“Əlimizdən gələni edəcəyik ki, bu, baş versin” - Zaur Svanadze

“Əlimizdən gələni edəcəyik ki, bu, baş versin” -   Zaur Svanadze
12:57 14 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+


“İnter”in baş məşqçisi Zaur Svanadzenin Fanat.Az saytına müsahibəsi



- Komandanız sabah  Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək. Heyətlə bağlı hər hansısa problem var?


- Zədə ilə bağlı problem var. Adrian Skarlatake yenə zədələnib. Həmçinin Samir Zərgərovla Mirsahib Abbasov sabah oynaya bilməyəcəklər.


- Millinin düşərgəsindən qayıdan futbolçuların durumu necədir?


- Yaxşı olardı ki, onlar oynayardılar (gülür). Normal vəziyyətdədirlər. Burda qalanlar isə komanda ilə birgə məşq edib.


- “İnter”in milliyə dəvət olunan 5  futbolçusundan yalnız biri – Ağabala Ramazanov oynadı. Heyətə düşmək üçün digərlərində nə çatmır?


- Heç bir söz deyə bilmərəm. Baş məşqçi digər oyunçulara üstünlük verir. Qarşıdakı matçlarda onlar da oynaya bilər. Prosineçkinin seçiminə hörmətlə yanaşmaq lazımdır. 


- Yığma komandamız 3 oyundan 7 xal toplayıb və hazırda 2-ci pillədədir. Azərbaycan futboluna bələd olan bir insan kimi bu cür nəticə gözləyirdiniz?


- Bu, sevindirici haldır. Futbolçular çox yaxşı mübarizə apardılar. İstək olduğu üçün nəticə də var.


- Milli üzvlərindən kimləri “İnter”də görmək istərdiniz?


- Çox yaxşı oyunçular var. Lakin ad çəkmək istəməzdim.


- Millinin heyətində ən yaxşılardan biri ötən mövsüm “İnter”də  çıxış edən Kamran Ağayev idi. Onu əldən buraxdığınız üçün təəssüflənmirsiniz ki?


- Həm Kamran, həm Səlahət Ağayev yaxşı qapıçılardı. Bizdə onlardan yalnız biri oynayacaqdı. Kamranın müqaviləsinin müddəti bitdi və getdi.


- Seçiminizi Səlahət Ağayevdən yana etdiniz...


- Bəli, belə alındı. Bu cür qərar qəbul etdik.


- Ölkə çempionatında “Qəbələ” və “Qarabağ”ın əsas favoritlər olması fikri ilə razısınız? “İnter” isə “gizli favorit” kimi qiymətləndirirlər...


- Əlbəttə, bu komandalar favoritlərdi, çempionluq uğrunda mübarizə aparacaqlar.


- Buna rəğmən, “İnter” səfərdə “Qəbələ” ilə bərabərə qalıb (0:0), “Qarabağ”ı isə məğlub edib. Sabah uduzmaq növbəsi “Qəbələ”nindir?


- Əlimizdən gələni edəcəyik ki, bu, baş versin. 


- Sabahkı oyunun taleyini nə həll edə bilər?


- Futbolçuların oyuna köklənməsi.


- “Qəbələ” uduzmamaqla yanaşı, qol da buraxmayıb. Qarşıdakı matçda sizin üçün hansı daha önəmlidir: qapınızı toxunulmaz saxlamaq, yoxsa qol vurmaq?


- Qol vurmaq. Qalib gəlmək üçün əsas etməli olduğumuz budur. 



ŞAMO


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-limizdn-glni-edcyik-ki-bu-ba-versin-t53329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR