“Bağırov tapançasını çıxarıb...” – Ukrayna prezidentindən orden alan azərbaycanlının QANDONDURAN HƏYATI

“Bağırov tapançasını çıxarıb...” – Ukrayna prezidentindən orden alan azərbaycanlının QANDONDURAN HƏYATI
15:33 14 Oktyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada 1941-1945-ci illə bağlı arxivi araşdıranlar bu ölkənin faşizmdən azad olunmasında xidmətlər göstərmiş azərbaycanlı əsgərlə bağlı bir sıra maraqlı faktlar əldə ediblər. Məlum olub ki, 1921-ci il təvəllüdlü Əlikişi Cümşüdov da minlərlə sovet əsgəri kimi bu ölkənin azadlığı uğrunda fədakarlıq göstərib. Bundan sonra Ukrayna prezidenti Pyotr Poroşenko azərbaycanlı döyüşçünün xüsusi ordenlə təltif edib.

Bu, bir faktdır ki, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında misilsiz xidmət göstərmiş yüz minlərlə azərbaycanlının fədakarlığı SSRİ dövründə layiqincə qiymətləndirilmədi. On minlərlə soydaşımız, o cümlədən Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və digərləri qələbə uğrunda fədakarlıq göstərsələr də, onların bu xidmətləri onilliklər sonra, özü də təsadüflər nəticəsində üzə çıxdı.

Publika.az belə döyüşçülərdən olmuş 95 yaşlı Əlikişi Cümşüdovla müsahibəni təqdim edir:

“Qardaşlarımın hamısı cəbhədən şikəst qayıtdı”

Ailədə dörd qardaş olduqlarını deyən müsahibim bildirdi ki, qardaşlarının hamısı Böyük Vətən Müharibəsi iştirakçısıdır: “Qardaşlarımdan biri Bessarabiyadakı döyüşlərdə qolunu itirib. Digər qardaşım isə qarnından ağır yaralanaraq çoxlu qan itirmişdi. Hər üçü müxtəlif medallarla təltif edilmişdilər. Təəssüf ki, hamısı cəbhədən şikəst qayıtdı. İndi onların heç biri həyatda yoxdur. Sevinirəm ki, qardaşlarım vətəndə dünyalarını dəyişdilər”.

O, ailənin kiçik övladı olduğundan cəbhəyə də hamıdan sonra gedib: “Müharibədə qolunu itirmiş qardaşımın hərbi əşya çantasını - “veş meşok”unu götürüb 1942-ci ilin yanvarında cəbhəyə yollandım. Əvvəlcə bizi Naxçıvana, xüsusi kursa göndərdilər. Altı aylıq kursdan sonra bizi Dərbəndə göndərdilər. Azərbaycan diviziyasının 700 əsgərini rus diviziyasının tabeliyinə keçirdilər.

İlk döyüşüm Mozdokda oldu. Çox ağır döyüşlər gedirdi. Bir neçə müdafiə əməliyyatında iştirak etdim. Döyüşlərdən birində çiynimdən yaralandım. Mahaçqaladakı qospitalda 3 ay müalicə olundum”.

O, müalicəsi başa çatdıqdan sonra müvəqqəti olaraq ehtiyat alaya göndərilir: “Vəziyyət olduqca pis idi. Almanlar hər gün hücum edirdilər. Bəzən gecələr uzanıb qarın üstündə yatırdıq. Ətrafda tonqal qalayırdıq ki, donub ölməyək. 1942-ci ilin şaxtalı günlərini Qroznıda keçirdik”.

“Ayağımızın altında torpaq yox, meyitlər uzanmışdı”

Əlikişi Cümşüdovun ən ağır döyüşləri Mozdokda, Novorossiyskdə olub: “Novorossiyskdə əməliyyatlara Leonid Brejnev rəhbəlik edirdi. Hər gün ağır döyüşlər gedirdi. Təsəvvür edin, ölənlərin sayı o qədər idi ki, bəzən meyitlərin üstündə addımlayırdıq. Hücum əməliyyatlardan biri xüsusi olaraq yadımda qalıb. Ayağımızın altında torpaq yox, meyitlər uzanmışdı. “İrəli” əmri verildi. Almanların mövqeləri hündürlükdə idi. Buna görə bizi çox asan hədəf seçirdilər. Onlar avtomatla, biz isə tüfənglə döyüşürdük.

Hücum zamanı xeyli əsgər itirdik. Neçə-neçə döyüş yoldaşım ağır yaralandı. Amma itkilərə baxmayaraq əməliyyatı uğurla başa çatdırdıq – yüksəkliyi ələ keçirib düşməni geri oturtduq”.

Əlikişi Cümşüdov düşmən səngərinə yaxınlaşaraq ora qumbara atır: “Partlayış zamanı bir neçə əsgər həlak oldu. Lakin özüm də yaralandım. Amma yarama baxmayaraq tüfəngimi də döyüş meydanından götürdüm. Əks təqdirdə məni ağır cəza gözləyirdi”.

“Mircəfər Bağırov olmasaydı...”

Onun sözlərinə görə, bəzən yüngül yaralananlar yaralarını özləri sarıyırdılar: “Kubanda olanda dedilər ki, Azərbaycanın Mərkəzi Komitəsinin katibi Mircəfər Bağırov “Çerekçay” adlı yerə, azərbaycanlı döyüşçülərlə görüşə gəlib. Xruşşovun qardaşı azərbaycanlı döyüşçülərin guya hərbi xidmətdən yayınmaları, fərarilik etmələri barədə mərkəzə yalan məlumatlar ötürürdü. Bağırov bu haqda eşidəndə qəzəbləndi. Dedi ki, bunlar rusca pis bilirlər, buna görə də komanda veriləndə səhv anlayırlar. İndi mən sənə komanda verirəm, irəli addımla. Komandamı başa düşə biləcəksən? O, bunu deyib tapançasıyla həmin şəxsə atəş açdı. Bağırov olmasaydı, Azərbaycan diviziyasının itkisi bundan da çox olardı”.

Hərbi xidməti ilə əlaqədar Ukrayna, Latviya, Litva, Estoniya, Belarusda olmuş müsahibim deyir ki, nümunəvi xidmətinə görə ona İrkutskda 10 günlük məzuniyyət və təzə hərbi forma veriblər: “Müharibədə 10-a yaxın faşist əsgərini məhv etdim. Nümunəvi xidmətimlə seçilirdim. Bir gün məzuniyyət verdilər. Amma yol uzaq olduğundan Laçına gələ bilmədim. Məzuniyyətimi elə orda keçirdim”.

Onun sözlərinə görə, 1942, 1943 və 1944-cü ilin birinci yarısı sovet əsgərləri ağır sınaq dövrü olub. Ağır əməliyyatlardan birində növbəti dəfə yaralanan azərbaycanlı döyüşçü müalicə üçün Moskvadakı hospitallardan birinə göndərilir: “Müalicəm başa çatandan sonra bildirdilər ki, sən daha ön cəbhədə hərbi xidmətə yararlı deyilsən. Bundan sonra SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindəki hərbi hissədə işləməyə başladım. Hərbi əsirlərə nəzarət edir, onları işləməyə aparırdıq. Əsirləri səhər Belarusun Traktor Zavodunda işləməyə gətirir, axşam isə geri qaytarırdıq.

Bununla yanaşı, əsirlərin vaqonlarla köçürülməsini də bizə tapşırmışdılar. Aralarında faşist generallarından, polkovniklərindən tutmuş əsgərə kimi hər rütbəli hərbçi vardı.

Müharibənin sonunda Keniqsberqdə xidmətimi davam etdirir, alman əsirlərinə nəzarət edirdim. Bəzən əsirlər qaçırdı. Amma onları tutub geri qaytarırdıq”.

1946-cı ildə Stalin iki dəfə və daha çox yaralanmış hərbçilərin ordudan tərxis edilməsi haqda sərəncam verir. Əlikişi Cümşüdov da həmin sərəncama əsasən ordudan tərxis olunub.

“Prezident İlham Əliyev mənə avtomobil və ev bağışlayıb”

Yazının girişində qeyd etdiyim kimi, Ukraynada arxivi araşdıraraq bu ölkə uğrunda döyüşmüş şəxslərin adlarını üzə çıxarıblar: “Döyüşlərdə aktiv iştirakıma görə hazırkı prezident Pyotr Poroşenko tərəfindən xüsusi medalla təltif etdi. Medalı bu yaxınlarda mənə verdilər. Bundan əlavə Daxili İşlər Nazirliyi tərəfindən də medallarla və təşəkkürnamələrlə təltif olunmuşam”.

Əlikişi Cümşüdov Azərbaycan Prezidentinin də qayğısı ilə əhatə olunub: “Prezident İlham Əliyev mənə avtomobili hədiyyə edib. Bununla yanaşı, Yasamalda 3 otaqlı mənzil də bağışlayıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın qəbulunda olmuşam. Dövlət başçısına və xanımına hər şeyə görə təşəkkür edirəm”.

Anar Tağıyev,

Fotolar Elçin Muradındır



Xəbərin orijinal ünvanı: http://publika.az/projects/anarteqdimedir/172174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR