablaşdırılması zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olma riski olduğu üçün ot, saman, digər bitki və bitki mənşəli materiallardan istifadə və torpağın idxalı qadağan edilir.
İdxal və ixrac olunan yüklər səlahiyyətli qurumlar tərəfindən verilən fitosanitar sertifikatla müşayiət olunmalıdır. Karantin təhlükəsi yarandıqda birgə fitosanitar yoxlamalar və yüklərin laborator test müayinələri həyata keçiriləcək.
Qeyd edək ki, bu saziş tərəflər arasında 2016-cı il avqustun 7-də Bakıda imzalanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycan-parlamenti-i-ranla-imzalanan-sazisi-ratifikasiyaya-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR