Pediatr: "Virusların qarşısını alacaq vasitə yoxdur"

Pediatr: "Virusların qarşısını alacaq vasitə yoxdur"
14:14 14 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Mövsüm dəyişikliyində ən sıx qarşılaşdığımız problem virus infeksiyalarıdır. Xüsusən yaz və payız aylarında qrip virusu daha çox yayılır.
 
Tibb elmləri namizədi, pediatr Əli Quliyev APA TV-yə açıqlamasında deyib ki, virusların qarşısını ala biləcək hər hansı bir vasitə yoxdur: "Valideynlər bizdən tələb edir ki, elə bir dərman verin ki, bizim uşağımız xəstələnməsin, bizim uşağımız o mikrobla qarşılaşdığı zaman zərər verməsin. Bu gün üçün təəssüflər olsun ki, virusların qarşısını alacağımız bir vasitə yoxdur. Müxtəlif üsullarla viruslardan özünü qorumaq olar. Əlləri təmiz yumaq, lazım olduğu zaman maska taxmaq, xəstə insanların kollektiv olan yerlərə buraxılmaması, ancaq təması əngəlləyərək qarşısını ala bilərik".
 
Həkim deyir ki, havalar soyuyan kimi qapalı məkanlara daha çox üstünlük verilir. Onun sözlərinə görə, evlərin tez-tez havasını dəyişmək, xəstə uşaqları bağçaya, yaxud məktəbə göndərməmək, evdə müalicəsini davam etdirmək lazımdır. Əgər evdə kimsə bu virus infeksiyalarına yoluxubsa, mütləqdir ki, maskalardan istifadə edilsin: "Ən əsası uşaqların qidalanmasına diqqət etmək lazımdır. Qidalanma dedikdə, nəyi nəzərdə tuturuq? Bizdə yenə yanlış yanaşma vardır. Uşaq xəstələnməyə başlayan kimi c vitamini yükləməyə çalışırlar uşaqlara. Yüksək dozada vitamin verilməsinin insanlara bir xeyri yoxdur. Verilən bütün yüksək doza vitaminlər, bədəndən ifraz olunur. Bunun üçün də düzgün qidalanmaya diqqət etmək lazımdır. Meyvə bol-bol yeməkləri lazımdır. Həftədə heç olmasa, 3 dəfə qırmızı ət, yumurta, göyərti bol-bol yemək lazımdır. Sup mütləq gündə bir dəfə yemək lazımdır. Uşaqların fiziki hərəkətliliyi də immun sisteminin güclənməsinə çox önəmli rol alır. Onun üçün də fiziki məşğələlərdən - idmandan, üzgüçülükdən uşaqları uzaq tutmaq lazım deyil. Uşaqların qidalanmasına, bir də fiziki aktivliyinə diqqət etmək lazımdır".
 
Həkim deyir ki, bəzən valideynlər uşaqları bağçaya, ya da məktəbə göndərərkən onlara viruslardan qorumaq üçün burun mazlarından və ya şamlardan istifadə edirlər. Onun sözlərinə görə, bu cür vasitələrin bu gün üçün heç bir tibbi önəmi yoxdur. Müsahibimiz deyir ki, mövsümi qriplə adi virus xəstəlikləri fərqli anlayışdır: "Adətən daha çox valideynlər "soyuqdəymə" deyilən bir terminlə bizə gəlirlər ki, bizim uşağımıza soyuq dəyib. Əslində bu bir tibbi termin deyil. Tibdə "soyuqdəymə" adında bir xəstəlik yoxdur. Bəs nədir bu? Soyuq mövsümlərdə havalar sərinlədiyi zaman daha çox virus infeksiyaları aktivləşməyə başlayır. Mövsüm dəyişikliklərində bu viruslar aktivləşdiyi üçün daha tez-tez xəstəliklərlə qarşılaşırıq. Mövsümi qriplər fərqli bir şeydir, adi virus xəstəlikləri başqa bir şey. Birinci bəsit virus infeksiyalardır. Amma mövsüm qriplərində, qrip olan bir insan rahat durub gəzə bilməz. Çox ağır keçirər, şiddətli baş ağrısı, halsızlıq, yorğunluq, iştahasızlıq, temperatur olar. Qriplə o soyuqdəymə deyilən xəstəliyi bu şəkildə biz ayırd edirik. Amma hər ehtimalda bunların ikisi də virus infeksiyalarıdır. Viruslarda özəl bir müalicə üsulumuz yoxdur, virusun birinci müalicəsi - istər qrip olsun istər digər virus xəstəlikləri - istirahət etmək, ikinci müalicəsi bol maye qəbul olunmasıdır. Əgər qızdırma yüksəkdirsə, temperaturu salmaq üçün dərman istifadə edilməlidir. 38 dərəcəyə kimi müdaxilə olunmasını istəmirik. Əgər ağırlaşma olarsa, o zaman antibiotikdən istifadə olunmalıdır".
 
Çalışın həkim məsləhətləri ilə uşaqlarınızı virus infeksiyalarından qoruyasınız. Mövsümdən asılı olmayaraq, hər kəsə sağlamlıq diləyirik.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR