"İstəməzdim sevgilim məni o cür ələ alsın" - FOTO

"İstəməzdim sevgilim məni o cür ələ alsın" - FOTO
15:47 14 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "Eurovision-2011"in qalibi Eldar Qasımovun lent.az-a müsahibəsini təqdim edir.

- Görüşümüz Xalça Muzeyində baş tutur. Burada hiss etdim ki, tarixə marağın böyükdür, bütün detallarla maraqlanırsan. Yəqin tarixi yerləri gəzməyi sevirsən. Ümumiyyətlə, asudə vaxtlarını necə keçirirsən? 

- Uşaqlıqdan tarixə böyük marağım var. Hətta məktəbdə və universitetdə ən sevdiyim fənlərdən biri tarix olub. Asudə vaxtımsa çox azdır. Boş vaxtlarımı evdə televizor qarşısında keçirirəm və ya kitab oxuyuram. Çox nadir hallarda şəhərə çıxaram. Bəzən muzey, teatr, konsertlərə gedirəm.
 
- İstər sənətçilər, istər adi gənclər sosial şəbəkələrdə daha çox vaxt keçirir. Demək olar ki, əksəriyyəti kitab oxumur, teatra getmir. Sənsə bu baxımdan digər həmyaşıdlarından fərqlənirsən.  
 
- Sosial şəbəkələrdə mən də varam. Amma buna daha çox iş kimi yanaşıram. İctimai insanam, ictimai həyatın bir hissəsi də sosial şəbəkələrdir. Həm də müasir dövrün tələbidir. Ona görə də sosial şəbəkələrdən istifadə etməliyəm. Fikirlərimi,  yaradıcılığımda baş verənləri sosial şəbəkədə insanlarla bölüşürəm.
 
- Özünə nə qədər vaxt ayırırsan?
 
- Axır vaxtlar idmanla çox məşğul oluram. Həftədə 3-4 dəfə idmana gedirəm, düzgün qidalanıram. Sağlam həyat tərzi keçirirəm. Bir ildən çoxdur ki, buna başlamışam. Əgər heç bir köməyi olmasaydı, özümü rahat hiss etməsəydim, davam etməzdim. Amma indi başa düşürəm ki, həqiqətən özümü daha yüngül, sərbəst, gümrah hiss edirəm. Artıq belə bir həyat tərzi seçmişəm. Bu yazını oxuyanlara, pərəstişkarlarıma da məsləhət görürəm ki, sağlam həyat tərzinə keçsinlər.
 
- Deməli, ona görə çox arıqlamısan.
 
- Hələ bir az da arıqlamalıyam. Əslində bu, arıqlamaq deyil, düzgün həyat tərzidir. Düzdür, hərdən mən də yağlı pomidor-yumurta yeməyi sevirəm, çörəyi tavanın dibindəki yağa batırıb yemək istəyirəm. Həftədə bir dəfə belə edirəm. Amma əslində olmaz. Çünki piylənmə yaranır.
 
- Bir neçə dəfə sosial şəbəkələrdə özünün yemək bişirdiyini görmüşəm. Deyəsən, yaxşı əl qabiliyyətin var. 
 
- Mətbəxlə aram çox yaxşıdır. Mətbəxdə olmağı, yemək bişirməyi xoşlayıram. Tək yaşayıram. Heç vaxt özümə xüsusi yemək bişirməmişdim. Yüngülvari yemək bişirib az yeyirdim. İndi isə mədəmə əl gəzdirirəm, daha çox bişirirəm (gülür). Hər gün olmasa da, günaşırı özümə yemək bişirirəm. Bir çox yeməyi hazırlamağı bacarıram. Camaat elə başa düşər ki, sosiska qaynadıram (gülür). Yox. Plov dəmləyirəm, qarabaşaq bişirərəm, amma elə-belə sadə yox, xüsusi ədvalarla, "podlivka"ları ilə. Toyuqdan müxtəlif yeməklər bişirərəm. Məsələn, toyuğun döş ətini tikələyirəm, içərisinə rəngli bibərlər doğrayıram, ədvalar qatıram və sobada bişirərəm.
 
- İçki ilə aran necədir?

- Şərab içməyi də xoşlayıram, ayran içməyi də. Amma bir-birinə qatmıram (gülür). Ən çox qəhvəni sevirəm. Səhər tezdən özüm xüsusi qəhvə dəmləyib içirəm. Hətta xaricdən qəhvə tumları gətirirəm, evdə üyüdürəm, dəmləyib içirəm.
 
- Deyirlər ki, kişinin ürəyinə gedən yol mədəsindən keçir. Sən də deyəsən həmin kişilərdənsən.
 
- Xeyr. Yalnız özümə olan sevgim mədəmdən keçir. Amma istəməzdim ki, sevdiyim xanım məni belə tanısın, yəni yemək bişirməklə məni ələ alsın. O, yemək bişirməsə də olar. Bişirsin, həftədə 1-2 dəfə. Əgər sevdiyim xanım yeməyi yağlı bişirsə, onun xətrinə dəyə bilərəm. Bəlkə də yeyəcəm, ancaq artıq formamı saxlaya bilməyəcəm.
 
- Belə başa düşdüm ki, ailə həyatı qurandan sonra mətbəxdə hakimiyyəti öz əlinə alacaqsan.
 
- Ola bilər. Bəlkə də.
 
- Əlindən heç bir iş gəlməyən xanım qarşına çıxsa, neylərsən?
 
- Yox, razılaşmaram. Ən azı bizim maraqlarımız bir olmalıdır. Bəlkə də belə xanım kiminsə xoşuna gələ bilər. Amma mənim yox. Əsas odur ki, öyrənmək istəyi olsun, mən ona öyrədərəm. Lap yemək bişirməyi də öyrədərəm. Ola bilər ki, mən ondan nəsə öyrənim. Əsas odur ki, insanın öyrənmək istəyi, həvəsi olsun.
 
- Qadında daha çox dəyərləndirdiyin nədir?
 
- Vəfa, sədaqət, anlayışlı olmağı. Qadın hər şeyi anlamalıdır. Və əlbəttə ki, dinləməyi bacarsın. Bu o demək deyil mənim sözümə qulaq assın, nə dedim onu etsin. Xeyr.  Ümumiyyətlə dinləməyi bacarsın, bir-birimizi dinləyə bilək. Hərdən görürəm ki, mən dinləməyi bacarmıram. Amma çalışıram, bunu bacarım. İstərdim qarşıma çıxan xanım mənə dinləməyi bacarmağı öyrətsin. Onda hər şey çox yaxşı olacaq.
 
- Fanatların arasında qızlar üstünlük təşkil edir, təbii ki. Ailə həyatı qurduqdan sonra onları itirə bilərsən. Bu, bir çox sənətçinin həyatında yaşanıb.
 
- Onları itirməkdən qorxmuram. Əlbəttə, itirmək istəməzdim. Bilirəm də ki, itirməyəcəm. Mən fanatlarıma "dostlarım" deyirəm. Onlar mənim daha çox sənətimə, sosial, ictimai həyatıma maraq göstərirlər, nəinki şəxsi həyatıma. İstəməzdim bağlı qapı arxasında qalan şeylər insanların qarşısına çıxsın. Mən yalnız sənətimlə insanların diqqət mərkəzində olmaq istəyirəm. Buna da çalışıram. Amma əlbəttə ki, şəxsi həyat hər zaman maraqlıdır. Hərdən bu barədə də yazılır, deyilir. Bu da qaçılmazdır. Sən tanınmış insansansa, mütləq şəxsi həyatın haqqında danışılacaq. Mən də hər zaman buna hazıram. Amma ən vəfalı fanatlarım hər bir halda mənimlə qalacaqlar.
 
- Demirlər ki, Eldar, evlənən vaxtındır, sən nə vaxt evlənirsən? Bizdə belə bir psixologiya var axı, qızın ərə gedən, oğlanın evlənən vaxtı var.
 
- Bu fikirlə qətiyyən razı deyiləm. 10-11-ci sinifdə oxuyanda oğlanlar qaçıb siqaret çəkirdilər, qızlar isə sinifdə oturub dərdləşirdilər, deyirdilər, 18 yaşları olan kimi mütləq ərə gedəcək. Ya da deyirdilər, universitetə girən kimi ərə gedəcəm. Mən o vaxtı da, indi də bunu başa düşmürəm. Necə ola bilə bilər axı 18 yaşında yarını tapasan? Ya da özünü proqramlaşdırırsan ki, fərq etməz kimdir, nədir, təki ərə gedim, pullu olsun, yaraşıqlı olsun. Sonra da başına bir "qapaz" vurub deyəssən ki, özümü bədbəxt hiss edirəm. Olacaqsan bədbəxt qadın. Bu, kimə, nəyə lazımdır? Ya da nə bilirsən ki, indi buradan çıxıb öz sevgini tapmayacaqsan? Qəlbinə, ürəyinə yatan insanı gözləmədiyin bir vaxtda tapa bilərsən, o, hər an sənin qarşına çıxa bilər. Ona görə də mən bu sözün tamamilə əleyhinəyəm. Adam əsl sevgisini 18 yaşında da tapa bilər, 48 yaşında da. Dostlarımın arasında da elələri var, deyirlər, artıq 30-35 yaşım var, hələ də evlənməmişəm, camaat nə deyəcək? Camaatın nə deyib-demədiyini önəmsəmək adamın evini yıxır. Özün kimi ol, yaşa, həyatdan zövq al. Tək olmaq istəyirsən ol, istəmirsən get evlən, amma özünə uyğun adam tap. Əsas məsələ budur.
 
- Axtardığın insan 48 yaşında qarşına çıxsa, onda evlənəcəksən?
 
- Əlbəttə. Lap 68 yaşımda da evlənə bilərəm. Əsas sevgidir. Hərdən görürsən ki, asfaltın da altından gül bitir. Demək, sevgi hər yaşda qarşına çıxa bilər.
 
- Amma övlad sahib olmaq məsələsi də var axı.
 
- Əsas xoşbəxt olmaqdır. Həyatda hər şey çox nisbidir. Kiminsə əsas istəyi, xoşbəxtliyi, arzusu uşaq dünyaya gətirməkdir, kiminsə xoşbəxtliyi tam başqa şeydədir. Ona görə də əsas insanın özünü harada, necə və nə vaxt xoşbəxt hiss etməsidir.
 
Son vaxtlar həyat, insanlar haqqında daha çox düşünürəm. Artıq insanları seçməyə başlamışam. Son vaxtlar çox seçici olmuşam. Əksər insanlardan nəinki imtina etmişəm, sadəcə qıraqdan baxmağa başlamışam. Situasiyalara kənardan nəzarət edirəm. Başa düşdüm, kim yanımda olmalıdır, kim yox.
 
- Məsələn, populyarlığın yüksək zirvəsində olanda insanın başı gicəllənir, hamı onun ətrafında olur, elə bilirsən hamı sənin dostundur və hər zaman belə olacaq.
 
- Elədi. Hamı sənin yanında olur. Bəziləri səndən nəsə qoparmaq istəyir. Bəzilərinin idealı olursan. Həmin vaxt sən məsələni anlamırsan, bilmirsən nə baş verir. İnsanın ürəyi həmin vaxt açıq olur. Hər kəsi qəbul edirsən. Amma bir az keçir, ətrafında yalınız hər zaman qalanlar qalır. Məndə də belə oldu. Kimsə mənimlə dostluq etmək istəyəndə bu dostluğa çox açıq idim. Amma sonra anladım ki, kim məndən istifadə edirdi, kim maraqlarını güdürdü. Ona görə də kənara çəkilməlisən. Necə ki, mən etdim. Baxdım gördüm kim yanımda qaldı, kim getdi. Qalan vəfalıdır demək, mənimlə nəyə görə yox, sadəcə mən olduğuma görə qalır. Gedənlər isə getsin.
 
- Gedənlər çox olub, yoxsa qalanlar?
 
- Gedənlər. Qalanlar elə az olmalıdır əslində. Nə qədər az olsa o qədər yaxşıdır. Çünki ola bilməz ki, hamı sənə deyər versin. Yüz min insan sənə deyər verə bilməz. Kiçik kütlə, az insan səni daxilən tanıya və olduğun kimi qəbul edə bilər.
 
- Bayaq qeyd etdin ki, tək yaşayırsan. Tək yaşayan gənclərin çoxu evində tez-tez qonaqlıq təşkil edir, dostlarını yığır, maraqlı vaxt keçirirlər, əyələnirlər, danışıb-gülürlər. Sənin də belə bir adətin var?
 
- Var idi, amma bitdi. Anladım ki, evim yalnız özümə məxsusdur, şəxsi güşəmdir. Əlbəttə ki, sevdiyim insanlar, dostlarım var, amma onlarla şəhərdə görüşürük, danışıb-gülürük, dərdləşirik. Evimin içi isə yalnız mənə aiddir və nə vaxtsa sevdiyim insana da aid olacaq. Ola bilər ki, onun evi mənə aid olacaq. Hətta televiziya kanalları da gəlib çəkiliş etmək istəyir. Amma imtina edirəm. Çünki evimin qapısı yalnız mənə və ailə üzvlərimin üzünə açılır. Vaxt var idi dost adlandırdığım hər kəsi evimə dəvət edirdim. Lakin indi başa düşürəm ki, düz etməmişəm. Yaxşı ki, 27 yaşında başa düşdüm, 47 yaşında yox (gülür).
 
- Səncə, baxımlı kişi necə olmalıdır?
 
- İlk növbədə gigiyenik qaydalara əməl etmək lazımdır. Əslində bu, elə xanımlara da aiddir. Hər şey öz yerində olmalıdır. İnsan özünü rahat hiss etməlidir. İnsan özünü rahat hiss edirsə və ətrafındakı insanlara heç bir narahatlıq gətirmirsə, demək, hər şey qaydasındadır. Məsələn, mən ətirləri, insandan ətir iyi gəlməsini sevmirəm. Çox nadir hallarda milyonda bir ətir xoşuma gələr. Ona görə də mən kiminsə üstündən ətir iyi gəlməsini xoşlamıram. Əsas insanın öz qoxusudur, dərisinin qoxusu. Bu da bizim yediklərimizdən asılıdır. Dərimizin qoxusu yediklərimizə əsasən formalaşırr. Amma bəzi kişilər deyir ki, kişi nədir, ətir nədir? Mən bunun da tərəfdarı deyiləm. Hərdən özüm də ətir vururam. Lazım olanda, hər hansı tədbirə gedəndə ətirdən istifadə edirəm. Bilirəm ki, hansı tədbirə hansı ətri, yayda, qışda hansı ətri vurmaq lazımdır. Amma ətirdən istifadə etmirəmsə, bu o demək deyil gigiyena qaydalarına əməl etmirəm. Bilirəm ki, ətir vurmasam də, məndən hər zaman xoş qoxu gəlir. Hər zaman təravətli görünmək lazımdır. Bu, əsas şərtdir. Əgər hər hansı ətrin iyi sənə yapışırsa, sənə uyğundursa, vura bilərsən. Məsələn, sonuncu dəfə Dubaydan ətir almışdım, meşə, küknar, ağac qabığı iyi verir. Çox bəyənirəm onu.
 
- Onda ətir seçimin də asan olmur.
 
- Brendlərə üstünlük vermirəm. Əsas odur, sənə yaraşsın, uyğun olsun. Geyimdə də brend mənim üçün əhəmiyyətsizdir. Əsas qiymət, marka deyil, geyimin sənin obrazını, dünyagörüşünü tamamlamasıdır. Önəmli olan daxili dünyanın sənin üstündə əks  olunmasıdır. Geyimləri də fərqli mağazalardan alıram. Axır vaxtlar Bakıdan az geyim alıram, o da təcili nəsə lazım olanda. Çünki istədiyimi tapa bilmirəm. Daha çox xaricdən alış-veriş edirəm. Bəzən internetdə hər hansı geyimi görürəm, şəklini menecerlərimə göndərirəm, tapıb alırlar.
 
- Əsasən də tünd və qara rənglərə üstünlük verirsən.
 
- Axır vaxtlar tünd rənglər xoşuma gəlir. Əvvəllər daha çox açıq - boz, açıq qəhvəyi, ağ, krem rənglərə üstünlük verirdim. İndi  isə daha çox tünd rənglərə meylim var. Bilmirəm niyə.
 
- Sadə geyinsən də, aksessuarlar geyimini tamamlayır.
 
- Əsasən qolbaqlar taxıram. Hərdən boyunbağıdan da istifadə edirəm. Amma sadəliyə üstünlük verirəm. Gözqamaşdıran aksessuarları sevmirəm, çox sadə və adi olsun, gözə dəyməyəcək dərəcədə. Əgər öz yerindədirsə, onsuz da gözə dəyəcək. Sadəcə görürsən bəzi kişilər, hətta qadınlar cəlbedici boyunbağı, qolbaq taxırlar. Xoşuma gəlmir. Bəlkə də mənim zövqümdən asılıdır. Çünki mən minimalistəm, sadəliyə üstünlük verirəm. 
 
- Belə başa düşürəm ki, sənə hədiyyə vermək də asan məsələ deyil.
 
- Baxır hədiyyəyə. "Bəy verən atın dişinə baxmazlar". Hər bir hədiyyə mən xoşdur. Biri var insan bilir nə hədiyyə edir, biri də var bilmir. Ona görə də buna görə onu qınaya bilmərəm. Məsələn, biri mənə istəyərək ətir hədiyyə veribsə, mən ona necə deyim ki, ətir istəmirəm, başqa hədiyyə al?! Sadəcə ətrin özünə baxıram. Xoşuma gəlirsə, özüm istifadə edirəm, gəlmirsə, kiməsə hədiyyə verirəm. Dəyərli hədiyyələrim çoxdur. Mənəvi baxımdan dəyərli hədiyyələrim də var.  
 
- Yəqin, sənətinlə əlaqədar gözəllik salonlarına tez-tez gedirsən.
 
- Situasiyadan asılı olaraq fərqli ustalara gedirəm. Öz ustam Bakıda olmayanda başqasına müraciət edirəm. Amma özüm də edirəm. Məsələn, bugünkü saç düzümümü özüm etmişəm.
 
- Ən çox pulu nəyə xərcləyirsən?
 
- Yəqin ki, geyimə. Ucuz olanda çox geyim alıram, məbləği böyük olur.
 
- Xarici ölkələrə tez-tez gedirsən. Mütləq nə almadan gəlmirsən?
 
- Zınqırov. Zınqırov kolleksiyası yığıram. Bütün ölkələrdən var. Hətta ölkələrin fərqli şəhərlərindən də özünəməxsus zınqırovlar alıram. Hələ ki, zınqırovlardan kolleksiyaya başlamışam. Ölkələri gəzməyə başlayandan - 2011-ci ildən bu kolleksiyaya həvəsim yaranıb.
 
- Yaradıcılığında nə yenilik var?
 
- Yeniliklərim çoxdur. İngilis və Azərbaycan dillərində mahnılar yazılır, klip çəkiləcək. Fərqli ideyalarım var. Kiçik klub konsertlərim olacaq. Mənim əsl auditoriyam klublardadır. Ona görə də hələ ki, klublarda çıxış edəcəm. Albom haqqında hələ düşünmürəm. Bunun üçün konsepsiya olmalıdır. 

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/479375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR